Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisi Tural Mustafayevi intihar həddinə çatdırmaqda, mənimsəmədə, vergidən yayınmaqda və digər cinayətlərdə ittiham olunan “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın barəsində başlanan cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçən prosesdə Bakı şəhər Vergilər İdarəsinin əməkdaşı İmran Nurməmmədov Xədicə İsmayıl və onun vəkillərinin suallarını cavablandırıb.
O, bildirib ki, Xədicə İsmayıl “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri olub, büro rəhbəri kimi bütün işlərə cavabdeh olub: “Büroda baş verən qanun pozuntularına Xədicə İsmayıl cavabdehlik edib. Xədicə İsmayılin işə götürülməsi ilə bağlı bizdə sənəd var. Həmin sənədə görə, o, bütün işlərə nəzarət edib, həmin qurumada rəhbərlik edib”.
Digər vergi müfəttişi bildirib ki, radioda aparılan vergi yoxlamaları ilə bağlı tərtib edilən aralıq aktı normativ qaydalara uyğun tərtib edilib və bununla bağlı vergidən yayınma ilə bağlı istintaqa kifayət qədər faktlar müəyyən edilib: “Radio kommersiya fəaliyyəti ilə məşğul olub. “Fərqli Düşüncə” qəzetinin çap edilməsi üçün müvafiq nmaliyyə vəsaiti ayrılıb. Radionun ofisində qəzetin əməkdaşlarının işləməsi üçün ayrıca otaqda verilib”.
Daha sonra Xədicə İsmayılın vəkili Fariz Namazlı radioda aparılan yoxlamalar zamanı tərtib edilən aralıq aktının, aralıq aktına verilən ekspertiza rəyinin etibarsız hesab edilməsi, həmçinin sübutlar siyahısından çıxarılması barədə vəsatət verib. Hakim heyəti vəsatəti təmin etməyib.
Sonra hakim məhkəmə istintaqının tamamlanması barədə tərəflərin fikirlərini öyrənib. Dövlət ittihamçısı Ramazan Hadıyev bildirib ki, cinayət işi üzrə məhkəmə istintaqı kifayət qədər araşdırılıb və sənədlər tədqiq edilib. O, məhkəmə istintaqının tamamlanmasını istəyib. Xədicə İsmayıl və onun vəkilləri də məhkəmə istintaqının tamamlanmasına etiraz etməyiblər. Yerində müşavirə keçirən hakim heyəti məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul ediblər və ittiham nitqi ilə çıxış etməsi üçün dövlət ittihamçısına söz veriblər. Dövlət ittihamçısı çıxışa hazırlaşmaq üçün hakimlərdən 1 gün vaxt istəyib. Onun istəyini nəzərə alan hakim heyəti məhkəmənin davamını avqustun 21-nə təyin ediblər.
Hacı Zeynalov