Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadının başını kəsərək öldürməkdə təqsirli bilinən İlham Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu ilin yanvarın 26-da Nərimanov rayonunda Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü İlham Süleymanov qısqanclıq zəminində həyat yoldaşı, 1979-cu il təvəllüdlü Məhəbbət Süleymanovanın başını kəsərək qətlə yetirib.
Hadisəni törədən İlham Süleymanov Nərimanov Rayon Polis İdarəsinə gələrək təslim olub. İlham Süleymanov həyat yoldaşı ilə mütəmadi olaraq mübahisə ediblər. Sonuncu dəfə hətta qətlə yetirilən Məhəbbət Süleymanova evdən ayrılaraq bir müddət ayrı yaşayıb. Qadının telefonunda şəkil olub, 10 gün əvvəl isə anasıgilə gedərək orda qalıb.
İlham Süleymanov dəfələrlə Məhəbbət Süleymanova ilə mübahisə etsə də, onlar hər dəfə barışıq əldə ediblər. Hətta İlham həyat yoldaşının istəyini yerinə yetirərək ona avtomobili də hədiyyə edib. Buna baxmayaraq İlham Məhəbbətin evə gediş-gəlişini izləmək üçün mənzilin hər otağına müşahidə kameraları da yerləşdirib. Polisdən qətl hadisəsi törədən şəxsin Bakı Metropolitenində elektrik-mexanik işlədiyi bildirilib .
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə mərhumun hüquqi varisi Nəriman Məsimov bildirib ki, kürəkəninə aldığı bahalı avtomobili geri qaytarmayıblar. O, avtomobilin alınmasını və geri qaytarılmasını istəyib. Həmçinin bildirib ki, qızının uşaqları bir müddət onun evində qalıb: “Amma nəvələrimi aparıblar. Bizimlə əlaqə saxlamağa imkan vermirlər. Bu məsələnin də aydınlaşdırılmasını istəyirik”.
Hakim deyib ki, bu məsələlərə məhkəmə istintaqı zamanı aydınlıq gətiriləcək. Daha sonra ittiham aktını elan etmək üçün söz prokurora verilib. Prokuror ittihamnaməni elan edən zaman məhkəmə iclasında olan tərəflər arasında mübahisə yaranıb. Təqsirləndirlən şəxslər mərhumun qohumları arasında yaranan mübahisə davaya çevrilib. Məhkəmə nəzarətçiləri tərəfindən dava edənlər sakitləşdirilib. Bundan sonra prokurorun çıxışı yarımçıq saxlanılıb və proses qeyri müəyyən vaxtadək təxirə salınıb.
Hacı Zeynalov