13 yaşında kitab yazan Üzeyir Hacıbəyov
“1885-ci ildə şuşalı Əbdülhüseyin kişi arvadı Şirin xanımı Ağcabədiyə tək yola salır. Sən demə, həmin vaxt ikicanlı olan Şirin xanım elə Ağcabədi səfərindəcə övladını dünyaya gətirir. Bu uşaq da kim olsa yaxşıdır - gələcəyin dahi bəstəkarı və publisisti Üzeyir Hacıbəyov. Elə tək bu fakta görə şuşalılarla ağcabədililər həmişə öz aralarında “Üzeyir bizim yerlidir” deyə mübahisə aparacaqlar. Amma onun ikinci dəfə “dünyaya gəlişi” isə həqiqətən Şuşanın payına düşür. Belə ki, o zaman yəni, 1897-ci ildə Üzeyirin 12 yaşı var idi. Məşhur şuşalı Əbdürrəhim bəy Haqverdiyev də bir pərdəli kiçik bir tamaşa hazırlayırdı. Səhnəcik “Məcnunun Leylinin qəbrini ziyarət etməsi” adlanırdı. Məcnun rolunu da məşhur xanəndə Cabbar Qaryağdıoğlu ifa edirdi. Səhnəcik balaca Üzeyirə o qədər təsir edir ki, o, sonrakı bütün yaradıcılığını məhz bu təsirdən başlamış olur. Müəyyən müddətdən sonra (1908) yaradılacaq Şərqin ilk operası - “Leyli və Məcnun“ da məhz, bu səhnəciyin böyüdülmüş hissəsi kimi anlaşıla bilər. Amma balaca Üzeyirin istedadı tək bununla kifayətlənmirdi. O, 13 yaşında “kitabi məzhəkə” adlı kiçik kitabçanı öz əlləri ilə hazırlayıb 15 qəpiyə satırdı”.
“Hönkür-hönkür ağlayan Səməd”
“Səməd Vurğun ağır, asta addımlarla içəri keçdi. Yataq otağının qapısı açıq idi. Üzeyir bəy əlləri sinəsi üstə çarpaz, maddım-maddım ona baxırdı. Qəmgin və tutqun idi. Səməd özünü tox göstərməyə çalışaraq addımlarını bir az yeyinlətdi... Yatağına yaxınlaşdıqda Üzeyir bəy qalxıb ona əl vermək istədi, bacarmadı... Səməd həyəcanını boğmağa çalışaraq əyilib onun soyuq əllərindən öpdü. ... - Sən yaxşı bilərsən, oğul necə deyib o şair? Gözlərini bir nöqtəyə dikərək asta-asta öz sualına cavab verdi:
- Köçmək gərək bu dari-fənadan yavaş-yavaş... Səmədin ürəyi hüznlə sızladı. Artıq özünü saxlaya bilməyib, dizi üstə yerə çökərək onun taxtını qucaqladı və uşaq kimi ağlamağa başladı. Xəstə titrəyən ipək əlləri ilə onun saçlarını oxşayıb dərindən köks ötürdü və bir az həzin və bir az sakit və aramla:
- Yox, yox, vaxtdır, - dedi, - köşmək gərək, köçmək bu dari-fənadan yavaş-yavaş!..” (Mənbə: “Elm və həyat” jurnalı, 1971-ci il)
Rəsulzadənin qərarından incidi
Təqdim edəcəyimiz yazıda görəcəyik ki, yeni qurulan AXC hökuməti parlament üzvlüyü haqqında qərar qəbul edir. “Müsavat” fraksiyasının qərarına görə, parlamentdə dövlət məmurluğu olan şəxslər üzv ola bilməzdilər. Lakin bir neçə yüksək çinli məmurlara bu şamil edilmirdi. Elə bu qərar da parlamentdə etirazla qarşılaşır. Üzeyir bəy bu haqda yazır:
“Parlaman üzvü olan bir şəxs eyni zamanda dövlət məmuru ola bilərmi?
Bu suala Müsavat fraksiyasının cavabı böylə olmuşdur:
- Xeyr, ola bilməz! Vəzirlərdən savayı.
Müsavatın bu qərarı bütün parlamanı təşvişə saldı. O idi ki, parlaman əzasından Vansoviç cənabları kürsüyə çıxıb dəvi vəkillərinə məxsus bir əda ilə şirin nitq söylədi. Amerika, İngiltərə, Fransa parlamanlarından misallar gətirdi, axırda onu dedi ki, hələ tərzi-idarəsi dürüst təyin edilməmiş olan Azərbaycanda bu növ məsələlərin həlli tezdir.
Bunlara müqabil “Müsavat” fraksiyası sədri Məhəmməd Əmin Rəsulzadə cənabları söz deməyə məcbur idi.
Güman edirdim ki, Rəsulzadə cənabları bu qədər dəli və bürhandan sonra “Müsavat” fraksiyasının nəzəriyyəsini yanlış hesab edib, parlamandan üzr istəyəcək və deyəcək ki, bağışlayın, biz səhv etmişik.
Lakin Rəsulzadə cənabları nəzəriyyələrii müdafiəyə başladı və özündən qabaqkı natiq əfəndilərin dəlillərini nəqz və cərh etməyə qalxdı.
İşə gəldikdə, aya bu Azərbaycan dövləti irfanca o qədər kasıb oldu ki, bir iyirmi nəfər “savad əhli”tapa bilmədi ki, məmurluqlarını tərk edəcək məbusların yerinə qoysun?!
Doğrudur, biz özgələrə nisbətən irfanca bir az kasıbıq.
Lakin kasıblığımızı mübadilə yolu ilə bir qədər daha kasıblatmağa lüzum yoxdur. Çünki bu cürə söhətlərin axırı böylə olur ki, Azərbaycan dövlətinin ümuri-xeyriyyə nəzarəti parmalanı kasıb hesab edir. Kağızları da rusca yazır ki, parlamanadaki ruslar oxuyub, ordakı müsəlmanları başa salsınlar”.
Bir şəklin tarixçəsi
Bu abzasda xatirə yox, fotodan danışacağıq. Əslində cansız fotonun özü elə ən böyük xatirədir. Təqdim olunan şəkil 1915-ci ildə Şuşada çəkilib. O zaman 30 yaşlı Üzeyir Qori Seminariyasında oxumaq üçün uşaq ikən tərk etdiyi Şuşaya qəhrəman kimi qayıdıb. Ailəsi ilə bərabər çəkilən bu foto nüfuzlu Hacıbəylilər ailəsinin tək-tük ortaq şəkillərindən biridir. Burada artıq Üzeyir Hacıbəyli şərqin ilk operası olan “Leyli və Məcnun”u yazmışdı. Min bir zülm hesabına oxuduğu Peterburq Konservatoriyasını bitirib vətənə qayıdıb. Ən nəhayət bu fotodakı Üzeyir həm də dünyaya səs salan “Arşın mal alan”ın müəllifi idi. Yəni 1915-ci ilə qədər artıq bu operetta yazılmışdı. Şəkildə diqqət çəkən şəxslərdən biri də Üzeyirin anası Şirinbəyim xanımdır. Şirinbəyim nüfuzlu Əliverdibəyovlar nəslindəndir. Üzeyir ömrünün sonuna qədər özünə ilk müəllim dayısı İsgəndər Əliverdibəyovu hesab edib.
Moderator.az, Elmin Nuri