Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsxanada qətl törətməkdə təqsirli bilinən 1981-ci il təvəllüdlü Vüqar Əmrahovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, qətl hadisəsi Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində baş verib. Həmin həbsxanada cəza çəkən Vüqar Əmrahov və qardaşı Anar Əmrahov digər məhbus Elşən Əliyevlə mübahisə ediblər.
Mübahisə daha sonra dava-dalaşa çevrilib. Qardaşlar Elşən Əliyevə kətillə bir neçə zərbə endiriblər. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Elşən Əliyev 4 gün sonra keçinib. Araşdırmalar zamanı onu küt alətlə vuraraq öldürən Vüqar Əmrəhov olduğu məlum olub.
Xatırladaq ki, hadisəni törədən qardaşlar Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq), qətlə yetirilən Elşən Əliyev isə 234-cü (narkotik vasitələrin qanunsuz saxlaması) maddəsi ilə məhkum edilibmiş.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı martın 30-a təyin edilib.
Hacı Zeynalov