Bakının Nəsimi rayonunda əcnəbi vətəndaş hücuma məruz qalıb.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Ə.Əliyev küçəsi, 108 ünvanını qarşısında baş verib.
Həmin ünvanda üzlərində maska olan üç nəfər naməlum şəxs Böyük Britaniya vətəndaşı, 1959-cu il təvəllüdlü Young Andreyə hücum edib. Naməlum şəxslər ötən gün gecə saatlarında əcnəbi vətəndaşa zor tətbiq etməklə onu yerə yıxıblar.
Onlar Young Andreydən üzərində olan pul, qiymətli əşyaları verməsini tələb ediblər. Lakin əcnəbi onlara müqavimət göstərib. Həmin şəxslər Böyük Britaniya vətəndaşını döyərək, üzərində olan pul və mobil telefonlarını götürərək, hadisə yerindən qaçıblar.
Young Andrey quldurluqla üzləşməsi ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə müraciət edib. Hazırda cinayəti törədən şəxslərin müəyyən edilərək, tutulması üçün tədbirlər görülür.
Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov