27 İyul 2016 19:22
7 283

Abşeron rayon sakini, 1991-ci il təvəllüdlü Fizuli Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Teleqraf.com xəbər verir ki, Fizuli Ələkbərov 18 avqust 2012-ci ildə, saat 14.00 radələrində Abşeron rayonunun Güzdək qəsəbəsində yaşayan həmkəndlisi, 1997-ci il təvəllüdlü Elnarə Məmmədovaya (ad və soyad şərti verilib) əxlaqsız hərəkətlər edib.

Fizuli Ələkbərov Güzdək qəsəbəsində yaşayan bacısıgilin evinin yaxınlığında Elnarə Məmmədova ilə qeyri-təbii yolla cinsi əlaqədə olub. Hadisə 2012-ci ildə baş versə də, Fizuli Ələkbərovdan hüquq-mühafizə orqanlarına 2015-ci ilin mayında şikayət edilib. Həmin ilin mayın 21-də Fizuli Ələkbərov həbs edilib.

Fizuli Ələkbərov Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham edilib.

“Elnarə ilə cinsi əlaqədə olmamışam”

Abşeron rayon Məhkəməsinin hökmü ilə Fizuli Ələkbərov 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Fizuli Ələkbərov apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Onun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Fizuli Ələkbərov bildirib ki, Elnarə Məmmədovanı qonşu kimi uşaqlıqdan tanıyıb: “2012-ci ilin yay aylarında Elnarəni bacımgilin yaşadığı həyətin yaxınlığına çağırdım. Həmin gün günorta Elnarə dediyim yerə gəldi. Orada Elnarə ilə görüşdük. Lakin onunla heç bir cinsi əlaqədə olmamışam”.

Cinayət işi üzrə ibtidai araşdırma zamanı dindirilərkən təqsirləndirilən şəxs Fizuli Ələkbərov məhkəmə iclasında verdiyi ifadəsindən fərqli olaraq göstərib ki, 2012-ci ilin yay aylarında Elnarə Məmmədovanın mobil telefonuna zəng edib və günorta vaxtı yaşadıqları qəsəbədəki dağın başına, bacısının yaşadığı evin yaxınlığına gəlməsini xahiş edib: “Həmin vaxt Elnarə mənimlə razılaşdı və dediyim yerə gəldi. Həmin vaxtı Elnarə həmkəndlimiz İxtiyarı sevdiyini söylədi. Sonra Elnarə paltarını soyunaraq mənimlə öz razılığı ilə qeyri-təbii yolla cinsi əlaqədə oldu”.

“Məni sevdiyini bilməmişəm”

Zərərçəkmiş şəxs qismində dindirilən Elnarə Məmmədovanın sözlərinə görə, valideynləri ilə birlikdə Abşeron rayonu Güzdək qəsəbəsində yaşayır: “Yaşadığım qəsəbədəki tam orta məktəbin 8-ci sinfində oxuduğum vaxt həmin məktəbin 11-ci sinfində oxuyan qohumum İxtiyarı sevdiyim üçün evlimizdə olan telefonla onun mobil telefonuna zəng etmişəm. Bir neçə dəfə onunla telefonda danışsam da, İxtiyarın məni istəyib-istəməməsini bilməmişəm. İxtiyarla heç vaxt görüşməmişəm”.

“Yaxın gəlməyimi tələb etdi”

Zərərçəkmişin sözlərinə görə, 18 avqust 2012-ci il tarixdə səhər saatlarında onunla eyni qəsəbədə yaşayan və eyni məktəbdə oxumuş Fizuli Ələkbərov yaşadıqları evin telefonuna zəng vurub və İxtiyarı istəməsi barədə məlumatlı olduğunu bildirib: “Fizuli bununla bağlı mənimlə görüşərək söhbət etmək istədiyini söylədi. Mən də razılaşdıqdan sonra Fizuli məni görüşmək üçün həmin gün saat 14 radələrində Abşeron rayonu Güzdək qəsəbəsində yaşayan bacısıgilin həyətinin yaxınlığına gəlməyimi xahiş etdi. Mən də razılaşaraq həmin yerə getdim. Ora çatanda Fizuli artıq orada idi. Fizuli məni görən kimi yaxın gəlməyimi tələb etdi”.

“Qanlı paltarımı bostanda yandırdım”

Elnarə Məmmədova qeyd edib ki, həmin vaxtı Fizulinin onu pis fikirlə yanına çağırdığını hiss edib və geri qayıtmaq istəyib: "Bu zaman Fizuli babamın mobil nömrəsini öz telefonunun ekranında yazaraq mənə göstərdi və yaxın gəlmədiyim halda, babama zəng edərək İxtiyarı sevməyimi, onunla telefonda danışmağımı söyləyəcəyini bildirdi. Fizulinin bu hədəsindən qorxdum və ona yaxınlaşdım. Bu zaman Fizuli əlimdən tutaraq arxamı çevirməyimi tələb etdi. Mən də onun tələbini yerinə yetirdim. Sonra Fizuli razılığım olmadan mənimlə qeyri-təbii yolla cinsi əlaqədə oldu. Fizuli mənimlə təxminən 5 dəqiqə cinsi əlaqədə olandan sonra buraxdı.Bundan sonra qaçaraq evimizə gəldim. Bu barədə valideynlərimə heç bir söz demədim. Qanlı paltarımı həyətimizdəki bostanda yandırdım”.

“Mənə gizli nömrədən zəng edirdi”

Cinayət işi üzrə şahid qismində dindirilən İxtiyar Əlihüseynli ifadəsində göstərib ki, 2011-ci ilin əvvələrində onun mobil telefonuna naməlum nömrədən zəng gəlib: “Telefonda danışan qız səsini dəyişdirərək özünü təqdim etmədən mənimlə tanış olmaq istədiyini bildirdi. Mən də danışanın kim olduğunu soruşdum. Lakin həmin qız özünü təqdim etmədi, bundan sonra həmin qız bir neçə dəfə mənə gizli nömrələrdən zəng edərək özünü təqdim etmədən söhbət edib. Hər dəfə həmin qızdan kimliyini soruşsam da, həmin qız kimliyini bildirmədi. Mən də əks halda danışmayacağımı dedim. Bundan təxminən 2 ay sonra yaşadığım qəsəbənin içərisi ilə əmimgilə gedərkən həmin qız yenə mobil telefonuma gizli nömrədən zəng vurdu. Telefonda danışarkən qız həmin günü məni gördüyünü söylədi. Mən də həmin gün yaşadığım qəsəbədən kənara çıxmadığım üçün danışan həmin qızın qəsəbə sakini olduğunu yəqin etdim və az sonra gəldiyim yol ilə geriyə, evimizə qayıdarkən küçəyə açılan pəncərələrdən həmin qızın mənimlə eyni məktəbdə oxumuş Elnarə olduğunu müəyyən etdim”.

“Məni sevdiyini bildirirdi”

İxtiyar Əlihüseynli qeyd edib ki, növbəti zəngdə həmin qıza Elnarə olduğunu söyləyib: “Bundan sonra Elnarə həqiqəti etiraf etdi. Daha sonra Elnarə hər gün ev telefonlarından zəng vuraraq məni sevdiyini bildirdi. Mən isə onu sevmədiyimi dedim və bir daha mənə zəng vurmamasını xahiş etdim. Lakin Elnarə sözlərimi eşitməyərək hər gün bir neçə dəfə mobil telefonuma zəng vurub”.

Şahidin sözlərinə görə, bir müddət sonra, 2011-ci ilin yay aylarında Elnarənin babası ona zəng vuraraq ev telefonlarından onun mobil telefonuna dəfələrlə zənglərin getməsini bildirib: “Mən də həmin zəngləri nəvəsi Elnarənin vurduğunu söylədim. Bundan sonra Elnarənin həmin zəngləri təxminən 1-2 ay səngidi”.

İxtiyar Əlihüseynli bildirib ki, 2011-ci ilin sentyabr ayında Elnarə yenidən zəng vurmağa başlayıb: “Elnarə zəng edərək məni sevdiyini və görüşmək istədiyini bildirdi. Məndə onunla evlənmək niyyətim olmadığını və bu barədə kənd içində bilindiyi halda barəsində kənddə pis fikir formalaşacağını izah etdim və mənə zəng vurmamasını xahiş etdim”.

“Məni narahat etməməsini istədim”

Şahidin sözlərinə görə, 2011-ci ilin oktyabr-noyabr aylarında tarixini dəqiq xatırlamadığı gündə Elnarə ona zəng vurub və həyətlərindəki bostana dəvət edib: “Mən də Elnarədən hansı niyyətlə dəvət etdiyini soruşdum. Elnarə mənimlə görüşmək istədiyini söylədi. Elnarənin sözlərindən niyətini başa düşdüm və danışığı kəsdim. Məcbur qalaraq bundan bir neçə gün sonra Elnarənin Güzdək qəsəbəsində yaşayan bibisi oğlu Eldar ilə görüşdüm və ona Elnarənin zəng vuraraq məni narahat etdiyini söylədim, bu barədə Elnarənin valideynlərinə bildirməsini xahiş etdim. Elnarənin bibisi oğlu da sözlərimə inanmayaraq məndən sübut istədi. Mən də Elnarədən telefonuna gələn zəngləri telefonumun finksiyası vasitəsi ilə onun mobil telefonuna yönləndirdim. Elə həmin günün axşamı Eldar zəng vuraraq sözlərimə inandığını və Elnarənin valideynlərinə bu barədə məlumat verdiyini bildirdi”.

“Elnarə ilə cinsi əlaqədə olduğunu söylədi”

İxtiyar Əlihüseynli bildirib ki, həmin gündən sonra Elnarənin ona olan zəngləri təxminən 5 ay müddətinə kəsilib: “Lakin sonradan Elnarə yenidən zəng vurmağa başladı. Mən isə əksər hallarda Elnarənin zənglərinə cavab vermədim, cavab verdiyim halda da ona zəng vurmamasını söylədim. Lakin Elnarə ağlayaraq mənimlə danışmaq istədiyini, məni sevdiyini, mənim üçün dəli-divanə olduğunu, görüşmək istədiyini bildirdi. Mən isə Elnarənin zənglərindən bezdiyim üçün həmin zənglərə cavab vermədim”.

İxtiyar Əlihüseynli qeyd edib ki, 2012-ci ilin yay aylarında Elnarənin nənəsi Şərəfxanıma zəng vurub: “Şərəfxanıma nəvəsi Elnarənin hər gün mənə zəng etdiyini, məni narahat etdiyini söylədim. Ondan bunun qarşısını almasını xahiş etdim. Həmin gündən sonra Elnarənin mənə olan zəngləri kəsildi. 2012-ci ilin avqust ayında tarixini dəqiq xatırlamadığım gündə həmkəndlim Fizuli Ələkbərov mənə zəng vuraraq bir gün əvvəl Elnarə ilə Güzdək qəsəbəsindəki təpənin üstündə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu söylədi”.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim kollegiyası sonda qərar elan edib. Qərara görə, Fizuli Ələkbərovun apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif: