Bu gün xalq artisti Fuad Poladov Akademik Milli Dram Teatrında sonuncu dəfə səhnəyə çıxacaq.
Teleqraf.com xəbər verir ki, iki gün öncə teatrı tərk etdiyini açıqlamış və “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasında yaratdığı İbrahim obrazı ilə sonuncu dəfə tamaşaçıların görüşünə gələcəyini demişdi.
Erik Emmanuel Şmitdin eyni adlı əsəri əsasında hazırlanan ikihissəli dramı Azərbaycan dilinə Yaşar Əliyev tərcümə edib. Tamaşanın quruluşçu rejissoru Ərşad Ələkbərov, quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.
Tamaşanın bədii rəhbəri xalq artisti Azər Paşa Nemətdir.
Bu tamaşada Fuad Poladovla tərəf müqabili olan Moisey rolunun ifaçısı gənc aktyor Murad İsmayılov baş verən hadisələrə çox üzüldüyünü sosial şəbəkədə yazıb: “Akademik Milli Dram Teatrında üzərimdə böyük əməyi olan Peterburqda yaşayan həmyerlimiz Ərşad Ələkbərovun quruluş verdiyi “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasını sonuncu dəfə oynayacağıq. Baxmaq istəyən buyurub gəlsin…
Çox üzgünəm. Bu tamaşanın mənim həyatımda böyük rolu var. Üstəlik, bu tamaşa sayəsində kumirim, böyük şəxsiyyət Fuad Poladovla bir səhnəni bölüşmək imkanı yarandı. Buna görə tamaşada əməyi olan, mənə inanan, dəstək olan, başda rejissorumuz və tərəf müqabillərim olmaqla hər kəsə təşəkkür edirəm”.
Bəsti Cəfərovanın qızı Fidan Cəfərova da Fuad Poladovla tərəf müqabili olmağın xoşbəxtliyini belə ifadə edib: “Bu tamaşanın “son dəfə” olub-olmayacağını bilmirəm, ancaq Fuad müəllim kimi bir insanla eyni səhnəni paylaşmaq böyük xoşbəxtlik və unudulmaz bir zaman kəsiyidir”.
Pərvin