Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını qətlə yetirməkdə və digər ağır cinayətlərdə ittiham olunan 17 nəfərlik dini ekstrimist dəstə üzvləri - Nurəddin Xəlilov, Müşfiq Mikayılov, Rəşad Həşimli, Əhməd Kərimov, Çoşqun Kərimbəyli, Bahadur Məmmədov, Zaur Əliyev, Pərviz Şıxalyev, Rəşad Səfərəliyev, Xəlil Məmmədov, Şakir Məmmədov, Rafiq Bəyimov, Ceyhun Abdullayev, İlqar Musayev, Anar Rzayev, Niyaməddin Xəlilov, Fəxri Şirinzadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçən prosesdə hakim zala daxil olan zaman təqsirləndirilən bəziləri “Hökm Allahındır”, “Sənin qanunların batildir, biz yalnız Allahın hüzurunda mühakimə ediləcəyik” deyərək məhkəməyə itaətsizlik ediblər.
Daha sonra prosesdə zərərçəkmiş Elmir Seyidəhmədov ifadə verib. Bildirib ki, onu təqsirləndirilən Nurəddin Xəlilov bıçaqlayıb: “Samirə pul borcum vardı. Dirədilər ki, tapança alıb verməlisən. Dəfələrlə məni ailəmlə təhdid elədilər. Axırda onlara oyuncaq tapanmça verdim. Sonradan tapançanın oyncaq olduğunu biləndən sonra Nurəddin məni bıçaqla vurdu”.
Şahid qismində ifadə verən Vahid Nuriyev bildirib ki, Nurəddin Xəlilovla vaxtilə eyni yerdə cəza çəkiblər: “Bir yerdə “zonda” oturmuşuq. O mənə yeni yeni cinayətlər eləməyi təklif etdi, mən isə boyun qaçırdım”.
Məhkəmə aprelin 11-də davam edəcək.
İttihama əsasən, 2014-cü il noyabrın 24-də Qəbələ şəhər sakini olan iş adamı Vahid Vahabovun yaşadığı evdə meyiti tapılıb. Müəyyən edilib ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları, radikal ekstremist yönümlü dini təriqət üzvləri olan əvvəllər məhkum edilən Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Rəşad Həşimli və Əhməd Kərimova məlumat verib.
Onlar külli miqdarda pul və qızıl- zinət əşyalarını ələ keçirmək məqsədilə Vahid Vahabovun evinə basqın ediblər, odlu silahla onu öldürüblər, həyat yoldaşına müxtəlif dərəcəli xəsarətlər yetiriblər.
İstintaq hərəkətləri nəticəsində dəstə üzvlərinin daha bir neçə şəxsin evinə quldurluq yolu ilə basqın etdikləri də məlum olub.
Hacı Zeynalov