Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin əsəri dünya turnesində səslənəcək.
Bəstəkarlar İttifaqından Teleqraf.com-a verilən məlumata görə, bunu Amerikanın məşhur “Kronos” Kvartetinin saytı yayıb.
Turnenin repertuarında dünyanın məşhur bəstəkarlarının əsərləri yer alır.
Qeyd edək ki, cari ilin fevral ayının 4-də San-Fransiskoda “Kronos” Kvartetinin ifasında Firəngiz xanımın “Rəqs” əsərinin premyerası böyük müvəffəqiyyətlə baş tutub. Həmyerlimizin bu əsəri sonradan Kanadanın bir çox şəhərlərində ifa olunub. İndi isə bu əsər Amsterdam, Mayorka, Krakov, Paris, Bratislava, Pekin, Şanxay və Avropa ilə Asiyanın digər şəhərlərində müasir musiqi pərəstişkarlarına təqdim olunacaq.
Firəngiz xanımın yaradıcılığı ilə bağlı yeniliklər bununla bitmir. Bu günlərdə Avstriyanın məşhur “ORF” radiosunda bəstəkarımızın yaradıcılığına həsr edilən 45 dəqiqəlik veriliş dünyanın müxtəlif dillərində yayımlanıb. Bu verilişdə bəstəkarın yaradıcılıq yoluna ekskursiya olunub və onun "Schwindende Schönheit" (Qeyb olmuş gözəlliklər) əsərinin ifasından sonra geniş müzakirə edilib.
Nərmin