Sumqayıt Apelyasiya Məhkəməsində oğlunu qətl etməkdə təqsirli bilinən 1974-ci il təvəllüdlü Eldəniz Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, ötən ilin iyulun 21-də Qobu qəsəbə sakini Eldəniz Məmmədov yaşadığı evdə ailə münaqişəsi zəminində 14 yaşlı lal-kar oğlu İbrahim Məmmədovu bıçaqla qətlə yetirib.
Eldənizi Məmmədov ilkin ifadəsində oğlunu anasının cibindən ötən il 1 manat, oxuduğu məktəbdə isə şagirdlərin bir neçə dəfə pulunu oğurladığına görə öldürdüyünü bildirib. Eldəniz Məmmədovun həyat yoldaşı isə izahatında bildirib ki, əri spirtli içkidən mütəmadi istifadə edib və xeyli miqdarda borcu olduğuna görə bu hadisəni törədib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldəniz Məmmədov 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Eldəniz Məmmədov apelyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə Eldəniz Məmmədovun anket məlumatları, apelyasiya şikayətinin dəlilləri müəyyən edilib. Məhkəmə baxış iclası iyunun 25-nə təyin edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verən Eldəniz Məmmədov oğlunu qətlə yetirmədiyini deyib. O, ifadəsində oğlunu öldürmədiyi, oğlunun qatilin həyat yoldaşı Simuzər Məmmədova olduğunu bildirib. “Möhtərəm hakimlər, mən cani deyiləm ki, 14 il böyütdüyüm uşağı öldürüm. Simuzər psixi xəstədir. Həmin gün düzgün deyirlər, spirtli içki qəbul etmişdim. Amma az içmişdim. Ekspertiza da bunu təsdiq edir. Mən yuxudan durub, həyəti suvarırdım. Birdən Simuzər qışqırdı ki, İbrahim ikinci mərtəbədən yerə yıxıldı. Qaçdım gəldim ki, yer qan içindədir. Tez qonşunu çağırdım ki, uşağı xəstəxanaya aparsınlar. Şokdaydım, əlim-ayağım qurumuşdu. Sonradan bildim ki, uşaq bıçaqlanıb. Polislər məni apardılar bölməyə. Məni işgəncə verdilər, döydülər. İbtidai istintaq verdiyim bütün ifadələrdən imtina edirəm. Məni döyə-döyə boynuma qoyublar. Mən uşağı öldürəcək qədər cani deyiləm. Hər zaman uşaqlarıma qarşı normal olmuşam. Bu qadın edib hər şeyi, indi də durub üzümə. İfadəsində deyir ki, qanı yumuşam qaldırmışam, nə bilim nə. Əgər mən eləmişəmsə, bu qadın da cinayətkardır. Oğurluğa gedəndə bir nəfər qapının ağzında gözətçilik edir, ona da iş kəsilir. Bu qadın məsuliyyətə cəlb olunmalıdır və sübut olunacaq ki, məhz bu qadın İbrahimi öldürüb. Mən indi qızlarımdan nigaranam. Möhtərəm hakimlər, ona görə qollarımı doğramışam. (Qollarını açıb göstərir). Bu qadın manyakdır. Məhkəmə istintaqı işə düzgün baxmalıdır. Necə mən öldürmüşəm ki, özü də ayaqlarımı sinəsinə qoymuşam ki, mənim üzərində bir dənə də olsa qan ləkəsi yoxdur. Amma bu qadında qan ləkəsi aşkarlanıb. Sizdən xahiş edirəm, işə ciddi yanaşın. Canini özünüz tanıyacaqsız. Mən lal-kar oğlumu öldürəcək qədər insafsız deyiləm”.
Hacı Zeynalov