31 Yanvar 17:44
4 993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kriminal aləmdə “Lotu Quli” ləqəbilə tanınmış avtoritet Nadir Səlifovun yaxın adamını qətlə yetirməkdə təqsirləndirilən Camal Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Camal Həsənov 18 il müddətinə azadlıqdan mərhum edilib.

İttiham aktına əsasən, “Yeraz Camal” öyrənib ki, Rusiyada yaşayan Azərbaycan vətəndaşı Həsənov Cabir Heyqubad oğlu bir neçə dəfə iştirak etdiyi müxtəlif məclislərdə kriminal aləmdə “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Canıyev Rövşən Rafiq oğlunu 2016-cı il avqustun 18-də Türkiyə Respublikası ərazisində özü qətlə yetirdiyini deyib.

“Rövşən Lənkəranski”yə pərəstiş edən “Yeraz Camal” Cabir Həsənovdan bu əməllərinə görə qisas almaq məqsədilə Sankt-Peterburq şəhərinə gedib.

Camal Həsənov səfər öncəsi maliyyə dəstəyi əldə edərək odlu silah və sonra hadisə yerindən uzaqlaşmaq məqsədilə avtomobil almağı planlaşdırıb.

O, Bakıdan Sankt-Peterburqun “Pulkovo” hava limanına uçan zaman hazırda istintaqa adı məlum olmayan sifarişçinin (sifarişçilərin) tapşırığı və təlimatları əsasında həmin şəhərdə yaşayan əslən Masallı rayonundan olan Rusiya vətəndaşı Nüsrətov Nazim Davud oğlu ilə əlaqə saxlayıb, onunla görüşüb.

Camal əvvəlcə qətldə ona kömək edəcək Nazim Nüsrətova tanışları vasitəsilə ümumilikdə 339.500 rubl (10.151,05 manat) məbləğində pul göndərib. Nazim Nüsrətov da öz növbəsində göndərilən pullarla Camal Həsənova başqa-başqa adamların adına olan mobil nömrələr, avtomobil və odlu silah təşkil edib.

Camal Həsənov Nazim Nüsrətovla birlikdə onun avtomobilində Cabir Həsənovun yaşadığı (Sankt-Peterburq şəhəri, Lenin prospekti, 2 №-li korpus, 148 №-li ev) əraziyə gedib, qətlin törədilməsi üçün kəşfiyyat xarakterli müşahidələr aparıb.

Daha sonra o, Cabir Həsənovun öldürülməsi üçün əlverişli yeri - yaşadığı binanın qarşısını müəyyən edib. Camal “şikarını” izləmək üçün Nazim Nüsrətovun köməkliyi ilə 95.000 rubl (2.840,50 manat) ödəyərək Quskova Nina Borisovnanın mülkiyyətində olan “VAZ 21103” markalı tünd-bənövşəyi rəngli avtomobili alıb. Maşının içərisinin görünməməsi üçün şüşələr xüsusilə örtüklə tündləşdirilir. Avtomobilin alqı-satqısı belə rəsmiləşdirilməyib.

Təqsirləndirilən şəxs sözügedən ərazidə kəşfiyyat apardıqdan sonra Bakıya qayıdıb. O, burada yer və zaman barədə sifarişçi (sifarişçilər) ilə müzakirələr aparıb, aldığı təlimatlardan sonra plana uyğun hərəkətə keçib.

O, 25 aprel 2017-ci il tarixdə, saat 05:55-də Bakı-İstanbul aviareysi ilə İstanbul şəhərinə, oradan isə həmin gün saat 14:15-də "401-TK" aviareysi ilə Sankt-Peterburq şəhərinə gəlib. “Pulkovo” hava limanında onu Nazim Nüsrətov qarşılayıb. Camal cinayətin digər iştirakçıları ilə danışıqlar aparmaq məqsədilə cinayətlə heç bir əlaqələri olmayan özbək əsilli Furkatov Novruz Xolikoviçin və Şəripov Suxrob Davronoviçin adına özünə və Nazim Nüsrətova mobil nömrə alıb.

Camal aprelin 28-də Cabir Həsənovun yaşadığı evin yaxınlığına gələrək avtomobildə onun gəlməsini gözləyib. O, cinayəti törətdikdən sonra necə hərəkət edəcəyini də düşünüb. Nazim Nüsrətovun uzaq qohumu Ramin Səfərova zəng edərək onu 15 min rubl pul müqabilində Belarusa aparmasını planlayıb.

İttiham aktında qeyd olunub ki, axşam saat 22:21-da Camal binanın girişinə yaxınlaşıb. Cabir Həsənov onun tək olduğundan arxayınlaşandan sonra avtomobildən enib. 6 dəfə atəş açılır və Cabir Həsənov qətlə yetirib.

Daha sonra Camal idarə etdiyi avtomobillə hadisə yerindən uzaqlaşıb. Sonra o, plan üzrə hərəkət edib, Ramin Səfərovun avtomobili ilə Belarus ərazisinə keçib.

Elə həmin gün Minsk-Bakı aviareysi ilə Bakıya qayıdıb. Hadisədən bir müddət sonra Nazim Nüsrətov tutulub. 2017-ci ilin noyabrında Camal Həsənov barəsində cinayət işi başlanıb və o, axtarışa verilib.

Rusiya tərəfi 2021-ci ildə cinayət işi təqibinin davam etdirilməsi ilə üçün materiallar Azərbaycana göndərilib. Bundan sonra Camal Həsənov tutularaq istintaqa təhvil verilib.

İttihama görə, Camal Həsənov 2017-ci ildə Rusiyada Camal Həsənovu qətlə yetirib. O, ötən il Bakıda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

“Yeraz Camal” ləqəbi ilə tanınan Camal Həsənov mərhum Rövşən Caniyevin (Lənkəranski) yaxın adamı olub.

Xatırladaq ki, “qanuni oğru” Rövşən Caniyev 2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilib.
Nadir Səlifov isə 2020-ci ilin avqustun 19-dan 20-ə keçən gecə Antalyada yerləşən otellərdən birində başından 4 güllə vurularaq öldürülüb.

Lakin “Yeraz Camal” ona qarşı irəli sürülən ittihamları rədd edərək, özünü təqsirli bilməyib: "Bu iş ciddi araşdırılsın, hamısı uydurmadır".

Məhkəmədə məlum olub ki, Camal Həsənovun vəkili Nizami Caniyev Rövşən Canıyevin əmisi nəvəsidir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər