Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Faiq Nəcəfov ifadə verib.
O bildirib ki, övladı talassemiya xəstəsidir: "Eşitdim ki, belə xəstələri müalicəyə göndərən şirkət var. Aynur xanımın nömrəsini verdilər, məsləhət gördülər ki, onunla əlaqə saxla. Nömrəni yoldaşıma verdim, o, danışdı. Aynur xanım dedi ki, yaxşı həkimlər var, bu xəstəliyi müalicə edirlər. Bizə hesab göndərdilər. Dedilər ki, müalicə üçün 10 min dollar pul lazımdır. Bunu bizə Aynur xanım dedi. Əvvəlcə 3 min manatı "Çinar Plaza"da verdik. Nuridə xanımı orada gördüm. Bildirdilər ki, şirkətin rəhbəridir. Biz 3 min manat verdik. Qalan 7 min dolları sponsor ödəyəcəkdi. Amma sponsorun adını bildirmədilər, dedilər ki, xeyirxah işlər görür. Sonra 2500 manat verdim. Pulu Nuridə aparatda saydı, götürdü".
Zərərçəkmiş qeyd edib ki, 2022-ci il dekabrın 7-də uşağı Türkiyəyə müalicəyə göndərəcəkdilər: "Amma sonra səs çıxmadı. Gördük ki, işi uzadırlar. Mən Aynur xanımla əlaqə saxladım. Dedi ki, Nuridədən ayrılıb, onunla əlaqəsi yoxdur. Mənə dedilər ki, şikayətçi çoxdur. Nərimanovdakı ofisdə ərizə yazdım, vəd verdilər ki, 15 iş gününə pul qayıdacaq. Nuridə xanım dedi ki, ərizə yaz, pulunu geri qaytaracaqlar. Mən də ofisdə Aysel xanımın yanında ərizə yazdım. Sonra eşitdim ki, Nuridə həbs olunub. Mən şikayətçi kimi istintaqa cəlb olundum".
Zərərçəkmiş qeyd edib ki, pulun ödənilməsi ilə bağlı ona müqavilə verilib, amma pulun ödəndiyini təsdiq edən çek verilməyib.
Zərərçəkmiş bildirib ki, Aynur Bayramova ona köməklik göstərəcəyini vəd edib. Pulu Nuridə və Aynurun yanında stolun üstünə qoyub.
Daha sonra zərərçəkmiş Kamil Əhmədov ifadə verib. O bildirib ki, həyat yoldaşı qaraciyər xəstəliyindən əziyyət çəkir. Zaur Baxşəliyevin verilişinə çıxandan sonra müalicə olunub: "Daha sonra "Gömrük" hospitalında Mircəlal həkimlə görüşdük. Yoxladıqdan sonra dedi ki, qaraciyərin transplantasiyasının 46 min manat xərci var. Buna pulumuz çatmadı.
Bir qədər sonra Mircəlal həkim mənə dedi ki, bir xanım var, bu işlərin xeyriyyəçiliyilə məşğul olur. Telefonu alıb Aysel xanımla danışdım. Dedi ki, xərcin yarısını, 23 min manatını ödəməlisiz. Mən də razılaşdım, pulu düzəltdim, apardım. Bu proses gedən zaman yoldaşımın səhhəti pisləşdi. Tez-tez komaya düşürdü. Hər dəfə 1500 manat xərcim çıxırdı. Gördüm ki, bir iş görmürlər, pulumu geri istədim. Dedilər ki, pulu bir aya qaytara bilərlər. Həmin vaxtdan pulu bu günə, sabaha verəcəm dedilər.
Məni Nuridə ilə Aysel xanım əlaqələndirdi. O da dedi ki, bunların rəisi mənəm, pulu qaytaracam. Amma yenə qaytarmadılar. Sonradan eşitdim ki, həbs olunublar. Ayselin dayısı pulun 10 min manatını ödəyib, qalan pulu da tələb edirəm. Mən Ayseli tanıyıram, pulu da ondan tələb edirəm".
Təqsirləndirilən Aysel Məmmədova deyib ki, zərərçəkmişdən aldığı 23 min manatı həmin gün axşam Nuridə Seyidovaya çatdırılması üçün onun sürücüsü Füzuliyə verib. Nuridə Seyidova isə bildirib ki, ona 23 min manat çatmayıb.
Zərərçəkmiş qeyd edib ki, Mircəlal həkim ona bu qadınları xeyriyyəçi kimi təqdim edib: "Mən də sonradan Mircəlal həkimə dedim ki, doktor, bu şəxslər pulu kassaya ödəmədilər. Cavab verdi ki, proses belədir, onlar pulu hospitalın hesabına ödəyəcəklər".
Aysel Məmmədova isə bildirib ki, Nuridə Seyidovanın tapşırıqlarını icra edib. Əlavə edib ki, pul Nuridə Seyidovaya çatmayıbsa, pulu sürücü götürüb.
Daha sonra zərərçəkmiş Lamiyə Hüseynova ifadə verib.
Növbəti proses yanvarın 22-də davam edəcək.
İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb.
Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını
Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.
Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumulikdə 67 min dollar veriblər. Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki “Antalya Medical Park” hospitala yollayacaq. Amma pulu alsa da, vədinə əməl etməyib.
Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talasemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını “Çinar Plaza”da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatlar ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey.
Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladının müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib. Nuridə Seyidova onun övladlarının Türkiyədəki Samsun şəhərində müalicə olunacağını bildirib. Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbrli olmağı məsləhət görüb.
Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb.
İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən “Çinar Plaza”dakı ofisdə alıb.
İstintaq zərərçəkən kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir.
Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 000 manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər.Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib.
Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb.O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 500, Laura Həsənovadan 51 000, Günay Ağayevadan 25 000, Aytəkin İsayevadan 19 000, Elnaz Hacıyevadan 5 000, Faiq Nəcəfovdan 5 100 manat məbləğində pul alıb.
Övadları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Elnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir.