31 May 2016 17:43
3 166
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sifarişli qətl, quldurluq və narkotik maddələrin satışında təqsirli bilinən mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin martında Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şəki şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri və zəruri istintaq hərəkətləri nəticəsində sifarişli qətl, quldurluq, oğurluq və narkotik maddələrin satışında təqsirli bilinən 10 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstənin üzvləri yaxalanıb. Dəstə üzvləri Oruc Şirəliyevin qətlini sifariş verməkdə, qətli icra etməkdə və digər ağır cinayətlərdə ittiham ediliblər.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Mustafayev ömürlük, Sevinc Şirəliyeva 15 il, İqbal Cumayev 15 il, Elçin Məmmədov 14 il, Bürhan Şirəliyev 15 il, Ruslan Rəfiyev 8 il 6 ay, Mikayıl Mustafayev 10 il 6 ay, Rüfət Hüseynəliyev 10 il 6 ay, Kamran Qafarov 12 il 6 ay, Rüfət Nurəliyev 2 il müddətinə azadlıqdan məhrum edilib.

Teleqraf.com-a bu cinayət işi üzrə materiallar daxil olub. Hadisənin şok təfərrüatlarını təqdim edirik.
əvvəli bu linklərdə:

http://teleqraf.com/news/97838

http://teleqraf.com/news/97975

http://teleqraf.com/news/98107

http://teleqraf.com/news/98340

http://teleqraf.com/news/98448

http://teleqraf.com/news/98652

http://teleqraf.com/news/98898

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İqbal Cumayev bildirib ki, gözlərinin zəifliyi ilə əlaqədar 2002-ci ildən 2-ci qrup əlildir: “Vüsal heç vaxt mənimlə Elçin barədə söhbət etməyib. 2013-cü ilin aprel ayının ortalarında Vüsal çayxanaya adının Bürhan olduğunu sonradan bildiyim bir cavan oğlanla gəldi və stol-stulları Bürhanın atasının yas yeri üçün apardı. Elə həmin vaxt Vüsal yas olan evin qapısında 2 maşın olduğunu və darısqallıq yarandığını bildirdi. Onları müvəqqəti çayxananın arxasına qoymağa icazə istədi. Mən də evakuatorun nömrəsini verdim. Vüsal həmin nömrəyə zəng vurandan sonra asfalt zavodunun həyətinə 2 ədəd “Qazel” markalı mikroavtobus gətirdi”.

“Pulu Vüsala çatdırdım”

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin söhbət zamanı rəhmətə gedənin Məmmədin qardaşı Oruc olduğunu, Rusiyada rəhmətə getdiyini bilib və yas yerində iştirak edib: “Yasdan sonra Vüsal asfalt zavodunun həyətində saxlanılan “Qazel” markalı mikroavtobuslara müxtəlif adamları müştəri kimi gətirdi. Vüsal Məmmədgilin yasdan borclu düşdüklərini, maşınların ikisini 2100 manata satdıqlarını dedi. Həmin ərəfədə, yəni 2013-cü ilin yayında mövsümlə əlaqədar yük maşınlar ilə qarpız, meyvə daşıyıb satmaqla pul qazanmaq fikrinə düşdüyümdən Vüsala təklikdə iki maşına görə 1600 ABŞ dolları təklif etdim. Razılaşdıqda kiçik qardaşım Amalın adına “Respublika” bankından 1600 ABŞ dolları məbləğində kredit götürdüm. Həmin pulu Amalın vasitəsi ilə Vüsala çatdırdım”.

“Adamı namus üstündə öldürərlər”

İqbal Cumayevin bildirdiyinə görə, maşınların sənədləşməsi məsələsi ortaya gələndə Vüsal ondan qaçmağa başlayıb: “Elə həmin ərəfədə daimi müştərilərindən olan taksi sürücüsü Rüfət Hüseynəliyev yanıma gəldi və Vüsalı niyə öldürmək istədiyimi soruşdu. Mən də ona “adamı namus üstündə öldürərlər, Vüsal mənə qarşı nə namussuzluq edib ki, onu öldürüm?” deyə cavabını verdim. Rüfət Hüseynəliyev məsələnin şayiə olduğunu aydınlaşdıqdan sonra Vüsaldan maşınları Amalın adına sənədləşdirməyi tələb etdi. Vüsal isə Orucun ölümünün 6 ayı tamam olanda vərəsəlik sənədi alan kimi maşınları sənədləşdirəcəyini bildirdi”.

“Nə vaxtdan “MTN işçisinin” “razborka”sına avtoritetlər gəlir?”

İqbal Cumayev bildirib ki, 2013-cü ilin avqust ayının 6-da çayxanaya Vüsal, Vüqar Lətifov və tanımadığı daha 3-4 nəfər gəlib və ayrı-ayrı stollarda oturublar: “Vüqar məndən “Qazel” maşınları Vüsalın əlindən niyə zorla aldığımı soruşdu. Mən isə gülərək Vüqara “nə vaxtdan “MTN işçisi”nin “razborka”sına avtoritetlər gəlir?” dedim. Vüsalın özünü MTN işçisi kimi təqdim etməsi və axtarışda olan adamı tutmaqda köməklik istəməsi, Şəkidə “polojeniya” qurmaq təklifi barədə olanları Vüqara danışdım. Vüsalın verdiyi həmin axtarışda olan şəxsin şəklini çıxararaq ortaya qoydum, pul verərək maşınları aldığımı dedim. Vüsal isə “İqbal maşınları mənim ona borclu olduğum 1000 manatın əvəzinə zorla əlimdən alıb, halbuki, onun 1000 manatını taksi ilə göndərmişəm” dedi. Bu “razborka” Vüsalın maşınlara görə aldığı pulu avqustun 7-dək qaytaracağı, ya da maşınları sənədləşdirəcəyi barədə qərarla nəticələndi”.

“Məndən qətl üçün adam tapmağı xahiş etməyib”

İqbal Cumayev qeyd edib ki, həmin söhbət zamanı Vüsal danışıqların soyuducunun üstündəki mobil telefonla yazılmasını görüb və aranı qarışdırıb: “Söhbətdə Elçin və Rüfət Nurəliyev iştirak etmədilər. Elçinlə Vüsalın arasında hər hansı söhbət, mübahisə, tələb olmasından, Vüqar Lətifovun məsələyə qarışmasından xəbərim yoxdur. Vüsal Mustafayev məndən hər hansı qətl üçün adam tapmağı xahiş etməyib. Orucun öldürülməsindən, Elçinin buna görə Vüsaldan pul tələb etməsindən məlumatım olmayıb. Elçinlə Vüsal arasında çoxdan tanışlıq olub. Bürhanın özü şəxsən mənə Məmmədin oğlunun Rusiyada hansısa qızı zorladığına görə atasının dağıstanlılar tərəfindən öldürüldüyünü deyib. Vüqar və başqaları ilə “razborka” deyilən söhbətdə “Qazel” maşınlardan başqa söhbət olmayıb. Orucun dəfndən sonrakı vaxtlarda bir dəfə Vüsal mənə “Orucun Rusiyada dükanını bağlayıblar, müsadirə olunmaması üçün oraya getmək lazımdır, sən rus dilini yaxşı bilirsən, bizimlə gedək”, -deyə bildirib. Mən də Vüsalla birlikdə Bürhanın idarə etdiyi maşında getmişəm, Yalama postunda Bürhan VAZ-2107 markalı maşını etibarnamə ilə sürdüyünə görə buraxılmadı və Şəkiyə qayıtmalı olduq. Elçinin dediyinə görə, 2012-ci ildə Vüsal İqbaldan qisas alacağını, özünü tutdurub ailəsinə sahib olacağını deyib. Yəni Vüsal mənimlə daim ədavət apardığı üçün Orucun qətlinə qarışdırmaq istəyib”.

“Cibimə nəsə atdığını hiss etdim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 23 fevral 2014-cü il tarixdə, saat 15 radələrində Şəki şəhər polis şöbəsinin müstəntiqi Rüfət Müstafazadə onu polis şöbəsinə çağırıb: “Mən də həmin çağırışa əsasən oraya getmişəm. Polis şöbəsinə yaxınlaşanda, Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən İdman Sağlamlıq Kompleksinin qarşısında mülki geyimli bir neçə polis işçisi məni saxladı və maşına mindirərək Şəki Olimpiya kompleksinin yanına apardı. Orada isə başqa polis işçiləri məni Bakı şəhərinə gətirdilər. Bakıya aparıldığım maşında bir tərəfimdə sonradan hal şahidi olduğunu bildiyi bir nəfər, digər yanımda isə əməliyyatçı oturmuşdu. Bakıya tərəf xeyli getdikdən sonra hal şahidi olan şəxsin cibimə nəsə atdığını hiss etdim. Cibimə nə qoymasını soruşsam da, mənə cavab verilmədi. Əllərim bağlı olduğundan cibimə baxa bilmədim. Bakı şəhərində yerləşən Narkotiklərlə Mübarizə Baş İdarəsinə gətiriləndən sonra mənə dedilər ki, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmağım barədə məlumat daxil olub, buna görə üstümə baxış keçiriləcək. Üstümə baxış keçirilərkən əynimdəki gödəkcənin sağ yan cibindən siqaretin salafanına bükülmüş bir ədəd büküm aşkar edildi”.

(Ardı var)

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər