29 Fevral 2016 17:29
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə Ali Məhkəmənin qərarı ilə “Texnikabank” ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifovun kasasiya şikayəti təmin edilib və o, azadlığa buraxılıb. Onun azadlığa buraxılması 81 nəfər zərərçəkmişin hüquqlarının pozulması ilə müşayiət olunub.

81 nəfərin 38 milyon manatdan çox pulunu mənimsəyən Zal Yusifov cinayət əməlinə öz oğlunu da cəlb edib. Buna görə də Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ata 15, oğul isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məhkəmənin qərarına görə, Zal Yusifovun cinayət yolu ilə əldə etdiyi pullar hesabına tikilmiş mülkləri satılmalı, əldə olunan gəlir hesabına vətəndaşlara dəyən ziyan ödənilməlidir. Bununla bağlı Bakı Apelyasiya Məhkəməsi qərar çıxarıb. 81 nəfərə dəyən ziyan ödənmədən bankirin oğlunun azadlığa buraxılması narazılıqla qarşılanıb.

Məsələylə bağlı Teleqraf.com-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsində təmsil olunan YAP üzvü, deputat Astan Şahverdiyev bildirib ki, “Texnikabank” ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifov və onun oğlu İslam Yusifov vətəndaşların vəsaitini mənimsəyiblərsə, bu, böyük cinayət və dələduzluqdur: “Bu cür əməllərə qanun da imkan vermir. Bu yaxınlarda deputat həmkarlarım da banklarla bağlı çıxış edərkən bildirdilər ki, əhalinin banklara olan inamı azalıb və bu etimadı qaytarmaq lazımdır”.

Astan Şahverdiyev bildirib ki, “Texnikabank” ASC-nin Bakı filialı ilə bağlı yaranmış problem əhalinin banklara olan inamına mənfi təsir göstərib: “Vətəndaşları aldatmaq etik baxımdan da doğru deyil. Hesab edirəm ki, keçmiş bankir istənilən halda vətəndaşlara vurduğu zərəri ödəməlidir”.

Bakı Hüquq Müdafiə Mərkəzinin sədri, tanınmış hüquqşünas Tahir Əlirzayevin sözlərinə görə, “Texnikabank” ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifovun azadlığa buraxılması prosesdə bəzi çətinliklər yarada bilər: “Fikrimcə, İslam Yusifov vətəndaşlara dəymiş zərərin ödənilməsi işinə mane ola bilər. Bu işlə yaxından tanış deyiləm. Ancaq məsələ ilə bağlı qənaətim odur və güman edirəm ki, Zal Yusifovun oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri yuxarı instansiya məhkəməsi tərəfindən ev dustaqlığı və yaxud zaminliyə verilmə ilə əvəz edilib.

Zərərçəkmiş şəxslər bu qərarla razı deyillərsə, İslam Yusifov barəsində çıxarılan qərardan yuxarı instansiya məhkəməsinə şikayət edə bilərlər. Yəni, zərərçəkən şəxslər yuxarı instansiyalı məhkəməyə müraciət edərək israr etməlidirlər ki, İslam Yusifov barəsində çıxarılan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın”.


Vasif Həsənli


Müəllif: