Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda təqsirli bilinən Fatma Dadaşzadə və onun bacısı Xatirə Fərzəliyeva hökmdən narazı qalıb.
Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslərin barəsində bu ilin yanvarın 8-də cinayət işi başlanıb. Cinayət işinin istintaqını İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi aparıb.
İdarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Fatma Dadaşzadə və Xatirə Fərzəliyeva cinayət məsuliyyətinə cəlb edilib. İstintaq zamanı onların bir qrup şəxslə cinayət əlaqəsinə girərək cinsi istismar məqsədilə Azərbaycan vətəndaşları olan qadınları Türkiyə Respublikasına aparması faktı aşkar olunub. İstintaq dövründə təqsirləndirilən şəxslərin barəsində həbs qəti imkan tədbiri seçilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Fatma Dadaşzadə və Xatirə Fərzəliyeva 8 il müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalındaca həbs ediliblər.
Hər iki bacı məhkəmənin hökmündən narazı qalıblar və apelyasiya şikayəti veriblər. Onlar şikayətlərində cəzalarının yüngülləşdirilməsini istəyiblər. Onların şikayətləri baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Yaxın günlərdə apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayacaq.
Hacı Zeynalov