1 Noyabr 2017 11:29
1 489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Beynəlxalq Bankı ASC-nin Şamaxı filialının müdir müavini Əlisultan Məmmədov, bankın əməkdaşları Ramin Səməndərov, Kifayət Səmədova və Hacıalı Cavadovun məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə zərəçəkmiş Sərdar Həsənov ifadə verib.

Zərərçəkmişin sözlərinə görə, təqsirləndirilən Əlisultan Məmmədov qohumudur, onun adına əvvəlcə 3 min manat, daha sonra isə 10 min manat məbləğində kredit götürüb.

Sərdar Həsənov bildirib ki, krediti götürmək üçün bankda bütün sənədlərə imza atıb, pulu kassadan götürərək Əlisultan Məmmədova verib: “Həmin puldan bir manat da mənə çatmayıb. Bir müddət sonra aylıq əmək haqqımdan kreditin pulu tutulmağa başladı. Əvvəl ayda 170 manat tutulurdu, həmin pulu Əlisultan mənə qaytarırdı. Amma bir müddət sonra vermədi. Mənim maaşımdan 400-500 manat yutulmağa başlandı. Bu zaman öyrəndim ki, adıma 10 min manat kredit var. Mən də dedim ki, pulu bağla. Əvvəl dedi, ödəyəcəm, sonra ödəməyəcəyini dedi”.

Digər zərərçəkmiş Məhəmməd Həsənov da məhkəmədə ifadə verib. O da təqsirləndirilən şəxslə qohum olduğunu söyləyib. Zərərçəkmiş bildirib ki, Əlisultan onun da adına kredit götürüb: “Bankdan kredit götürmək istəyirdim. Özüm usta işləyirdim. İşimlə bağlı avadanlıq almaq istəyirdim. Banka gedəndə sənədlərimə baxdılar. Dedilər ki, adına 15 min manat kredit olduğu üçün sənə kredit verə bilmərik. Mən də Əlisultana zəng elədim. Dedi, anlaşılmazlıq olub”.

Əlisultan Məmmədov Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsi ilə ittiham edilir. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.


Müəllif: Hacı Zeynalov