2 Oktyabr 2015 17:19
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Vüqar Yusifov və onun qardaşı Zülfüqarın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Teleqraf.com xəbər verir ki, hadisə 2014-cü ilin iyunun 24-də Abşeron rayonunun Novxanı qəsəbəsində qeydə alınıb. Asif və onun qardaşı Vasif Məmmədovlarla yaxın qohumluq əlaqələrində olan Vüqar və Zülfüqar Yusifovların arasında mübahisə olub. Qohumlar arasında yaranan mübahisə sonda qətllə nəticələnib.

Belə ki, qəsəbə sakini 25 yaşlı Vüqar Yusifov borclu olduğu qohumları Asif və Vasif Məmmədovlar tərəfindən dəfələrlə təhdid olunub. Tərəflərin mübahisəsi sonda davaya çevrilib, Vuqar yaxın qohumlarına bıçaqla xəsarət yetirib. Yaralılar Sumqayit Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, həkimlər Vüqar Məmmədovun həyatını xilas edə bilməyiblər.

Abşeron Rayon prokurorluğunda aparılan araşdırmalar zamanı məlum olub ki, cinayət hadisəsi baş verən zaman Vüqar Yusifovun qardaşı Zülfüqar Yusifov da hadisə yerində olub. Buna görə də hər iki qardaş həbs edilib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Elçin Quliyev ifadə verib. O, ifadəsində taksi sürücüsü olduğunu deyib: “Hadisə olan günü Vüqar mənə zəng eləyib dedi ki, bizim qapıya gəl. Mən də onun dediyi yerə yollandım. Vüqar avtomobilə mində və bildirdi ki, maşını Aşurgilin mağazasına sürüm. Yolda Zülfüqar Vüqar ilə söhbət edirdi. Onlar bir-biri ilə mübahisə edirdilər. Vüqar deyirdi ki, söhbəti mən həll edəcəm, sən qarışma. Zülfüqar da onun əksini deyirdi. Mağazaya çatandan sonra içəri girdik. Kassanın yanında Səbuhi dayanmışdı. Həmin vaxt orada mübahisə oldu, söyüş söyüldü. Onlar əl-qol hərəkətləri edir, bir birini itələyirdilər. Bu zaman mağazada alışqanlar yerə töküldü. Vüqar və Zülfüqar Vasifgil ilə birlikdə mağazadan bayıra çıxdılar. Mənimlə Səbuhi ilə yerə tökülənləri yığışdırdıq. Həmin vaxtı Vüqarda bıçaq olduğunu görmüşdüm. Çöldən səs- küy gəldi. Səbuhi, Elçin, dalınca isə mən mağazadan çıxdıq. Həmin vaxt Vasif yerdə idi, onu qan aparırdı. Asif də qaça-qaça Vüqargilin üstünə gedirdi. Onun qarşısını mən kəsdim. Dedim ki, qardaşın yaralıdı, ona kömək elə. Mən də maşına oturdum. Artiq Vüqar və Zülfüqar maşında idi. Vüqar dedi ki, maşını qayınatamgilə sür. Mən də onların dedilkərini etdim”.

Şahid daha sonra tərəflərin suallarına cavab verib. Daha sonra Yusifov qardaşlarının vəkili Ceyhun Yusifov vəsatət verib. O, istintaq orqanın işə düzgün qiymət vermədiyini deyib. Vəkil ölən şəxsin atası Aşur Məmmədov və Abşeron rayon prokurorunun telefon danışılıqlarının olduğunu bildirib və həmin danışıqların əldə edilməsi üçün “Azercell”ə sorğu verilməsini istəyib. Vəkil həmin danışıqların məhkəmədə araşdırılmasını hakimlərdən xahiş edib. Vəkilin vəsatəti növbəti məhkəmə iclasında müzakirə ediləcək.

Prosesi oktyabr 9-da davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər