Şəki Apelyasiya Məhkəməsində ağır cinayət törətməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Elnur İmanovun məhkəmə prosesi davam edib. İttihama görə, 14 iyun 2013-cü il tarixdə saat 02:30 radələrində Mingəçevir şəhərində baş verən dava bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnib.
Hadisə şəhərin Naxçıvan küçəsindəki kafelərdən birində qeydə alınıb. Yeməkxana sahibi Elnur İmanov işlətdiyi obyekti bağlayaraq evə getmək istədiyini deyib və müştərilərdən kafeni tərk etməyi xahiş edib. Müştərilərdən Toğrul Yusifbəyli kafe sahibi ilə mübahisə edərək bayıra çıxmayacağını bildirib. Onların arasında mübahisə davaya çevrilib.
Qeyd edək ki, Elnur İmanov bir ay əvvəl ata olubmuş. Hadisə zamanı Elnur Toğrula deyib ki, bir aylıq körpəsi var, qanını onun üstünə tökməsin. Bu vaxt Toğrul onun körpəsini də söyüb. Bu hərəkət Elnuru daha da qızışdırıb. Dava zamanı kafedə olan Taleh Ədili onları ayırmağa çalışıb.
Elnur İmanov Toğrul Yusifbəyliyə bıçaqla ağır xəsarətlər yetirib. Həmçinin Taleh Ədili də döş qəfəsindən bıçaq yarası alıb. Hər iki yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, 28 yaşlı Toğrul Yusifbəylini xilas etmək mümkün olmayıb. Taleh Ədili isə həkim müayinəsi nəticəsində sağ qalıb.
Elnur İmanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham edilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur İmanov anlaqsız hesab edilib. Onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə tətbiq edilib.
Elnur İmanova təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin həyata keçirilməsi Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.
Baş Prokurorluq Elnur İmanovun həbs edilməsi ilə bağlı apelyasiya şikayəti versə də, Şəki Apelyasiya Məhkəməsinin hakimləri birinci məhkəmə instansiyasının hökmünü dəyişdirməyib. Baş prokurorun müavininin imzası ilə Ali Məhkəməyə kasasiya şikayəti verilib. Prokurorluq Elnur İmanovun cəzasının ağırlaşdırılmasını istəyib.
Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Elnur İmanovun barəsində olan hökm ləğv edilib və işə yenidən baxılması üçün cinayət işinin materialları Şəki Apelyasiya Məhkəməsinə qaytarılıb. Bu dəfə apelyasiya instansiyasında işə hakim Elçin Hüseynovun sədrlik etdiyi kollegiyada baxılıb.
Prosesdə çıxış edən dövlət ittihamçısı Rəhim Xudiyev komisyon məhkəmə-psixiatrik ekspertizasının rəyinin kifayət qədər əsaslı olmadığını və onların əsaslılığının şübhə doğurduğunu, həmçinin ekspertlərin əsaslandıqları sübutların etibarsız olduğunu göstərib. O, Elnur İmanovun cinayət işi üzrə təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi barədə vəsatət verib: “İbtidai istintaq zamanı keçirilmiş stasionar məhkəmə-psixiatrik ekspertizasının 11 noyabr 2013-cü il tarixli, 207 saylı rəyi ilə Elnur İmanovda ”səxsiyyətin isterik tipli pozuntusu depressiv daxil olmalarla və özünükəsmələrlə" aşkar edilsə də, onun cinayəti törədən zaman anlaqlı olduğu, cinayəti törətdikdən sonra da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarında olduğu müəyyən edilib.
Ona tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülməyib. Bundan fərqli olaraq, Səki Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılarkən keçirilmiş təkrar kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 2 iyun 2014-cü il tarixli, 83 saylı rəyi, habelə təkrar kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 11 avqust 2014-cü il tarixli, 131 saylı rəyi ilə təcridxanada saxlandığı dövrdə onda yaranmış psixi pozuntuya görə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmadığı, Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşdüyü müəyyən olunub.
Ona Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsində nəzərdə tutulmuş ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin təyin edilməsi məsləhət görülüb. Təkrar kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 2 iyun 2014-cü il tarixli, 83 saylı rəyi ilə müəyyən edilib ki, Elnur İmanov cinayət əməlini törətdikdən sonra istintaq təcridxanasında saxlanıldığı dövrdə onda şəxsiyyətin isterik tipli pozuntusu zəminində davamlı depressiv vəziyyət -psixotik daxilolmalar formasında psixi pozuntu yaranıb, hazırda həmin pozuntuların davam etdiyi müşahidə olunur.
Elnur İmanov hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək iqtidarında deyil. Onun hazırkı psixi vəziyyətinə görə Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşür, barəsində Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsində nəzərdə tutulan ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində məcburi tədbirlər tətbiq edilməsi məsləhət görülür".
Dövlət ittihamçısı bildirib ki, Elnur İmanovun hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum edən hər hansı psixi xəstəlikdən əziyyət çəkib-çəkmədiyi, onda müəyyən olunmuş şəxsiyyətin isterik tipli pozuntusu və psixotik əlamətlərlə müşayiət olunan davamlı depressiv vəziyyətin psixi xəstəlik hesab olunub-olunmadığı ilə bağlı suallar ekspert qarşısında qoyulsun.
O, həmçinin deyib ki, Elnur İmanovda hər hansı psixi xəstəlik müəyyən edilərsə, bunun özünə və ya ətrafdakılara zərər yetirmək təhlükəsi yaratması ilə bağlı da suallar cavablandırılsın.
Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edib və təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizası təyin edilməsi ilə bağlı qərar verilib.
Qərara görə, rəy verilməsi üçün Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında saxlanılan Elnur İmanov və cinayət işinin materialları ekspertlərə təqdim olunub. Hakimlər həmçinin qərarlarında göstəriblər ki, bilə-bilə yalan rəy verməyə görə ekspertlərə Cinayət Məcəlləsinin 297-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət elan edilib. Rəy alınana kimi məhkəmə prosesi təxirə salınıb.
Qeyd edək ki, qətlə yetirilən 28 yaşlı Toğrul Yusifbəyli idmançı olub.
Hacı Zeynalov