ADO Teatrının təqdim etdiyi “GOTT və ya Cənnətin işğalı” adlı tamaşası günlərdir geniş müzakirə mövzusudur. Bəzi sənət adamları tamaşada aktyorların səhnəyə pamperslə çıxmasını birmənalı qarşılamayıblar.
Xalq artisti Ramiz Məlik Teleqraf.com-a açıqlamasında bu addımı tamaşaçılara hörmətsizlik və ədəbsizlikdir kimi qəbul edib, Azərbaycan xalqının mənəviyyatına ləkə olduğunu bildirib. Xalq artisti Ağaxan Salmanlı isə ADO teatrının təmayülünün erotika olduğunu bildirərək, bunun reklam afişalarda qeyd olunmasını tələb edib.
Teatrlarımızda açıq-saçıq səhnələri olan tamaşaların varlığı və onların hər zaman tənqid hədəfinə tuş gəlməsi ilk hadisə deyil. Yaxın keçmişdə Akademik Milli Dram Teatrında “Qatil” tamaşasının ətrafında da məhz bu səbəblərə görə səs-küy yaranmışdı. O zaman səslənən fikirlər arasında bu cür tamaşaların dövlət teatrlarının səhnəsinə yaraşmadığı, alternativ teatrlarda hazırlana biləcəyi qənaətinə gəlinmişdi.
Teleqraf.com bu aspektdən alternativ teatrların varlığı ilə bəzi sənət adamlarının fikirlərini öyrənib.
Səslənən fikirləri təqdim edirik:
“İnkişaf ancaq mübarizədədir”
Xalq artist Nurəddin Mehdixanlı: “O tamaşa haqda məlumatlı deyiləm, ona görə görmədiyim tamaşa barədə fikir bildirmək qeyri-ciddi olar.
Təbii ki, alternativ teatr olmalıdır. Amma alternativ teatrı yaradanlar peşəkar adamlar, teatr sahəsinin adamları, bu sahədə təhsili, biliyi və bacarığı olan adamlar olmalıdır. Bu gün hər kəs “mən alternativ teatr yaradıram” deyə ortalığa çıxsa, lazım olan nəticəni verməz.
Bu gün Azərbaycan cəmiyyəti o qədər rəngarəngdir ki, istədiyin və hətta səmimi dediyin fikri o rənglərin sayı qədər yerlərə yoza bilirlər. Amma ortalığa da bir şey çıxmır. Sadəcə olaraq, ortalıqda kor döyüşü başlayır. Amma mənə elə gəlir ki, hər bir teatrın özünün yaradıcılıq estetikası, özünün yaradıcı istiqamətləri var. Kukla Teatrının öz repertuarı var və onlar repertuarı kukla teatrı anlayışından çıxış edərək hazırlayırlar. Gənc Tamaşaçılar, Musiqili Teatr, Akademik Milli Dram Teatrı da o sayaq... Bu mənada mütləq bütün teatrlar bu sayaq olmalıdır, yaxud bu sayaq olmamalıdır kimi anlayış yoxdur.
Ado Teatrının eləcə də digər alternativ teatrların özünəməxsus yaradıcılıq istiqamətləri var. Mənə elə gəlir ki, alternativ teatrların yaradılması istiqamətində daha az iş görülür, daha çox danışıqlar olur. Yəni bu danışıqlar və mübahisələr şəklində gündəmdə olmaqdansa, ortalığa işlər qoymaq lazımdır. O zaman ətraflarına tamaşaçılarını toplayacaqlar.
Azərbaycan cəmiyyətində heç bir halda fərqli fikirlərin, fərqli yaradıcılıq istiqamətlərinin, fərqli yanaşmaların əleyhdarı deyiləm. Çünki inkişaf ancaq mübarizədə, ziddiyyətlərin toqquşmasındadır. Müxtəlif fikirlərin toqquşmasında gediləcək istiqamət, yol aydınlaşır. Hər kəsə ürəkdən istədiyi işləri həyata keçirməkdə uğurlar arzulayıram. Fərqi yoxdur onlar ənənəvi teatrda, yaxud alternativ teatrda çalışanlardır. Əsas odur ki, Azərbaycan teatr mədəniyyətinə səmimi şəkildə, vicdanla, sevə-sevə xidmət etsinlər”.
“O fikirlərə görə dostlarım məndən incidi”
Əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyov: “Dünya inkişaf edir, istəsək də, istəməsək də bu dünyanın içindəyik. İnsanların şüurları adi düşüncədən çıxıb, kreativ düşüncəyə yönəlir. Mən prinsip etibariylə cəhalətdə, üfunətdə oturub qalmağın tərəfdarı deyiləm. Tərəfdarıyam ki, mütləq iş görülsün, hərəkət olsun ki, biz yaxşını-pisi, ağı-qaranı seçə bilək.
O vaxt “Qatil” tamaşası haqda dediyim fikirlərə görə dostlarım, yoldaşlarım məndən incidi. Dünyada bir çox sənət adamlarının məktəbi olub. Azərbaycanda da Adil İsgəndərov, Tofiq Kazımov, Mehdi Məmmədov məktəbi olub. Bu mənadan çıxış edərək demişdim ki, Akademik Milli Dram Teatrı Azərbaycan xalqının simasıdır, orda elə eksperimentlər etmək məsləhət deyil. Dünyanın ən böyük teatr məktəbi olan Rusiya teatr məktəbində bu cür eksperimentlər olmur. Bundan ötrü müxtəlif studiyalar, teatrlar açıb, o işləri orda görürlər.
