Bu gün Bakı Apelyasiya Məhkəməsində sevgilisi Tural Mustafayevi intihar həddinə çatdırmaqda, mənimsəmədə, vergidən yayınmaqda və digər cinayətlərdə ittiham olunan “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın barəsində çıxarılan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən proses baş tutmayıb. Hakim bildirib ki, ilkin baxış iclasının qərarını Xədicə İsmayıl alıb.
Hakimin sözlərinə görə, qanunvericilikdə məhkum həmin qərardan bir ay müddətinə kasasiya şikayəti vermək hüququ nəzərdə tutulub. Hakim deyib ki, həmin müddət bitmədiyi üçün Xədicə İsmayıl kasasiya şikayəti verməyib. Buna görə də hakim prosesin davamını noyabrın 19-dək təxirə salıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xədicə İsmayılın ittiham olunduğu Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə ittiham sübuta yetirilməyib və həmin maddə üzrə ona bəraət verilib.
Xədicə İsmayıl ittiham olunduğu Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2, 179.3.2-ci maddələri üzrə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O 3 il müddətinə isə vəzifə tutmaq hüququndan məhrum edilib.
Hacı Zeynalov