Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Elşən Qurbanlı, Bəhruz Rəsulov, Nadir Əlixanov, Kamran Əzizov, Tural Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasının əvvəlində təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra Elşən Qurbanlının vəkili Əyyub Ələkbərov vəsatətlə çıxış edib. O, bildirib ki, müdafiə etdiyi şəxs əvvəllər məhkum edilməyib. Onun sözlərinə görə, Elşən Qurbanlı xəstəliyi ilə bağlı İran islam Respublikasının Qum şəhərinə müalicəyə gedib. O, qeyd edib ki, Elşən Qurbanlı həmin vaxt Suriyada da müalicə almaq məsləhət görülüb: “Buna görə də Elşən Qurbanlı Suriya ərazisinə keçib. Elşən Qurbanlının Suriyada gedən döyüşlərdə iştirak etməsi müəyyən edilməyib. Bu səbəbdən onun barəsində olan cinayət işinə xitam verilməsini istəyirik. Bundan əlavə qeyd edək ki, Elşən Qurbanlının barəsində olan həbs qəti imkan tədbirinin müddəti başa çatıb. Bu səbəbdən onun həbsdə saxlanılması qanunsuzdur”.
Vəkil daha sonra qeyd edib ki, Elşən Qurbanlı 7 aya yaxındır həbsdə saxlanılır: “Bu müddət ərzində Elşən Qurbanlı ilə valideynlərinin görüşməsinə icazə verilmir. Elşən Qurbanlının Bakı istintaq Təcridxanasına köçürülməsini və ona ailə üzvləri ilə də görüşməsi üçün şərait yaradılmasını xahiş edirəm”.
Vəkilinin vəsatəti ilə razı olduğunu deyən Elşən Qurbanlı xəstəlikdən əziyyət çəkdiyini bildirib. Digər təqsirləndirilən şəxslər və onların vəkilləri də müdafiəçinin vəsatətini müdafiə ediblər.
Dövlət ittihamçısı Fərid Nağıyev bildirib ki, Elşən Qurbanlının Bakı istintaq Təcridxanasına köçürülməsi üçün əsas yoxdur. Onun sözlərinə görə, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanası var və orada təqsirləndirilən şəxslər saxlanılır: “Əgər təqsirləndirilən şəxsin xəsətliyi mövcud olsa, ona həmin təcridxanada da həkim müayinəsindən keçirilməsi təmin olunar”.
Dövlət ittihamçısı vəsatətlərin təmin edilməməsini və cinayət işinin məhkəmə baxışına verilməsini istəyib. Daha sonra hakimlər hazırlıq iclasının qərarını qəbul etmək üçün müşavirə otağına yollanıblar. Bir neçə saatlıq müşavirə keçirən hakimlər vəsatətləri təmin etməyib və məhkəmə baxışı iyunun 18-nə təyin edilib.
Hacı Zeynalov