12:46
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Ağadadaş Ağayevlə insident yaşayan “MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilovun məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrlik etdiyi prosesdə Zaur Rüstəmov ifadə verib.

O, hadisənin şahidi olmadığını bildirib: “Hospital ətrafında taksi sürücüsü kimi fəaliyyət göstərirəm. Hadisə zamanı orada olmamışam. Bu barədə eşitmişəm və sosial şəbəkədə yayılan videogörüntüləri izləmişəm. Həmin zaman mən ünvana müştəri aparırdım”.

Daha sonra iş üzrə digər şahid Firdovsi Səfərov ifadə verib. O, bildirib ki, ətrafdan söyüş səsləri eşidib.

“Baxdım gördüm ki, Nurəddin söyüş söyür. Söyüşlər qarşılıqlı şəkildə idi. Nurəddindən soruşdum ki, kimi söyürsən, əli ilə göstərdi. Göstərdiyi səmtə baxanda Ağadadaş Ağayevi gördüm. Ağadadaşın həm yaşca böyük, həm də ağsaqqal olduğunu deyib Nurəddinə irad bildirdim. Daha sonra gördüm, dalaşırlar. Onları ayırmağa çalışdım. Ağadadaş Ağayevin əlində balta tutmasını və onu atmasını videogörüntüdən görmüşəm”, - deyə şahid əlavə edib.

İfadəsi vacib olan şahidlər iştirak etmədiyi üçün məhkəmə təxirə salınıb.

Məhkəmənin növbəti iclası yanvarın 23-nə təyin olunub.

***

12:25

Xalq artisti Ağadadaş Ağayevlə insident yaşayan “MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilovun məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə Ağadadaş Ağayevin məhkəməyə təqdim etdiyi ərizə elan olunub.

Ərizədə tərəflər arasında barışıq əldə olunduğu qeyd edilib:

“Biz 44 saylı notariusda barışıq ərizəsi imzalamışıq. Mənə dəyən ziyan ödənilib. Qarşı tərəfdən şikayətim və tələbim yoxdur. Məhkəmə işinə xitam verilməsini xahiş edirəm”.

Qeyd edək ki, bundan əvvəl eyni ittihamla Ağadadaş Ağayevin cinayət işi ayrı icraatda Binəqədi Rayon Məhkəməsinə göndərilib. Ağadadaş Ağayevin cinayət işinə hakim Vüsal Tağıyevin sədriyi ilə baxılır.

İttihama görə, ötən il iyulun 22-də Bakı şəhər sakini olan Nurəddin Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 7 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə hədələdiyini bildirib.

Nurəddin Cəlilov daha sonra izahatında Ağadadaş Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan Nəzakət Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Xatırladaq ki, tərəflər arasında rəsmi şəkildə barışıq əldə olunub.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər