Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1998-ci il təvəllüdlü Rövşən Şahmarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Rövşən Şahmarov özündən bir yaş kiçik olan Elvin Muradov ilə WhatsApp və Facebook sosial şəbəkələrində mübahisə edib. Mübahisə Elvinin Facebook sosial şəbəkəsində paylaşdığı qız şəkili üstündə yaranıb.
Nizami rayonunda yerləşən 238 saylı məktəbin şagirdri olan Rövşən Şahmarov Elvin Muradova bıçaqla xəsarət yetirib. Xəsarət alan Elvin Muradov Sabunçu rayon 3 saylı şəhər kliniki xəstəxanasina yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Rövşən məktəb yoldaşı Elvin Muradova 18 bıçaq zərbəsi endirib.
Hadisənin baş verməsinə gəlincə, telefonda yaranan mübahisəyə aydınlıq gətirmək istəyən Rövşən Şahmarov NZS qəsəbəsindən aprelin 22-də, gecə saat 1 radələrində Elvinin yaşadığı Qara Qarayev küçəsi, 29 ünvanına gəlib. Elə qanlı hadisə də, Elvinin yaşadığı ünvanın yaxınlığında baş verib. Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinin keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən Rövşən Şahmarov saxlanılıb.
Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə Elvin Muradovun dostu və sinif yoldaşı Elçin Bayramov ifadə verib. O, bildirib ki, hadisə baş verən günü Elvin ilə birlikdə sınaq imtahanlarına gedəcəklərmiş: “Bununla bağlı Elvinə zəng vurdum. Elvin Rövşənlə dalaşdığını və daha sonra bıçaqlandığını bildirdi. Buna görə də onun dediyi ünvana getdim. Orada Elvinin qan içində olduğunu gördüm və təcili yardıma zəng vurdum. Xəstəxanada olduğu vaxt bir neçə dəfə Elvinin yanına getmişəm. Xəstəxanadan çıxandan sonra da onunla söhbətimiz olub. Elvin şit zarafat nəticəsində hadisənin baş verdiyini bildirdi. Onların zarafatı qız şəkili üstündə baş verib”.
Rövşən Şahmarov ifadəsində Elvinlə aralarında şit zarafat olmasını, bunun üstündə də qanlı cinayətin baş verməsini deyib. O, bildirib ki, Facebook sosial şəbəkəsində sinif yoldaşı olan bir qızla çəkdirdiyi şəkili paylaşıb: “Bu zaman Elvin həmin şəkilin altına rəy yazdı. Ona belə şit zarafatlar etməməsini dedim. Buna görə də aramızda mübahisə yarandı. Daha sonra aramızda olan mübahisəni WhatsApp-da davam etdirdik. Sonra mübahisəni həll etmək üçün onun dediyi ünvana yollandım. Orada biz yenə də mübahisə etdik.
Bıçaqla ona zərbələr vurdum. Daha sonra şok vəziyyətinə düşdüm. Bu zaman Elvinə zəng gəldi. Onun kimləsə danışdığını eşitdim və hadisə yerindən qaçdım. Mən bir neçə zərbə vurandan sonra Elvin üstümə gəldi, buna görə də ona 18 bıçaq zərbəsi vurdum”.
Məhkəmə iclası sentyabrın 18-də davam edəcək.
Hacı Zeynalov