Baxmadığım tamaşa haqda konkret bir söz deyə bilmərəm. İctimaiyyətdə əgər hər hansı əsər, bir tamaşa mübahisələrə səbəb olursa, onun tərəfdarları, əleyhdarları da yaranırsa, demək, bu işi davam etmək lazımdır. Vay o günə ki, hamı səni tərifləsin. Ondan qorxmaq lazımdır.
O şey ki, başlanğıc nöqtəsindədir, onu heç vaxt baltalamaq, topa-tüfəngə tutmaq lazım deyil. Əksinə, şərait yaratmaq lazımdır, proses genişlənməlidir, alternativ teatrlar yaranmalıdır ki, içindən seçim etmək mümkün olsun”.
“O teatrı bədənini satan rəqqasə yaradıb”
Əməkdar artist Əli Nur: “Teatr həmişə yeniliyə can atır. Teatrda rituallar olur. Forma etibariylə məhəllə, küçə, bazar, dövlət teatrları var. Amma yeni yaranan ritual teatrlara demək olmaz ki, bunu niyə yaratmısan. Bu fikir kökündən səhvdir. Tarix boyu yaranan bütün teatrlarda qoyulan tamaşalar insanlara öyüd-nəsihət verib, onların dərdini yuxarılara çatdırıb. Teatr bütün xalqlara mədəniyyət yayır.
Bəzən teatrları əyləncə olduğuna görə də qınayırlar. Xalq əyləncəni də sevir. Deyirlər niyə teatrda açıq-saçıqlıq var. Açıq-saçıq olanda nə olar, bütün dünyada açıq-saçıq o qədər hadisələr var ki... Açıq-saçıqlıq çox vaxt xaosun tərbiyə növüdür.
Yeni yaranan teatrları yeni bir mədəniyyət hadisəsi kimi qiymətləndirir, onun xalqa, millətə, cəmiyyətə, dövlətə təsir göstərdiyini, insanların estetikasına xidmət etdiyi düşüncəsindəyəm. Burda heç bir qəbahət iş görmürəm.
Sovet vaxtı başqa xarici ölkələrdə olanda orda müxtəlif teatrlarda olmuşam. O teatrlara gələn insanlardan kimi saqqız çeynəyir, kimi spirtli içki içir, kimi sakit, sərbəst şəkildə tamaşaya baxırdı. Açıq-saçıq xanım aktrisaların hərəkətləri, rəqsləri, soyunmağı, hətta zala enib, tamaşaçılarla ünsiyyət qurmağını görmüşəm.
Hətta bir dəfə mənim də başıma gəlib, bir tamaşaya ikinci dəfə getmişdim. Tamaşa gərəyi rəqs edən müğənni zalda əvvəldən oturan aktyorla guya intim səhnə yaradır və onu səhnəyə çıxardıb, soyundurur. Mənim o səhnəyə diqqətlə baxmağım, yaxud bəlkə də qarasaçlı biri olaraq Fransada maraqlı görünməyim o rəqqasənin diqqətini cəlb etdi. Və ikinci dəfə tamaşaya gedəndə o xanım məni gəlib qucaqladı və donunu başıma atdı. O hiss etdi ki, mən sənət adamıyam. Bunlar hamısı ritual teatrlarda həmişə olub. Bu teatrların cürbəcür növləri var və onlar maraqlıdır.
Yaponiyanın bütün dünyada sevilən Kabuki Teatrını Tokioda küçə qadını kimi bədənini pulla satan gözəl-göyçək rəqqasə yaradıb. Bugünkü gündə də o teatr Şekspiri oynayır. Vaxtilə o teatrın aktyorlarına verilən hədiyyələr indiyə qədər şüşələrdə saxlanır. Demək istədiyim odur ki, incəsənət aləmində belə hadisələr olub, ona görə heç kimi qınamaq düzgün deyil.
Ümumiyyətlə, tarixən də yeni yaranan hər şeyi daşa basmaq ənənəsi var. İlk dəfə opera yarananda ona gülüblər. Bizim aktyorların başına nələr gətirməyiblər. Ərəblinski kimi aktyoru öldürüblər. Alim Qasımovun başına nə oyun gətirdilər. Onu təndiq edən insanlar sonralar dedilər ki, Alim Qasımov kimi adamlar yüz il sonra da yetişməyəcək”.
“Alternativ teatrlar daha azaddır”
Əməkdar artist Naibə Allahverdiyeva: “Teatr həyatın güzgüsüdür. Həyatda baş verən hadisələri göstərir, insanların mənəviyyatına xidmət edir. Bəzən insanlar da teatrda öz obrazlarını görürlər. Ado Teatrı tamaşada qoyduqları mövzuya hansı konteksdən yanaşıblar, bilmirəm, amma onu deyim ki, teatrda belə şeylər olur. Dünyanın hər yerində belədir. Bu, rejissorun yozumundan asılıdır.
Alternativ teatrlar öz fikirlərində daha azaddır. Amma dövlət teatrında bəzi nüanslar qorunur. Hələ ki, bizim insanlar bunu qəbul edə bilmir. Bir teatrda adi bir nüansa elə reaksiya veriblər ki... Bu, ola bilsin ənənəylə bağlıdır. Bizim tamaşaçılar xarici tamaşalarda, filmlərdə bu səhnələri çox normal qəbul edir, amma bizdə...
Mənim də başıma gəlib. Serialda bir obraz oynamışdım, onu şişirdib demişdilər ki, bizim milli mentalitetimizə uyğun olan obraz deyil. Halbuki cəmiyyətimizdə belə hadisələr getdikcə artır”.
Nərmin Muradova