5 Oktyabr 2017 19:20
1 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı görüşdə giriş və yekun nitqi ilə çıxış edib. Prezident nitqində dövlət və cəmiyyət həyatının bütün sahələri ilə bağlı fikirlərini bölüşüb. Dövlət başçısının nitqində Dağlıq Qarabağ münaqişəsinə və bu münaqişənin hələ də həll edilməməsinə xüsusi yer ayrılıb. Qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının əsas səbəbi Ermənistanın status-kvonu dəyişməz olaraq saxlamaq cəhdidir.

Prezident Avropa İttifaqı və Azərbaycan arasında yeni sazişin ikitərəfli münasibətlərdə yeni səhifə açacağını bildirib. Azərbaycanın müxtəlif sahələr – enerji, nəqliyyat sahələri üzrə Avropa İttifaqı ilə sıx əməkdaşlıq əlaqələrinə malik olduğunu vurğulayıb.

Prezident Avropa Şurasında son vaxtlar Azərbaycan əleyhinə ucalan yeni səslərə də münasibət bildirib. Deyib ki, Azərbaycan Avropa Şurasını tərk etsə, ölkənin həyatında heç nə dəyişməyəcək. İlham Əliyev Azərbaycanda Avropa Şurası ilə bağlı ictimai rəyin müsbət olmadığını deyib, bunun səbəblərini açıqlayıb.

Dövlət başçısı Azərbaycanı gələcəyə çox aydın baxışı olan sabit, müasir, inkişaf edən ölkə adlandırıb, müstəqillik illərində Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayıb. “Azərbaycan bütün azadlıqların təmin olunduğu demokratik ölkədir” deyən Prezident qeyd edib ki, inkişafımıza sevinməyən və ya Azərbaycanda hökmranlıq etmək arzusunda olan müəyyən dairələr onu gözdən salmağa çalışırlar.

Dövlət başçısının çıxışına münasibət bildirən siyasi icmalçı Elxan Şahinoğlu görüşdə müzakirə olunan məsələləri aşağıdakı kimi qruplaşdırıb:

– Dağlıq Qarabağ münaqişəsi;

– Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər, tərəflər arasındakı strateji anlaşma və enerji layihələri;

– İnsan haqları ilə bağlı məsələlər;

– Azərbaycanla Avropa Şurasında arasındakı münasibətlər.

E.Şahinoğlu bildirib ki, görüşdə bu mövzular ətrafında açıq müzakirə getdi: “Avropalı qonaqlar Prezidentə çoxsaylı suallar verdilər. Heç bir sual cavabsız qalmadı. Görüşdə Dağlıq Qarabağ ən çox müzakirə olunan mövzulardan idi. Çünki bu problemin həll olunmaması birbaşa Avropanın da təhlükəsizlik maraqlarına toxunur. Prezident İlham Əliyevin sözlərindən aydın oldu ki, Ermənistan danışıqlardan yayınır. İrəvan ötən ilin aprel savaşından sonra da eyni taktikaya üstünlük verdi. İddia etdilər ki, atəşkəsi guya Azərbaycan pozub və belə vəziyyətdə Ermənistan hakimiyyəti danışıqlarda iştirak etməyəcək. Ancaq üstündən bir neçə gün sonra yenidən danışıqlara qatıldılar. Çünki Moskvadan əmr aldılar və bu əmrə tabe olmaqdan başqa alternativləri yox idi. Elə indi də, əgər Moskvadan yenə əmr alsalar başlarını aşağı salıb danışıqlara qatılacaqlar. İlham Əliyev avropalı qonaqların diqqətinə onu çatdırmaq istəyirdi ki, danışıqlara qatılmamaq, status-kvonun uzanması yenidən bölgədə toqquşma ehtimalını artıracaq. Prezidentin Dağlıq Qarabağ ətrafındakı 7 rayonun işğal altında saxlaması faktını xatırlaması isə o demək idi ki, erməni separatçıları bu rayonlardan şantaj predmeti kimi istifadə etdikcə vəziyyət normallaşmayacaq. İlham Əliyevin Avropaya mesajı bu şəkildə idi: Avropa Azərbaycanın işğalına seyrçi qaldıqca və Ermənistan hakimiyyətinə təsir etmədikcə müharibə ehtimalı azalmayacaq. Prezident Qarabağdan danışarkən avropalı qonaqlara Şimali İraq və Kataloniyadakı referendumları da xatırlatdı və bununla demək istədi ki, xalqların öz müqəddəratının təyinetmə hüququ ərazi bütövlüyü prinsipinə zidd olmamalıdır, Helsinki Yekun Aktı da məhz bu yanaşmanı diqtə edir. Şimali İraq və Kataloniyadakı referendumlar iki fərqli bölgədə gərginliyə səbəb olub. Şimali İraqdakı referendum bölgədə hər an toqquşma ehtimalını artırıb. Türkiyə, İran və İraq müstəqil Kürdüstan dövlətinin yaradılmasının əleyhinədir, bunun bölgə üçün dağıdıcı olacağını vurğulayırlar. Eləcə də Kataloniyadakı referendum İspaniyanın ərazi bütövlüyünün şübhə altına alınmasına yönəlib. Aydındır ki, Bağdad kimi Madrid də ərazisinin itirilməsi ilə razılaşmayacaq, separatçılara müqavimət göstərəcək.

