Mart ayı ərzində dövlət sərhədini pozduqları üçün 28 halda 34 nəfər saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, onların 24 nəfəri Azərbaycan, 5-i Özbəkistan, 2-i Türkiyə, hər ölkədən bir nəfər olmaqla, İran, Gürcüstan və Litva vətəndaşları olub.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 9 halda 18 nəfər, Xəzər dənizində 7 halda 11 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 267 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 23 halda 10 kiloqram 332,7 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Qaçaqmalçılıq fəaliyyətilə məşğul olan bir cinayətkar dəstə aşkarlanıb, dəstə üzvlərindən bir nəfəri cinayət məsuliyyətinə cəlb edilib, digərləri barədə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 68 halda ümumi dəyəri təqribən 712 min manat olan qaçaqmalın, o cümlədən 1 ədəd pnevmatik tapança, 24 ədəd 12 millimetrlik giliz, 15 kq barıt, 3 ədəd beşbarmaq, 1 ədəd bıçaq, 1 ədəd gözyaşardıcı balon, 337 ədəd zinət əşyası, 8486 qutu siqaret, 91 ədəd mobil telefon, avtomobillər üçün 19 adda 28 ədəd ehtiyat hissələri, 3500 metr balıq toru, 1 kiloqram kalium-permanqanat preparatı, 3,5 kq qırmızı kürü, müxtəlif ərzaq və sənaye malları saxlanılıb.
BƏXTİYAR