Bu gün Ağır Cinayətlər Məhkəməsində özündən 30 yaş böyük şəxsi qətlə yetirən məktəbli, 1999-cu il təvəllüdlü Elnur Heybətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, 2014-cü il oktyabrın 14-də Xızı rayonun Xələc kəndində 1969-cu il təvəllüdlü Xasməmməd Rəsulovun bıçaqla qətlə yetirilmiş meyiti evində tapılıb. Xızı rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş kənd sakini Elnur Heybətov tutulub.
8-ci sinif şagirdi olan Elnur Heybətov həmkəndlisi Xasməmməd Rəsulovun evinə gəlib. Bu zaman məktəbli ilə Xasməmməd arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı həyətdə olan stolun üstündən bıçağı götürən Elnur Heybətov özündən 30 yaş böyük olan kişiyə çoxsaylı zərbələr vurub. İstintaqa ifadə verən Elnur Heybətov törətdiyi cinayəti etiraf edib. O, özündən 30 yaş böyük kişini söyüş üstündə öldürdüyünün bildirib. Öldürülən Xasməmməd Rəsulov Əfqanıstan döyüşlərində iştirak edib.
Elnur Heybətov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəməniin hökmü ilə Elnur Heybətov 9 il müddətinə azadlıqdan mərhum edilib.
Hacı Zeynalov