28 Sentyabr 2016 11:59
1 904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com tanınmış şair Salam Sarvanla müsahibəni təqdim edir.

– Salam müəllim, yadınızdadırsa bir il qabaq demişdiz ki, sözüm qurtarıb! O vaxtdan bəri nə qədər fikirlər söyləmisiz. Maraqlıdır, sözünüz qurtarıbsa bəs danışdıqlarınız nədi?

– Sözün qurtardığı o qədər hallar var ki, hansını deyim sənə? Məsələn, tez-tez işlənən ifadədir: “Ta sənə sözüm yoxdur”. Yəni adamın elə hərəkətiylə, elə davranışıyla qarşılaşırsan ki, onların qarşısında məntiq işləmir, yəni sözün bitdiyi yerdir. Bu mənada dünyanın hərəkəti, gedişatı qarşısında da dilin quruya bilir, sözün bitə bilir. Sonra, söz “hə, noolsun?” fəlsəfəsinə gələndən sonra da qurtara bilir. Düşüncə boşluğuna düşürsən, indiyə qədər dəyər saydıqların adiləşir səninçün, mənanın, zövqün əslində bunlar olmadığı məqamına gəlirsən.

Sonra sözün cəmiyyətlə bağlı qurtarması da var. Məsələn, yazmışdım ki, Azərbaycanda gözəgörünməz bir anlaşma var: hamı bir-biriylə dil tapıb və məsələ bitib. Hətta görürsən ki, adi məşətdə də söz qurtarıb artıq. Yadına sal, dostlarla oturanda nədən danışırsız? Neçə illərdir elədiyiniz eyni mövzularda eyni söhbətlər. Hətta yeni lətifələr də yaranmadığından indiyədək yüz dəfə güldüklərinizi danışıb “gülürsüz”. Belə-belə işlər yəni. Sadaladığım bu halların hamısında mənim də sözüm yoxdur daha.

Deyirsən, bu danışdıqların nədi bəs? Lal adam adi halda əl-qol hərəkətləri edirsə, sözdür, həmin əl-qol hərəkətlərini suda boğulduğu halda edirsə, instinktdir. Bilmirəm, yəqin mənim danışdıqlarım da instinktdir-nədir, hər halda, deyəsən, söz deyil.

– Sizi daha çox feysbukdan izləyə bilirik. Nəsə narahat, gərgin təsir bağışlayırsız. Xüsusi bir səbəb varmı?

– Narahatlıq təbii halımdı, həmişə narahatam. Gərginliyə isə səbəb yəqin ki, cəmiyyətdi, onunla kontaktın alınmamasıdı. Sanki bütün çabalarım ətrafla ümumi dil tapmağa yönəlib. Tetçer deyirdi ki, həmsöhbətinlə ümumi dil tapmaqçün vacib deyil ki, onunla razılaşasan. Bax, kənardan parodoks kimi görünən də budur: ətrafla mübahisələrə, konfliktlərə girirsən və qəribədir ki, bunları məhz ümumi dil tapmaqçün eləyirsən.

– Xeyli vaxtdır işsizsiz. Ölkənin ən tanınmış və sevilən şairlərindən biri niyə işsizdir? Doğrudanmı, sizə uyğun bir iş yeri yoxdur?

– Sadəcə, onu deyə bilərəm ki, indiyə qədər işlədiyim bütün yerləri yarıtmış adamam. Yəni işləməyi bacarıram, işə qarşı məsuliyyətliyəm.

– Statuslar yazırsız, hər fikriniz də müzakirə olunur. İşsiz bir vaxtınızda niyə öz düşüncələrinizi hansısa sayta, ya qəzetə köşə kimi vermir, havayı xərcləyirsiz?

– Deyəsən, axır vaxtlar saytlar kənar müəlliflərlə əməkdaşlıq eləmirlər daha. Qonorar sistemi yoxdur.

– Ümumiyyətlə, pula münasibətiniz necədi? Pul sizin üçün nədi?

– Əvvəla, dolanmaqçün, ailənin tələbatını ödəməkçün lazımdı. Bir az artıq qazana bilsəm, başqa arzuları həyata keçirmək olar. Məsələn, kitabımı heç olmasa iki xarici dildə çıxarardım.

– Son vaxtlar siyasi məsələlərlə bağlı statuslar yazır, açıq fikirlər səsləndirirsiz. Mənim bildiyimə görə siz siyasətə qarışmazdız, birdən-birə nə oldu?

– Birdən-birə heç nə olmayıb, mən əvvəllər də aradabir ölkədə gedən proseslərlə bağlı fikirlərimi yazmışam. Amma əlbəttə ki, özümü fəal tənqidçi saymıram. Düzü, hətta bəzən feysbukda gedən siyasi didişmələrin bozluğu, şitliyi, cansızlığı bezdirir də məni. Amma neyləməli ki, siyasətdən tərki-dünya olmaq da mümkün deyil.

Şair olaraq istərdim ki, siyasətsiz bir cəmiyyətdə yaşayaq. Nədən ki, siyasətdə daimi heç nə yoxdur. Məsələn, bir siyasətçinin yerinə başqası gələr və əvvəlki gedişatın yönünü tamam dəyişər. Ona görə də ən etibarlısı cəmiyyətin əvvəlcədən müəyyən olunmuş hansısa humanitar prinsiplərlə, hansısa davamlı normalarla yaşamasıdır. Amma reallıq başqadır axı.

– Demək istəyirsiz Azərbaycan cəmiyyətində normalar yoxdur?

– Bir dəfə də yazmışdım, əslində, “camaat nə deyər?” prinsipiylə yaşamaq gərəkli bir şeydi. O halda ki, camaatın birgəyaşayış qaydaları haqda ortaq rəyi, ortaq dəyəri olsun. Bizdə isə ana norma yoxdur, ayrı-ayrı sosial qrupların avtonom baxışları var. Yəni, gör nə qədər nəzər var üstümüzdə: “gənclər bunu necə qəbul eləyər?”, “yaşlılar necə baxar?”, “dindarlar nə deyər?”, “mentalitetimiz nə fikirləşər?”, “siyasi düşərgələr neynər?”... Bu qədər açar deşiklərindən dikilmiş baxışların qarşısında hərəkət mümkünsüzdür. Həm də bu açar deşiklərindən bir-birimizə mehriban baxışlarla baxmırıq, bərəlmiş gözlərlə baxırıq. Bərəlmiş gözlərin yaratdığı “ictimai rəy” qınamır, daş-qalaq eləyir.

– Bayaq siyasətlə bağlı statuslarınızdan danışdıq. Şairin siyasi proseslərə münasibəti siyasətçinkindən fərqlənməlidirmi?

– Siyasətçilər açıq danışa bilmirlər, diplomatik dilin tələbləriylə hesablaşmağa məcburdurlar. Diplomatik dildə bəzi həqiqətləri ifadə eləməkçün söz də yoxdur heç. Məsələn, müharibələri başladan siyasətçilərdir. Amma heç bir siyasətçi dilinə gətirməz ki, müharibə yaxşı şeydir. Əksinə, heç bir ölkədə hərbi potensialın adı “hücum nazirliyi” deyil, hamısında “müdafiə nazirliyidir”. Amma müharibənin əslində, yaxşı bir şey olduğu fikrini yalnız yazıçı deyə bilir, Dostoyevski deyə bilir.

Məsələn, heç bir siyasətçi deməz ki, ideal demokratiya Azərbaycanda yalnız arzuolunmaz sarsıntılar yarada bilər, amma bu acı həqiqəti bir şair deyə bilir. Məsələn, siyasətçilər təkid edər ki, Sovetlər Birliyini xalq hərakatıyla biz dağıtmışıq, amma məhz şair deyə bilər ki, nə bilim, vallah.

– Yeni Azərbaycan Partiyasına üzv olmaq istədiyinizi bildirdiz və bu da birmənalı qarşılanmadı. Rasim Qaracanın yazısı yadımdadı. Başqa münasibətlər də oldu. Bu tənqidlər sizə necə təsir etdi, düşündürdümü?

– Düzü, özün də yaxşı bilirsən ki, heç həmin münasibətlərin məramı məni düşündürmək deyildi. Kəramət, ətrafımız “qəhrəmanlarla” doludur. Hamısı da baş kəsib, qan töküb, ad çıxarandan sonra gəlib qılınclarının qanını mənə göstərirlər. Yeri gəlib, qoy bir-neçə başagəldi danışım sənə. Keçmişdən tanıdığım bir adam vardı, YAP üzvüydü. Nəsə bunun mənafeyi təmin olunmayanda ordan çıxıb keçmişdi müxalifətə. Müxalifətin iki mitinqində iştirakdan sonra məni feysbukda divara dirədi ki, adını şair qoymusan, amma xalqı düşünmürsən, mitinqlərə gəlmirsən. Üstündən iki həftə keçməmiş dəhşətə gəldim. Bir də gördüm adam sığınacaq aldığı Avropadan inboksa yazıb ki, şair, nə var, nə yox?

