Yol polisi Gəncədə reyd keçirib.
Teleqraf.com Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncədə yol polisi gücləndirilmiş iş rejiminə keçib. Yol hərəkəti qaydalarına əməl etməyən sürücülərə qarşı yoxlamalara başlanılıb.
Budəfəki reyd şəhərin bütün istiqamətlərində həyata keçirilib. Məqsəd yol hərəkəti qaydalarına əməl etməyən sürücülərin aşkar olunaraq məsuliyyətə cəlb edilməsi olub. Reyd zamanı məlum olub ki, bəzi sürücülər avtomobillərinə nəzərdə tutulmayan texniki avadanlıqlar quraşdırıb, nəqliyyat vasitələrinin əksəriyyətinin konstruksiyası dəyişdirilib. Yoxlamalar göstərib ki, belə hallara daha çox Rusiya istehsalı olan avtomobillərdə rast gəlinir.
Reyd keçirilən ilk iki saat ərzində 30-dan artıq nəqliyyat vasitəsi qayda pozuntusu ilə əlaqədar cərimə meydançasına aparılıb. Kobud qayda pozuntularından biri də avtomobillərin sərxoş şəkildə idarə edilməsidir ki, reyd zamanı belə hallara da rast gəlinib. Sükan arxasında içkili halda əyləşən sürücülərə qarşı qanunamüvafiq tədbirlər görülüb. Bundan əlavə, yol polisinin əmrlərinə tabe olmayanlar da tapılıb.
Qeyd edək ki, reydlər bu saatlarda da davam etdirilir. Ümumilikdə belə nəzarət tədbirlərinin mütəmadi şəkildə davam etdiriləcəyi bildirilir.