12 Avqust 2014 15:15

Rafiq Manaflı: “İbrahimbəyovun siyasi fəaliyyətlə məşğul olmaması doğru deyil”

Eldəniz Quliyev: “Rafiq Manaflının ilk günlərdən İbrahimbəyova qərəzli münasibəti olub”

Milli Şurada növbəti dəfə fikir ayrılığı yaranıb. Bu dəfəki fikir ayrılığı Rüstəm İbrahimbəyovla bağlıdır. Belə ki, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı Rüstəm İbrahimbəyovu ciddi tənqid edib. Buna səbəb isə İbrahimbəyovun Leyla Yunusun həbsi ilə əlaqədar Milli Şuraya göndərdiyi məktubda özünün də siyasi fəaliyyətinə toxunması olub. İbrahimbəyov məktubunda qeyd edib ki, ictimai-siyasi fəaliyyəti əsasən əsərlərində öz əksini tapır, onun öz şəxsi problemlərimin həlli ilə məşğul olmaq haqqı var.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı isə bu mövqeyinə görə, İbrahimbəyovu ciddi tənqid edib. Milli Şura üzvü elan edib ki, əslində yaradıcılıqla siyasi fəaliyyət bir-birini inkar edə bilməz. Onun sözlərinə görə, İbrahimbəyov Milli Şuranın fəxri sədri seçiləndən sonra faktiki olaraq siyasi fəaliyyət göstərməyib.

İbrahimbəyovun siyasi fəaliyyətini daima tənqid edən Manaflı İbrahimbəyovun şəxsi problemlərinin qabartması məsələsinə kəskin reaksiya verib: “Bəyəm, Azərbaycanda siyasi fəaliyyətlə məşğul olanların şəxsi problemləri yoxdur? Müxalifətdə olan hər kəsin şəxsi problemləri mövcuddur. Lakin buna rəğmən siyasi fəaliyyət davam edir. Hesab edirəm ki, İbrahimbəyovun şəxsi problemlərini qabardaraq siyasi fəaliyyətlə məşğul olmamasını iddia etməsi doğru deyil. Fəxri sədr vəzifəsini də Rüstəm İbrahimbəyova hörmət əlaməti olaraq vermişik”.

Milli Şuranın digər üzvü Eldəniz Quliyev isə Rafiq Manaflının fikirlərinə kəskin etiraz edib. O, həmçinin əlavə edib ki, İbrahimbəyov adından Milli Şuraya məktub daxil olmayıb: “Mən hazırda bu məsələyə münasibət bildirməkdə çətinlik çəkirəm. İbrahimbəyovla yaxın günlərdə əlaqə saxlamalıyam. Əlaqə saxlayandan sonra daha konkret danışmaq imkanım olacaq. Hesab edirəm ki, Milli Şuranın İbrahimbəyovdan narazı qalması üçün əsas yoxdur. Mən bildiyim qədər Rüstəm İbrahimbəyov fəaliyyət göstərir və bədii əsərlərində də onun Azərbaycanı necə görmək istəməsinə rast gəlinir. Mən Milli Şurada İbrahimbəyova qarşı narazılıq görməmişəm”.

Eldəniz Quliyev daha sonra deyib ki, Rafiq Manaflının elə ilk günlərdən Rüstəm İbrahimbəyova qərəzli münasibəti olub: “Onun dediyini ciddiyə almıram. Hər hansı bir şəxsin fikrinə rəy sərgiləyəndə müəyyən ierarxik nərdivanı gözləmək lazımdır. Məsələn, Rafiq Manaflının Rüstəm müəllim haqda fikir bildirməyi etik normalara uyğun gəlmir. Bu mənim Roma papası haqda fikir bildirməyimə bənzəyir”.

Quliyev fəxri sədr vəzifəsinin İbrahimbəyova hörmət əlaməti olaraq verilməsi fikrinin də yanlış olduğunu vurğulayıb. Onun sözlərinə görə, Milli Şura ideyası İbrahimbəyova məxsus olub, bu qurumda onun memarlığı sayəsində yaranıb. Necə ola bilər ki, bu vəzifəni ona hörmət olaraq versinlər. Məncə, bu absurd fikirdir. Odur ki, Rafiq Manaflının fikirlərini şərh eləməyi düzgün hesab etmirəm”.

Cavidan


Müəllif:
Загрузка...