13 Fevral 14:07
2 308
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda 1989-cu il təvəllüdlü Rəşad Rüstəmov 1994-cü il təvəllüdlü həyat yoldaşı Fərqanəni öldürməyə cəhd edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Rəşad rəsmi nikahda olduğu arvadı Fərqanənin ona cadu etdirdiyini düşünüb, bu səbəbdən onu öldürmək qərarına gəlib.

26 dekabr 2022-ci ildə saat 11 radələrində Sabirabad rayonu Qalaqayın kəndindəki evinə gəlib. Qardaşı arvadının onlarda olduğunu görüb. Mane olmaması üçün onu namaz kitabını gətirməsi adı ilə öz evlərinə yola salıb. Bundan sonra arvadına guya çiməcəyini bildirərək təmizlik işləri aparması üçün onu hamam otağına göndərib, özü də arxasınca hamama daxil olub.

Hamamda qadını tutaraq evdən götürdüyü bıçağı boğazına dirəyib, ona cadu etdirən şəxsin adını deməsini tələb edib.

Cavab vermədiyini gördükdə Fəqanənin boğaz nahiyəsinə bıçaq zərbəsi endirərək onu yerə yıxıb. Fəqanə yalvararaq ondan əl çəkməsini xahiş etsə də, əəhəmiyyət verməyib. Qadının bədəninin müxtəlif nahiyələrinə 19 bıçaq zərbəsi vurub.

Arvadını niyə öldürmə bilmədi?

Özündə güc toplayan Fərqanə hamamdan qaçaraq həyətə çıxıb və qışqırmaqla kömək çağırıb. Rəşad onun qarşısını kəsərək getməsinə mane olub. Sürünə-sürünə evin qarşısınadək gələn Fərqanə aldığı çoxsaylı zərbələrin təsirində yerə uzanaraq can verərkən, Rəşad onun başı üzərində dayanaraq ölümünü gözləyib.

Baş verənləri görən qardaşı arvadının çağırışı ilə hadisə yerinə gəlmiş təcili tibbi yardım briqadası Fərqanəni vaxtında Sabirabad Rayon Mərkəzi xəstəxanasına çatdırib. Ona ixtisaslı tibbi yardım göstərilməsi sayəsində həyatı xilas edilib.

İstintaq orqanı tərəfindən Rəşad Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

“Hərəkətlərimə cavabdeh ola bilmirəm”

Rəşadın barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Cavid Səfərlinin icraatına verilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Rəşad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisəni xatırlamır: “Arvadımla əvvəllər aramızda hər hansı narazılıq olmayıb, dalaşmamışıq. İstintaq zamanı məlum olub ki, arvadımın mənə cadu etdiyini düşünmüşəm. Buna görə onu bıçaqlamışam. Arvadıma neçə bıçaq zərbəsi vurmağımı da xatırlamıram. Əsəbləşərkən hərəkətlərimə cavabdeh ola bilmirəm. Əməlimdən peşmanam”.

“Mənə cadu edib”

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi açıqlanıb.

İfadədən məlum olur ki, zərərçəkmiş Fərqanə ilə 2016-cı ildə ailə həyatı qurub: “Bu nikahdan 3 azyaşlı övladlarımız var. Fərqanə ilə münasibətlərimiz hər zaman yaxşı olub. Aramızda heç bir düşmənçilik və ya ədavət olmayıb. Təxminən 1 aydır münasibətlərimiz pisləşib. Buna Fərqanənin mənə cadu etməsi səbəb olub.

Cadunu evimdə aşkar etdim. O gündən bu yana Fərqanədən cadunun səbəbini soruşsam da, buna cavab verməyib”.

“Cadunu guya bacısının etdiyini bildirdi”

Rəşad qeyd edib ki, 26 dekabr 2022-ci ildə saat təxminən 11 radələrində işlədiyi sexdən evə gəlib:

“Qardaşım arvadı Fərqiyyə də bizdə idi. Fərqanəyə hamamı hazırlamağı və çimdikdən sonra yenidən namaza başlayacağımı bildirdim. Əvvəllər namaz qılsam da, hadisədən təxminən 2 ay əvvəl namazı buraxmışam, ara-sıra içki içmişəm. Fərqiyyədən isə namaz kitabını gətirməsini xahiş etdim. Buna görə Fərqiyyə evlərinə getdi.

Fərqanə də hamama girdi. Bir müddət əvvəl ova gedərkən istifadə etdiyim, Saatlının Bəylik kəndi tərəfdə apdığım bıçağı götürdüm. Fərqanənin arxasınca hamama getdim. Hamamda bıçağı cibimdən çıxararaq Fərqanəyə göstərdim. Bu günə qədər onu öldürə biləcəyimi, lakin öldürmək istəmədiyimi dedim. Ondan nə üçün mənə cadu elədiyini soruşdum. Lakin o, cavab verməyərək susdu.

Əsəbiləşərək Fərqanəni bıçaqlamağa başladım. Birinci dəfə boğazından bıçaqla vurdum. Daha sonra dayanmadan bıçaqlamağa davam etdim. Neçə bıçaq zərbəsi vurduğumu xatırlamamıram. Bıçaq vura-vura yenə də cadunu nə məqsədlə etməsini soruşdum. Fərqanə cadunu guya bacısı Aytənin etdiyini bildirdi”.

“Balta ilə telefonları sındırdı”

İş üzrə zərərçəkmiş Fərqanənin sözlərinə görə, dekabrın 26-da saat 8 radələrində Rəşad evdən çıxaraq işlədiyi sexə gedib:

“Saat təxminən 11 radələrində evə gəldi. Onunla həyətimizdə rastlaşdıq. Mənimlə heç nə danışmadan evin qarşısında olan baltanı yerdən götürərək mənə və özünə məxsus 2 mobil telefonu balta ilə sındırdı. Bundan sonra evə keçdi. Qaynım arvadı Fərqiyyə də bizdə idi. Fərqiyyəyə Rəşadın halının yaxşı olmadığını bildirdim.

Rəşad mənə hamamı təmizləməyimi tapşırdı, çimib namaza başlayacağını bildirdi. Mən də hamamı təmizləməyə getdim.

Bu zaman Rəşad məni səsləyərək namaz öyrənmək üçün olan kitabı istədi. Bizdə elə bir kitabın olmadığını bildirsəm də, mənimlə mübahisə edərək kitabı tapmağı tapşırdı. Fərqiyyə isə həmin kitabın evlərində, oğlu Aqildə ola biləcəyini bildirdi, öz evlərinə getdi”.

“Dəfələrlə vurdu”

Zərərçəkmiş qeyd edib ki, daha sonra hamam otağına daxil olub və bir neçə dəqiqə sonra Rəşad da oraya gəlib: “Məni divara tərəf itələdi, əlində olan bıçağı boğazıma tutdu. Məni öldürə biləcəyini, lakin öldürmək istəmədiyini dedi, ona kimin cadu elədiyini bildirməyimi tələb etdi. Rəşada heç nə etmədiyimi dedim. O, boğaz və sinə nahiyəmdən dəfələrlə bıçaqla vurdu.

Bədənimdən axan qanı gördükdə özümü yaxşı hiss etmədim, yerə yıxıldım. Daha sonra qızım Əntiqə hamamın qapısına tərəf gəldi.

Rəşad qızın mənim vəziyyətimi görməməsi üçün onu otaqdan uzaqlaşdırmaqdan ötrü getmək istədi. Əntiqəyə nəsə etməsindən qorxduğum üçün Rəşadın ayağından tutdum, getməsinə imkan vermədim. O, yenidən üzərimə gələrək bir neçə dəfə də bədən nahiyələrimə bıçaqla zərbələr endirdi. Özümü müdafiə etmək üçün qolumu və ayağımı qabağa tutdum. Zərbələr bu dəfə qoluma, ayağıma dəydi.

Daha sonra isə Rəşad dayandı, hamam otağından çıxıb harasa getdi. Məni xəstəxanaya apararaq müalicə etdilər”.

Məhkəmənin hökmü ilə Rəşadın bu əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunub. Təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən azad edilib.

Cinayət Məcəlləsinin 93.1.1 və 95.0.3-cü maddələrinə əsasən Rəşadın barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunub. Ona ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilib.

Qərarın icrası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər