Bakı şəhər Yasamal rayonunda yerləşən “Kral” çay evində qadına qarşı xuliqanlıq edən 41 yaşlı kişi yanvarın 8-də həbs edilib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Yasamal rayon Məhkəməsinin hökmü ilə Xaçmaz rayon sakini Elvin Ağaliyevə 2 il həbs cəzasına məhkum edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində əşya tətbiq etməklə) maddəsi ilə təqsirli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, Elvin əvvəllər də başqa şəxsə ağır xəsarət yetirdiyinə görə məhbəs həyatı yaşayıb.
Hadisə baş verən gün o, çay evində Aynur adlı tanışının oğlunun kiçik toy məclisinə gedib. Burada Elvin keçmiş sevgilisi Samirəni görüb. Saat 22:30 radələrində Elvin sərxoş halda Samirəyə yaxınlaşaraq onu qucaqlayıb öpməyə çalışıb. Lakin qadın əvvəllər münasibəti olmuş şəxsin yaxınlaşmasından narahat olaraq onu itələyib. Bunu görən Elvin masanın üzərindəki pivə bokalını götürərək qadının başına çırpıb. O, yüksək səslə qadını söyərək ona növbəti zərbələr endirməyə çalışıb. Qorxu içində qaçan qadın çay evinin mətbəxində gizlənib və hadisə yerinə təcili tibbi yardım çağırılıb.
Baş vermiş hadisə barədə polisə məlumat verildikdən sonra Elvin barəsində cinayət işi açılıb. Lakin istintaq və məhkəmə dövründə o, polisin nəzarəti altında olmaqla sərbəst buraxılıb. Məhkəmənin yekun hökmündə isə Elvinin həbsinə qərar verilib. 2 illik həbsə məhkum edilən 41 yaşlı kişi Yasamal rayon Məhkəməsində qolu qandallanıb.