19 Sentyabr 2017 12:55
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsan alverində təqsirləndirilən Namiq Cahangirov, Məqsud Əliyev, Ataməli Əliyev, Ədalət Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə onların barəsində bəraət hökmü çıxarıb.

İttiham aktına əsasən, həmin şəxslər Ukrayna vətəndaşını Azərbaycanda istismar etməkdə təqsirli biliniblər.

Cinayət işinin materiallarına əsasən, Ukrayna vətəndaşı olan bir kişi mütəmadi olaraq işləmək üçün Azərbaycana gəlirmiş. 1999-cu ildə onunla ailəsi arasında əlaqə kəsilib. Onu kirayələyən şəxslər ukraynalının sənədlərini, şəxsiyyət vəsiqəsini əlindən alıblar, özünü pis qidalandırıblar, tez-tez döyüblər və fermada heyvanlara (donuzlara) baxmağa məcbur ediblər.

Qışda kişi soyuq su ilə çimməyə vadar edilib. Beləliklə, xarici vətəndaş nökərə çevrilib. Onun asılı vəziyyətindən istifadə edən sahibkarlar, onu istismar etmək üçün əldən-ələ veriblər.

2012-ci ildə Ukraynada onu xəbərsiz itkin düşmüş hesab ediblər və qeydiyyatdan çıxarıblar. Zərərçəkmişin yaxınlarını tapmaq mümkün olmayıb.

İstintaq dövründə Namiq Cahangirov, Məqsud Əliyev, Ataməli Əliyev və Ədalət Əliyev barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 144-2.2.6-cı (insan alveri, qabaqcadan mütəşəkkil dəstə tərkibində) maddəsi ilə ittiham olunublar.


Müəllif: Hacı Zeynalov