Sumqayıt Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Familə Xəlilovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Familə Xəlilova 2012-ci ilin yanvar ayında Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən "Karvan" ticarət mərkəzində Zaur Qurbanova özünü Pərvanə kimi təqdim edib. Daha sonra Zaur Qurbanovu aldadaraq qızıl-zinət əşyalarını nisyə alıb və digər şəxslərə satacağını vəd edib. Bununla Zaur Qurbanovun ümumilikdə 1500 manatlıq qızıl-zinət əşyalarını ələ keçirib.
Familə Xəlilova Sumqayıt ticarət mərkəzində qızıl alveri ilə məşğul olan Abbas Hovusovu da aldadıb və 5000 manatlıq qızıl-zinət əşyalarını mənimsəyib. Sumqayıt ticarət mərkəzində qızıl satan Pərvanə Hüseynovadan isə 5000 manatlıq qızıl alıb.
Familə Xəlilova Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham edilib. Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.
"Pulu Abbasa və həyat yoldaşına vaxtında çatdırmışam"
Hökmdən narazı qalan Familə Xəlilovanın vəkili Fərhad Əliyev apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin hökmünün ləğvini və Familə Xəlilovanın əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət işinin icraatına xitam verilməsinə dair qərar qəbulunu xahiş edib. Apelyasiya şikayəti hakim Hüseyn Nəbiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Təqsirləndirilən şəxs qismində ifadə verən Familə Xəlilova ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Sumqayıt ticarət mərkəzində satıcı işləyən Abbas Hovusovu 5 il olar tanıyır: "Onun həyat yoldaşı Səidədən qızıl-zinət əşyaları alaraq bir az fərqli qiymətə satmışam. Pulunu Abbasa və həyat yoldaşına vaxtında çatdırmışam. Lakin hər dəfə verəcəyim puldan qismən qalıq qalıb. Sonuncu dəfə Abbasdan 2012-ci ilin yanvar ayında 2000 manatlıq, 2012-i ilin mart ayında 3000 manatlıq, 2013-cü ilin aprel ayında isə 1800 manatlıq qızıl-zinət əşyaları almışam. Lakin həmin pulları ona vaxtında qaytara bilməmişəm.
Buna görə də Abbasla Sumqayıt şəhər 4 sayı notariat kontoruna gedərək borc müqaviləsi bağladıq. Abbas və digər şəxslərin mənə qarşı pul tələbi ilə bağlı iddia Sumqayıt şəhər Məhkəməsinin qətnaməsi ilə təmin edilib".
"Müflis olduğumdan borclu qaldım"
Təqsirləndirilən şəxs həmçinin Sumqayıt ticarət mərkəzində qızıl satışı ilə məşğul olan Pərvanə Hüseynova ilə də uzun müddət qızıl alqı-satqısı ilə məşğul olduğunu söyləyib: "Qalıq borcları hissə-hissə ödəmişəm. 2012-ci ildə Pərvanədən 5000 manatlıq qızıl-zinət əşyaları aldım. Satış pulunun 2000 manatını ödədim. Müflis olduğumdan 3000 manat borclu qaldım".
O, ifadəsində qeyd edib ki, həbs olunmamışdan 2 il əvvəl "Karvan" ticarət mərkəzində satıcı işləyən Zaur Qurbanovdan 1500 manatlıq qızıl-zinət əşyaları götürüb, ancaq müflis olduğundan pulunu ödəməyib.
Familə Xəlilovanın vəkili Fərhad Əliyev bildirib ki, Sumqayıt şəhər məhkəməsinin hökmü ilə Familə Xəlilova Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 3 il azadlıqdan məhrum məhkum edilib. Vəkil bildirib ki, aşağıdakı əsaslara görə həmin hökm qanunsuzdur və ləğv edilməlidir: "Familə Xəlilova məhkəmə baxışı zamanı onun Pərvanə kimi çağırıldığını deyib, Abbas Hovusovdan qızıl-zinət əşyalarını götürərkən mənzilin mülkiyyət sənədini girov qoyub, mobil telefonunun nömrəsini borclu olduğu şəxslərə verib, kimliyini və harada yaşadığını heç kimdən gizlətməyib".
Müdafiəçinin fikrincə, təqsirləndirilən şəxsin zərərçəkmişləri aldatması ilə bağlı cinayət işi materillarında heç bir ağlabatan dəlil yoxdur: "Yəni Familə Xəlilova elə bir hərəkətə yol verməyib ki, məhz bunun nəticəsində zərərçəkmişlər ona satmaq üçün nisyə qızıl-zinət əşyaları versinlər. Qızıl-zinət əşyalarını nisyə verməkdə zərərçəkmişlərin məqsədi daha çox gəlir əldə etmək olub. Familə Xəlilovanın da marağı məhz qazanc əldə etməkmiş. O, nisyə götürdüyü malların pulunu uzun müddət ödəyib. Borclarını etiraf edib, zərərçəkmiş şəxslərə borcları ödəməkdən boyun qaçırmayıb".
Tərəfləri dinləyən hakim heyəti sonda apelyasiya şikayəti üzrə qərar elan edib. Sumqayıt Şəhər Məhkəməsinin hökmü ləğv edilib, Familə Xəlilovanın barəsində bəraət hökmü çıxarılıb.
Familə Xəlilova məhkəmə zalından azadlığa buraxılıb.
Hacı Zeynalov