“Azərbaycanfilm” kinostudiyasında İlqar Nəcəfin “Nar bağı” tammetrajlı bədii filminin çəkilişlərinə hazırlıqlar gedir.
Teleqraf.com xəbər verir ki, hazırda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkiləcək filmin aktyor və məkan seçimi aparılır.
Dram janrında lentə alınacaq “Nar bağı”nın ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf və Roelof Jan Minneboo (Niderland), quruluşçu operatoru Ayhan Salardır.
Filmin üç prodüseri var. Bunlar “Azərbaycanfilm”in direktoru Müşfiq Hətəmov, İlqar Nəcəf, digəri fransalı Giyom De Sieldir.
Bəs Giyom De Siel kimdir?
Giyom De Siel (Guillaume de Seille) 1968-ci ildə Fransada anadan olub. Təhsilini Mülki Mühəndislik üzrə alıb. Yazıçı və rejissoru olduğu iki qısametrajlı filmin mükafata layiq görülməsindən sonra 10 il “Canal+”-un kinofilmlər şöbəsində çalışıb. Bir neçə il “Canal+”-ın qısametrajlı filmlər şöbəsinin səlahiyyətli redaktoru və “France 2” Fransa ictimai televiziyasının bədii prodüseri kimi fəaliyyət göstərib. 2000-ci ildən etibarən müstəqil prodüser kimi 20-dən çox qeyri-fransız tammetrajlı art-house filminə prodüserlik və koprodüserlik edib.
Giyom De Siellin aşağıdakı filmləri əhəmiyyətli film festivallarına dəvət alaraq Fransanın kinoteatrlarında nümayiş etdirilib:
Emin Bagaizinin “Harmony Lessons” – (“Harmoniya dərsləri”) – 2013-cü il Berlinale BFF – “Gümüş Ayı”,
Alexandro Fernandez Almendrasın “To Kill A Man” (“İnsanı öldürmək”) - 2014-cü il Sundance Film Festivalı – Qrand-Pri,
Georgi Ovaşvilinin “Corn Island” filmi – 2014-cü il Karlovı Varı BFF – “Ən yaxşı film”,
Erol Mintasın “Song of My Mother” (“Mənim anamın nəğməsi”) filmi - 2014-cü il Sarayevo BFF - “Ən yaxşı film” və “Ən yaxşı aktyor”.
Onun “Azərbaycanfilm”in 2014-cü ildə kinematoqrafçılar üçün təşkil etdiyi “Xəzər 2014” proqramı çərçivəsində Bakıda master-klassı da keçirilib.
Nərmin