15 Avqust 2014 12:21

Aydın Mirzəzadə: “Bu, böyük bir hadisədir”

“Dövlətçilikdə belə bir praktika var. Dövlət və yaxud hökumət başçısı seçilən şəxs ilk səfərini ona ən yaxın olan ölkəyə edir və bununla da özünün xarici siyasətində prioritetini göstərmiş olur. Bu gün Türkiyənin yeni prezidentinin ilk səfərini arzulayan çox sayda dövlətlər var. Ancaq cənab Ərdoğanın ilk səfərini Azərbaycana edəcəyi barədə verdiyi bəyanat onun Azərbaycanla münasibətlərə yüksək qiymət verməsindən, ölkəmizlə Türkiyənin dostluğunu möhkəmləndirmək niyyətindən, ən əsası isə bu iki dost, qardaş türk respublikasının bundan sonra da bütün məsələlərdə bir yerdə olmaq istəyindən xəbər verir. Başqa sözlə səfərin ilk olaraq Azərbaycana edilməsi böyük bir hadisədir. Bu səfər Azərbaycan xalqı tərəfindən maraqla gözlənilir və ümid edirik ki, səfər vasitəsilə dövlətlər bir-birinə daha yaxın olacaq və bu dostluğu möhkəmləndirməyin daha yeni yolları axtarılacaq”.

Bunu Teleqraf.com-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini Aydın Mirzəzadə deyib.

Qeyd edək ki, dünən Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın bu postda ilk səfər edəcəyi ölkələr məlum olub. Bunu Ədalət və İnkişaf Partiyasının (AKP) yaranmasının ildönümü münasibətilə keçirilən tədbirdə R.T.Ərdoğan özü açıqlayıb. O, prezident postunda ilk səfərini Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətinə edəcəyini bildirib. Onu da bildirək ki, prezident İlham Əliyev prezident seçilməsi münasibətilə R.T.Ərdoğana göndərdiyi təbrik məktubunda onu Azərbaycana səfərə dəvət etmişdi.

A.Mirzəzadə, həmçinin deyib ki, Türkiyənin görkəmli dövlət və siyasi xadimi R.T.Ərdoğanın ölkənin 12-ci dövlət başçısı seçilməsi qanunauyğun bir hadisə idi: “Onun baş nazir kimi fəaliyyəti ölkənin qüdrətlənməsinə və beynəlxalq birlikdə daha yüksək nüfuz qazanmasına səbəb olmuşdu. Cəmiyyətdə yüksək nüfuzu var idi. Parlament və bələdiyyə seçkilərini bu partiya bir qayda olaraq tək siyasi qüvvə olaraq udurdu və onun birinci turda prezident seçilməsi tamamilə qanunauyğun idi. Onu ilk təbrik edənlərdən biri Azərbaycan prezidenti cənab İlham Əliyev oldu. Cənab Əliyevlə Ərdoğanın 10 ildən çoxdur ki, sıx dostluq münasibətləri var və hər iki liderin ölkələrin dostluğunun möhkəmlənməsində, birgə fəaliyyət göstərilməsində böyük xidmətləri var. Azərbaycan prezidenti Rəcəb Tayyib Ərdoğanı ölkəmizə rəsmi dövlət səfərinə dəvət etdi və bu dəvət böyük məmnuniyyətlə qəbul edildi”.

Səxavət


Müəllif:
Загрузка...