Avropa bu iki referenduma qiymət verməkdə çətinlik çəkir. Doğrudur, Avropa İttifaqı həm İraqın, həm də üzvü olan İspaniyanın ərazi bütövlüyünü dəstəkləyir, ancaq separatizmə qiymət verməkdə də çətinlik çəkir. Belə davam etdikcə Avropanın özündə bölünmə prosesi sürətlənəcək. İlham Əliyev avropalı qonaqların diqqətinə onu çatdırmaq istəyirdi ki, Brüssel bu məsələlərdə çaşbaş qalınca vəziyyət Avropa İttifaqının zərərinə inkişaf edəcək. Separatçılıq hər yerdə pislənilməlidir”.

E.Şahinoğlu Avropa ilə münasibətlərdə sualların sayının çox olmasına baxmayaraq Bakı ilə Brüsel arasında dialoqun davam etdirilməsini vacib sayır: “Bütün məsələlər dialoq yolu ilə həll olunmalıdır. Gərginliyə getmək olmaz”.

Analitik hesab edir ki, Azərbaycan AŞ PA-nı tərk etsə Ermənistan Azərbaycanın bu təşkilatda yoxluğundan istifadə edərək Azərbaycan əleyhinə qətnamələr qəbul etmək imkanı qazana bilər: “Digər tərəfdən, Avropa İttifaqına üzv ölkələr Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Prezident İlham Əliyev də görüşdə vurğuladı ki, Azərbaycanın enerji məhsulları əsasən Avropa bazarına yönəlib. Tikilməkdə olan TAP və TANAP boru xətlərinin məqsədi də elə budur. Digər tərəfdən Avropa İttifaqı ilə Azərbaycan arasında strateji əməkdaşlıq sazişi imzalanmalıdır. Bu istiqamətdə çalışmalar davam edir. Azərbaycan Avropanın hər hansı təşkilatından uzaqlaşsa Rusiya və işğalçı Ermənistan Azərbaycanın Avropadan uzaqlaşmasından öz məqsədləri üçün istifadə edə bilərlər. Ona görə də nə Moskvaya, nə də İrəvana belə bir fürsəti vermək olar. Bu mənada Azərbaycan Prezidentinin Avropa İttifaqının “Şərq Tərəfdaşlıq Proqramı”nın zirvə toplantısına qatılmaq qərarının doğru olduğu qənaətindəyəm”.


Müəllif: Səxavət HƏMİD