İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən, üç nəfərin pulunu ələ keçirməkdə ittiham olunan 33 yaşlı Alışan Nizami Akif oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Samir İsayev vəsatətlə çıxış edib.
Vəkil bildirib ki, bundan əvvəlki iclasda cinayət işi ilə tanış olmaq üçün ona vaxt verilib: "Cinayət işi ilə tanışlıq zamanıişin prokurorluğa qaytarılması üçün əsaslı faktlar mövcud olduğunu anladım. İşdə pozuntulara yol verilib, maddi sübutlar təqdim edilməyib. Cinayət işinin materiallarında disklər var, həmin disklərdə olan məlumatlar təqsirləndirilən şəxsə təqdim edilməyib. Qanunda birbaşa göstərilir ki, tanışolma prosesində sübutlar tərəflərə təqdim edilməlidir.
Bundan başqa, müstəntiq cinayət işinin cildlərini nömrələmədən, tikmədən tanışolma prosesinə təqdim edib. Butün bunlar Cinayət-Prosessual Məcəlləsinin 303-cü maddəsinin tələblərinin pozulmasıdır. İşin ibtidai istintaqa qaytarılması üçün kifayət qədər əsaslar var.
Biz iş üçün məhkəmə baxışı təyin olunmamasını, işin ibtidai araşdırmaya, prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını istəyirik".
Təqsirləndirilən şəxsin özü də cinayət işinin məhkəmə baxışına verilməsinə etiraz edib. O, barəsində olan cinayət işinin ibtidai istintaqa qaytarılmasının təmin edilməsini istəyib.
Dövlət ittihamçısı isə bildirib ki, cinayət işinin ibtidai araşdırmaya nəzarət edən prokurora qaytarılmasına əsaslar yoxdur. Onun sözlərinə görə, təqsirləndirilən şəxs vəkili ilə birlikdə cinayət işi ilə tanış olmasına şərait yaradılıb. O, vəsatətin təmin olunmamasını istəyib.
Dövlət ittihamçısı həmçinin cinayət işinin məhkəmə baxışına verilməsini və araşdırılmasını istəyib.
Daha sonra hakimlər heyəti hazırlıq iclasının qərarını açıqlayıb. Təqsirləndirilən şəxsin vəkilinin vəsatəti təmin olunmayıb. İşin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.
Məhkəmə baxışı yanvarın 27-nə təyin olunub.
Qeyd edək ki, investisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin üç milyon dollara yaxın (4 milyon 156 min 500 AZN) pulu ələ keçirilib.
33 yaşlı Alışan Nizami Akif oğlu asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib.
Alışanı sosial şəbəkədən tanıyıb ona aldananlar isə Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilovdur.
İttihama görə, Alışan Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu yuxarıda qeyd edilən vasitə ilə dələduzluq edərək ələ keçirib.
Hazırda fərdi sahibkar kimi fəaliyyət göstərən zərərçəkənlərə dəymiş ziyan ümumilikdə 2 milyon 445 min dollar edir.
Bu cinayətin üstü Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən açılıb.
Müştərilərinin xüsusilə külli miqdarda pulunu ələ keçirən Alışan Nizami Akif oğlu cinayət məsuliyyətinə cəlb edilib. İşin ağırlığı nəzərə alınaraq, onun barəsində bir müddət əvvəl həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq dövründə zərərçəkmişlərin hamısı Alışanla üzləşdirilib, əməlini üzünə deyərək onu ifşa ediblər.
Digər zərərçəkmişlərdən biri isə “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadədir.
Zeynal Usubov əvvəllər prokurorluq orqanlarında işləyib, Nərimanov rayon prokurorunun müavini olub. O, 2023-ci aprelində prokurorluq orqanlarından xaric edilib.
Xatırladaq ki, bu ilin yayında Zeynal Usubovun Bakıda yerləşən "Hollivud" restoranında bıçaqlanması barədə məlumatlar yayılmışdı. Z.Usubov məsələ ilə bağlı verdiyi açıqlamada həmin xəbərlərin yalan olduğunu bildirmişdi.
Qeyd edək ki, Nizami Alişan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. Onun 4 il əvvəl vəfat etmiş atası Akif Alışanov da yüksək vəzifələrdə çalışıb. O, uzun illər polkovnik rütbəsi ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi işləyib. Sonuncu dəfə isə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi kimi fəaliyyət göstərib.
Nizaminin qayınatası isə hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğludur. O, 2014-cü ildə müğəninin qızı Günellə evlənib.