21 May 2014 18:56
1 145

“Bəyəm, əhəng belə bahalı şeydir?”

“Bu, çox qərəzli bir məlumatdır. Ortada icraçıların məsuliyyətsizliyi faktoru ola bilər”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında İsmayıllı rayonunun deputatı Novruz Aslan ölkə prezidenti İlham Əliyevin həmin rayona gələcəyi nəzərə alınaraq ağacların yarımçıq rəngləndiyi barədə yayılan videoya münasibət bildirərkən deyib.

Yayılan videoda qeyd edilir ki, İsmayıllının icra başçısı Mirdamət Sadıqov ölkə prezidenti İlham Əliyevin həmin rayona gələcəyini nəzərə alaraq ağacların gövdəsinin ağardılması barədə göstəriş verib. Lakin yerli məmurlar ağacların yalnız Prezidentin görə biləcəyi ön hissələrini ağardıblar.

N.Aslan qeyd edib ki, icra başçısının belə göstəriş verməsi mümkün deyil: “Başçı heç vaxt göstəriş verə bilməz ki, ağacın yarısı rənglənsin, yarısı qalsın. Hansı məntiqlə məmur gördüyü işə yarımçıq göstəriş verə bilər? Bəyəm əhəng belə bahalı şeydir? Orada icraçıların məsuliyyətsizliyi faktoru ola bilər. Yeni təyin olunan icra başçısı Mirdamət Sadıqov çox gözəl ziyalıdır, peşəkarcasına iqtisadiyyatı bilən adamdır, professordur, onlarla kitabın, yüzlərlə monoqrafiyanın müəllifidir. İqtisadiyyatın tam əsaslarını özündə mənimsəyən və geniş təfəkkürlü insandır. Nəinki icra başçısı, heç JEK-in müdirinin belə göstəriş verməsinə inanmaram. Kim göstəriş verər ki, ağacı yarımçıq rənglə? Açıq görünür ki, bu, qərəzli mövqedir. Bu işləri kim nə niyyətlə edirsə, bizi yaradan qüvvə onları görür. Bu gün İsmayıllıda quruculuq işlər görülür, çox böyük işlər də görüləcək”.

N.Aslanov İsmayıllının icra başçısı ilə əlaqə saxlayıb və öyrənib ki, sözügedən videoda göstərilən obyekt hansısa sahibkara məxsusdur: “Mirdamət müəllimlə telefonla əlaqə saxladım, bildirdi ki, İcra Hakimiyyəti ağacların ağardılması ilə bağlı hər hansı göstəriş verməyib”.

Nərgiz


Müəllif: