Sızran rayonunun sabiq polis rəisi Andrey Qoştu və ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlıların yaxınları polis tərəfindən təhdid olunur. ANS PRESS-in məlumatına görə,bu barədə saxlanılanlardan biri Roman Fətəliyevin bacısı xəbər verib.
Elmira Fətəliyevanın sözlərinə görə, istintaq zamanı dindirmələrdə onu qardaşını “ələ verməyəcəyi” halda həbs və boğmaqla hədələyiblər. Sabiq polis rəisini qətlə yetirməkdə şübhəli bilinənlərin qohumları artıq bir neçə gündür dindirilir.
Elmira istintaq zamanı onlarla olduqca kobud davranıldığını qeyd edib. Qadının sözlərinə görə, qanun qoruyucuları "çərçivədən kənara çıxmağa" başlayıb.
“İlk dindirmədə mənə müstəntiqlər sadəcə təzyiq göstərdilər. Mən heç vaxt həyatımda dindirmələrdə iştirak etməmişəm. Onlar mənim üstümə qışqırmağa başladılar: "Mən səni Sızrana aparacağam, orada iki -üç gün şöbədə oturacaqsan". Sonra o kiməsə zəng etməyə başladı, indi səni boğacağıq. Mən qorxdum ki, onlar məni boğar. Dedilər ki, bütün bildiklərini etiraf et“, - deyə Elmira bildirib.
Andrey Qoştu və ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 3 azərbaycanlının dəhşətli hadisəni törətmələrinin səbəbləri bəlli olub. Qətl soyğun məqsədi ilə törədilib.
Saxlanılan şəxlər rəisin evinə qarət üçün gəliblər. Evə zorla daxil olan quldurlar A.Qoştu və onun yatmış 6 ailə üzvünü özləri ilə gətirdikləri taxta dəyənəklərlə ölümcül döyüblər. Evin yalnız 7 yaşlı qızı möcüzə nəticəsində sağ qalıb.
Rus mətbuatı yazır ki, şübhəli şəxslər evdən 906 rubl (təqribən 20 manat-red.), bank kartları, mobil telefonlar və Andrey Qoştun xidməti şəhadətnaməsini özləri ilə aparıblar. İddia edilir ki, hadisəni töreədənlər dörd nəfər olublar və onlar silahlı hücuma hazırlaşıblar. Polisin ilk əməliyyatı əvvəllər məhkum olunmuş Roman Fətəliyevə qarşı baş tutub. Onun şübhəli şəxs kimi istintaqçıların diqqətini çəkməsinə səbəb isə öldürülən rəisin bank kartından pulu çıxarmağa çalışması olub. Fətəliyev müqavimət göstərməyə macal belə tapmayıb.
Rusiyada keçmiş polis rəisi və onun ailə üzvləri aprel ayının 24-də qətlə yetirilib. İvaşovka kəndində mənzillərdən birində səhər saatlarında üçü kişi olmaqla altı nəfərin cəsədi aşkar edilib. Aparılan araşdırmalar nəticəsində öldürülənlərdən birinin keçmiş polis rəisi Andrey Qoşt, digərlərinin isə onun ailə üzvləri olduğu məlum olub. Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, sabiq polis rəisi və onun ailə üzvləri Samara vilayətində mənzilə edilən hücum nəticəsində öldürülüb. Ailə üzvləri dəmirlə döyülüb. Hadisə baş verən ərazidə həmçinin qapalı kəllə-beyin travması və sümükləri sınmış 7 yaşlı qız da tapılıb. O, dərhal xəstəxanaya çatdırılıb.