106-cı teatr mövsümü ilə vidalaşırıq. Bu il də yeni tamaşalar təqdim olundu, teatrlarımız müxtəlif qastrol, festival səfərlərində iştirak etdilər.
Teleqraf.com aktyor və aktrisaları sorğuya çəkib, teatr mövsümündə qazandıqlarını, itirdiklərini xəbər aldı.
Firəngiz Mütəllimova: “Gözləyirəm”
Gələn ay yola salacağımız budəfəki teatr mövsümündə yeni rolu olmadığını deyən Firəngiz Mütəllimova ümidlidir: “Bu mövsüm teatrda yeni tamaşada çıxış etmədim. Rəhbərlik dəyişdi, bir balaca repertuarda dəyişiklik oldu, iki yeni tamaşa hazırlandı.
Mən yalnız “Qarabağnamə” tamaşasında çıxış edirəm. Aprel hadisələri ilə əlaqədar olaraq tamaşanı bir neçə dəfə nümayiş etdirdik. Sevinirəm ki, belə bir əsərdə çıxış edirəm. Yeni mövsümdən çox şeylər gözləyirəm. Ümid edirəm ki, gələn mövsüm yeni tamaşalarda yeni, maraqlı obrazlarla tamaşaçıların goruşünə gələcəm”.
“Mükafatlarla qayıtdıq”
Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Şövqi Hüseynov: “Bu mövsüm çox gərgin keçdi. Teatrımız dörd xarici ölkədə çıxış etdi: üç festival, bir qastrol səfərində olduq. Moskva, Odenburq, Trabzon və Londonda tamaşalarımızı nümayiş etdirdik, festivallardan mükafatlarla qayıtdıq.
Mənim ifamda iki yeni tamaşa təhvil verildi: Cənnət Səlimovanın quruluşunda “Mehmanxana sahibəsi”, kalmık rejissorunun quruluşunda “Qohumlar” tamaşası. İki təklif isə qaldı. Ümid edirik ki, gələn mövsümdə reallaşar.
Londona səfərimiz festival xarakterli deyildi. İlk dəfəydi ki, biz Mirzə Fətəli Axundzadənin “Hekayəti Xırs quldurbasan” tamaşası ilə Londonda oynadıq və 16 nəfər heyətlə Azərbaycan mədəniyyətini orda layiqincə təmsil etdik. Bu işdə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edirəm. Çünki London səfəri üçün böyük məbləğdə maliyyə lazım idi. Nazirlik də bu təklifimizi rədd etmədi, səfəri reallaşdırmaqda bizə maddi yardım etdi. London təəssüratlarımız çox fərqlidir. Doğrudur, tamaşamıza əsasən Londonda yaşayan azərbaycanlılar tamaşa etdilər, amma içərilərində ingilislər də var idi. Onlar Axundzadə, Azərbaycan teatrı, Azərbaycan teatr aktyorlarının oyun tərzi ilə yaxından tanış oldular. Bu, bizi çox sevindirir”.
“Azdrama”da mühüm hadisə”
Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Rafiq Əzimov: “Yola saldığımız bu mövsümü həm teatrımız, həm də öz yaradıcılığım üçün uğurlu il hesab edirəm. Bilirsiniz ki, Azər Paşa Nemətov Akademik Milli Dram Teatrına direktor və bədii rəhbər təyin olundu. Bu, çox mühüm hadisə idi. Öz yaradıcılığıma gəlincə, Azər Paşa Nemətovun rəhbərliyində iki yeni tamaşa təhvil verdik. İkisi də klassik əsərlərdir. Onlardan biri Cəlil Məmmədquluzadənin “Ölülər”, digəri Qoqolun “Müfəttiş” əsəridir. “Ölülər” tamaşasının quruluşçu rejissoru Azər Paşa Nemətov, “Müfəttiş”in isə gənc rejissor Mikayıl Mikayılovdur. Hər iki tamaşa müvəffəqiyyətlə nümayiş olundu”.
“...Amma üç tamaşada rolum var”
Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Səidə Quliyeva: “Builki teatr yaradıcılığımı normal qiymətləndirirəm. Doğrudur, teatrda hazırlanan iki yeni tamaşada rolum olmadı. Amma buna baxmayaraq üç tamaşada rolum var. “Xanuma”, “Qatil” və “Anamın kitabı” tamaşalarında rollarımı oynayıram. Repertuarda yer alan üç tamaşada rol almaq bir aktrisa üçün yaxşı nəticədir. Üzümüzə gələn yeni mövsümdən yeniliklər gözləyirəm”.
“Şeyx Nəsrullahı oynadım”
Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Nurəddin Mehdixanlı: “Bu mövsüm Akademik Milli Dram Teatrı üçün əlamətdar və yadda qalan bir mövsüm oldu. Azər Paşa Nemətov teatra direktor təyin olundu, teatrda vəziyyət, ab-hava yaxşılaşdı. Çox mehriban, çox maraqlı yaradıcı ab-hava hökm sürür. İki tamaşa təhvil verdik. Mən “Ölülər” tamaşasında Şeyx Nəsrullahı ifa etdim. Tamaşamız çox yüksək səviyyədə qarşılandı, bu da bütün yaradıcı heyəti sevindirir. Aktyor belə klassik, köklü əsərlərdə oynaya-oynana püxtələşir. Çox təəssüf edirəm ki, müasir dramaturgiya sarıdan əziyyət çəkirik. Arzulayıram ki, müasir dramaturgiyamız öz boynuna düşən işi yerinə yetirsin”.
“Teatr tərəfindən mükafatlandırıldım”
Musiqili Teatrın aktrisası Ülviyyə Əliyeva: “Bu il teatr yaradıcılığım üçün uğurlu bir il oldu. Belə ki, görkəmli sənətkarımız Afaq Bəşirqızı indiyə qədər rol aldığı “Mən dəyərəm min cavana” tamaşasındakı rolunu mənə həvalə etdi. Bu, çox böyük addım idi və bunu hər aktrisa eləməz. Mən ona təşəkkür edirəm ki, o məhz məni seçdi. O tamaşada rol almaq, özü də Afaq xanımdan sonra o rolu oynamaq çox məsuliyyətli işdir. Amma sevinirəm ki, ifam bəyənildi və teatr tərəfindən də mükafatlandırıldı. Belə ki, bu obraza görə mən “Mövsüm ərzində bərpa tamaşasında ən yaxşı rol ifaçısı” mükafatına layiq görüldüm”.
Nərmin Muradova