Bakının Xəzər rayonunda 2001-ci il təvəllüdlü Əli arvadı ilə eyni mağazada işləyən Xəlilə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivindı yerləşən marketin qarşısında baş verib.
Əli orada Xəlillə mübahisə edib. Mübahisə zamanı Xəlilin baş və üz nahiyələrinə yumruq zərbələri vurub, ona xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Əlinin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əli ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Kəmalə ilə 2019-cu ildə ailə həyatı qursa da, rəsmi nikaha daxil olmayıb: “Birgə evlilikdən bir övladımız var. Kəmalə hadisədən iki ay əvvəl marketdə kassir işləməyə başladı. Hadisə günü, saat təxminən 21.30-da Kəmalə mənə zəng etdi. O, birlikdə işlədiyi Xəlil adlı şəxslə aralarında mübahisə baş verdiyini Xəlilin onu təhqir etdiyini dedi. Mən də bundan əsəbləşərək Xəlilə zəng vurub ona iradımı bildirdim. Xəlil “yaxşı etdiyini” deyərək mənə kobud cavab verdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra əsəbləşərək marketə gedib: “Marketdən Xəlili küçəyə çağırdım. Marketin qarşısında mübahisə etdik. Mübahisə zamanı öncə əlimlə Xəlilin boğaz nahiyəsindən tutaraq sıxdım. Sonra yumruqla ona zərbə vurdum. Zərbə tam dəyməsə də Xəlil yerə yıxıldı. Yerdə olan zaman isə yumruqla Xəlilin üz və baş nahiyəsindən vurdum. Bizi orada olan tanımadığım şəxslər ayırdılar”.
Xəzər rayon Məhkəməsinin hökmü ilə Əli aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.