Tələbəlikdən çörək kəsdiyim başqa bir yazar dostum yenə həmin intonasiyada feysbukda məni yıxıb-sürüyürdü ki, mitinqlərə gəlmirsən, xalqın arasına çıxmırsan, komfort həyat yaşayırsan. Rəqəmləri tutuşduranda yenə dəhşətə gəldim: aydın oldu ki, ikimiz də kasıbıq, amma onun vəziyyəti iki dəfə mənimkindən yaxşıdır.

Başqa bir tanışım yenə həmin intonasiyada məni qabağına qoyub uşaq kimi danlayırdı ki, cəsarətin yoxdur, hökumətə bir söz demirsən. Maraqlananda yenə dəhşətə gəldim ki, bunun əli hansı hökumət məmurlarının cibindədir. Belə halları çox görmüşəm. Ümumən, qəhrəmanlıq gimnastikasıyla məşğul olan, yəni xəlvətdə onun-bunun qarşısında əyilib aşkarda qəddini düzəldən dikdabanlar çoxdur.

– Bir şey maraqlıdır. Siz 50 yaşınızda YAP-a üzv olmaq istəyəcəkdizsə, nə üçün Ana Vətən Partiyasında qalmadız?

– Sofistik sualdır. Bu məntiqlə axtarsan, istənilən adamın həyatında yüzlərlə, minlərlə belə “ilişməli” yer taparsan. Məsələn, əlli yaşında Azərbaycana qayıdacaqdınsa, iyirmi yaşında Rusiyaya niyə getmişdin? Altımış yaşında dostunla barışacaqdınsa, otuz yaşında niyə küsmüşdün? Yetmiş yaşında öləcəkdinsə, qırx yaşında niyə yaşayırdın? Həm də biz bütün həyat süjetimizi bəri başdan yazıb qarşımıza kitab kimi qoymamışıq ki, bu “əsərdə” istədiyimiz vaxt otuz səhifə qabağa baxandan sonra qayıdıb indiki abzasımızı redaktə eləyə bilək. Heç əvvəlcədən bir ömürlük qurulmuş saat mexanizmi də deyilik. İnsanıq, həyatımız, düşüncəmiz həm də ətrafda gedən proseslərin içindən keçir, ətrafdakı hadisələr təsir eləyir bizə. Var fövqəltəbii fatalizm, var təbii fatalizm. Təbii fatalizmdə sənin taleyini göydəki Allah yox, yerdəki obyektiv şərtlər idarə edir. Məsələn, Qarabağ cəbhəsini sən açmırsan, onu səninçün bir erməni açır, amma sən həmin müharibədə iştirak etməli olursan və bu kənar təsir sənin həyatında, planlarında, hətta düşüncələrində dəyişikliklər yarada bilir.

– “Salam Sarvan mənim quluncumu qırdı”. Ramiz Rövşən sizin haqqınızda belə bir söz deyibmi? Bir mənbə varmı? Çünki deyilənə görə, Ramiz müəllim bu fikri təkzib edib.

– Ramiz Rövşən millətin sevdiyi, dəyər verdiyi şairdir. Əgər o, belə deyibsə, demək ki, o vaxt ədəbiyyata təzəcə gəlmiş bir gəncə qol-qanad verməkçün deyib. Amma bunu deyibmi, deməyibmi, bilmirəm, mən də sizin kimi, o vaxtlar ağızlardan eşitmişdim. Hərçənd ədəbiyyat gündəmində saxlanılası məsələ də deyil, indiyə qədər niyə yadda qalıb, anlamıram.

– Uzun illər Bakı Slavyan Universitetində işləmisiz. Rektor dəyişəndən sonra universitetdə gedən proseslər cəmiyyətin diqqət mərkəzindədi. Bu barədə fikirləriniz maraqlıdı.

– Düzü, ordakı proseslərlə maraqlanmamışam. Amma Yaradıcılıq Fakültəsinin ləğv olunmasına mətbuatda təəssüfləndiyimi bildirmişdim. O fakültədə mən də çalışmışam, orayla bağlı xoş hisslərim indi də qalmaqdadır. Yaxşı olardı ki, hansısa başqa formatda, başqa məkanda yaşamaqda davam eləsin.

İnsafən, Yaradıcılıq Fakültəsi Kamal Abdullanın ədəbiyyat naminə çox ciddi işlərindən biriydi və yəqin ki, onun gələcəyilə bağlı nəsə düşünür. Çünki Fakültənin dekanı şair Qismət də nikbin danışmışdı bu haqda.

Kəramət Böyükçöl


Müəllif:

Oxşar xəbərlər