Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Elçin Rzazadə ifadə verib. O, bildirib ki, atası Cavanşir Rzazadənin vəfat edib və məhkəmənin hüquqi varis kimi onu tanımasını xahiş edib. O, qeyd edib ki, atasının “Xudafərin MMC”-dən mənzil alıb: “Binada aldığımız mənzil bu günə kimi tam təhvil verilməyib. Buna baxmayaraq heç bir tələbim yoxdur, evimizin komplektləşdirilməsini istəyirik”.
2008-2012-ci illərdə “AMAY”da mühasib vəzifəsində işləmiş Aidə Musayeva isə şahid qismində dindirilib. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyib. O, bildirib ki, mühasib işlədiyi dövrdə heç bir əməliyyat, alqı-satqı olmayıb.
Abdulla Abdullayev isə şahidin sözünü təsdiqləyib və qeyd edib ki, 2008-ci ilin yayından fəaliyyətləri dayandırılıb. “AMAY”da mühafizəçi işləyən Nizaməddin Həsənov deyib ki, onun adına firma təsis olunub. O, adına bankdan kredit götürüldüyünü deyib. “AMAY”da mühafizəçi işləyən Süleyman Əliyev də şahid qismində ifadə verib: “Mənim adıma “Pünhan” firması təsis olunub. “Texnikabank”dan pul götürülüb və tikintiyə sərf olunub”.
İş üzrə dindirilən digər şahid Vaqif Mehdiyev ifadəsində adına iki şirkət təsis olunduğunu, “AMAY”-ın tikintisinə görə bankdan 1 milyon 200 min manat pul götürüldüyünü və məbləğin tam ödənildiyini bildirib.
Məhkəmə mayın 21-də davam etdiriləcək.
Hacı Zeynalov