9 Yanvar 2017 12:59
2 552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com məşhur opera müğənnisi Oya Ergünlə müsahibəni təqdim edir.

Oya xanım, Yeni ili harada qeyd etdiniz?

- Yeni ili Azərbaycanda qarşıladıq. Mən və həyat yoldaşım buranı çox sevirik. Uzun illər vətənimdən uzaqda – Avropada yaşadım. Amma Azərbaycan qədər özümü yaxşı hiss etdiyim ölkə olmayıb. Burda özümü Türkiyənin hansısa şəhərindəymiş kimi hiss edirəm. İnsanlar çox mehribandır, mədəniyyətimiz eynidir.

- Sizin üçün 2016-cı il necə keçdi?

- 2016-cı il əfsuslar olsun ki, yaddaşımda müharibələr, günahsızca öldürülən uşaqların faciəsi ilə qaldı. Belə siyasi hadisələrin hələ də davam etməsi məni çox kədərləndirir. Artıq müharibələrin bitməsini, xalqların qardaş kimi yaşamasını istəyirəm. Qeyd etdiyim hadisələrlə yanaşı, yaxşı hadisələr də baş verdi. Türk elm adamı "Nobel" mükafatı aldı. İnşallah, illərimiz hər zaman gözəl xəbərlərlə keçər.

- Bürc və illərə inanırsınız?

- Heç zaman həyatımı bürc və illərə görə planlaşdırmıram. O haqda düşünmürəm belə...

- Bu il yaradıcılığınızda nələr gözlənir?

- Bu ay Türkiyədə Rəşid Behbudova həsr etdiyim konsertim olacaq. Fevralda isə Bakıda son diskimin təqdimat konserti baş tutacaq. Yeni albomum "Barokko" dövrünün bəstəkarlarının əsərlərindən ibarətdir.

- Siz daha çox rəsmi tədbirlərdə iştirak edirsiniz. Digər tədbirlərdə az görünürsünüz. Bunun səbəbi nədir?

- Rəsmi tədbirlərdən başqa digər tədbirlərdə də iştirak edirəm. Yaxın günlərdə kimsəsiz uşaqlar üçün tədbir təşkil edəcəm. Dediyiniz kimi rəsmi tədbirlərdə çıxış edirəm, çünki klassik musiqi ifaçısıyam. Bu sənət şou-biznesdən fərqlidir.

- Azərbaycanda fəaliyyət göstərməyinizə baxmayaraq, opera sənətçilərimizlə bir arada görünmürsünüz...

- Deməzdim, onlarla da iş birliyimiz olub.

- Dinlədiyiniz azərbaycanlı opera sənətçisi varmı?

- Mənim ən çox sevdiyim opera sənətçisi İlham Nəzərovdur. Onu "O səs Türkiyə" yarışmasından sonra tanıdım. İlhamın çox yüksək yerlərə layiq musiqiçi olduğunu düşünürəm. Onunla da keçən il konsert verdim və yenə konsert proqramı ilə çıxış etməyi planlaşdırırıq.

- Həyat yoldaşınız Hakan bəy həkimdir. Maraqlıdır ki, opera sənətçisi və həkimin ailə daxilində münasibətləri necədir?

- O həkim ki, musiqini çox dinləyir və sizə heyrandır. Buna görə çox şanslıyam. O, mənə bütün konsertlərimdə dəstək olur. Opera sənətçisi olsam da, tibb sahəsi ilə çox maraqlanıram. Tibb mənim hobbimdir. Çoxlu sayda tibbi kitablar oxudum. Bununla yanaşı, psixologiya sahəsi üzrə təhsil almışam.

- Həyat yoldaşınızla ortaq tərəfləriniz çoxdur...

- Bəli, həyat yoldaşımla ortaq nöqtəmiz tibb və sənətdir. Hər ikimiz eyni hadisələrə sevinirik.

- Həyat yoldaşınızla tanışlığınız da maraqlıdır. Sizi ortaq dostunuz tanış edib...

- Bəli, doğrudur. Bizi dostumuz bir-birimizə uyğun hesab etdiyi üçün tanış etdi. Bir il, sadəcə, dost kimi danışdıq. Mən onda Amsterdam, o isə İstanbulda yaşayırdı. Beləliklə, bir il dostluqdan sonra evləndik.

- Oya xanım, həyat yoldaşınızla qısqanclıq kimi problemlər yaşayırsınız?

- Qısqanmaq mövzusunda heç zaman bir-birimizə problem yaratmadıq. Qısqanclıq zamanla güvənsizlik gətirir. Biz bu məsələdə bir-birimizə çox güvənirik. Həyat yoldaşım ginekoloqdur. Bizim evə gecə-gündüz qadınlar zəng edir (gülür). Mən qısqanc olsam, həyat yoldaşım işini düzgün görə bilməz. Eləcə də, mən konsert verirəm. Bir çox heyranlarım var, çiçəklər verirlər. Hər ikimiz öz sənətimizdə aktiv insanlarıq. Belə bir vəziyyətdə qısqanc olmaq mümkündürmü? İnamımız tam olduğu üçün problem yaşamırıq.

- Həyat yoldaşınızın işinə tez-tez gedirsiniz?

- Bəli, ziyarət edirəm, amma tez-tez deyil. Bəzən həyat yoldaşıma yemək aparıram.

- Mətbəxə münasibətiniz necədir?

- Mətbəxdə yemək hazırlamağı, işləməyi çox sevirəm. Qonaqlarımız gələndə mütləq yeməyi mən bişirirəm.

- Hansı yeməkləri bişirirsiniz?

- Son zamanlar Tailand və fransız yeməklərini daha çox hazırlayıram.

- Həyat yoldaşınız ginekoloqdur. Sizin həkiminiz olub?

- Mənim həkimim həyat yoldaşımın dostu oldu. Hippokrata görə, xəstəyə ailə üzvlərinin və qohumun həkim olması məsləhət deyil.

- Onunla daha çox nələri müzakirə edirsiniz, sənət yoxsa tibb?

- Hər ikimiz işləyirik. Axşam evə gələndə yorğun oluruq. Bir oğlumuz var. Uşağımız yatdıqdan sonra komedik filmlər izləyirik. Biz həyat yoldaşımla dostuq. Məncə, xoşbəxt evlilik dostluqdan başlayır. Biz hər məsələdə müzakirələr aparırıq.

- Maraqlıdır, siyasi məsələləri müzakirə edirsiniz?

- Bəli, bütün dünyanın problemləri bizi maraqlandırır. Siyasətin yanlışlığı ucbatından müharibələr davam edir, insanlar kasıb yaşayırlar. Hər ikimiz sülh dolu bir dünya arzu edirik.

- Konsertlərinizdə Türkiyə səfiri də iştirak edir. Səfirlə münasibətiniz necədir?

- Bəli, səfirimiz yeni gəldi. Biz də yeni tanış olduq. Çox şadam ki, bizim çox dəyərli bir səfirimiz var. Həyat yoldaşı da çox dəyərli, gözəl ürəkli və zəkalı bir qadındır. Azərbaycanda çox gözəl işlərə imza atacaqlar. Onlara uğurlar arzu edirəm.

- Bakıda yaşamağa necə qərar verdiniz?

- Həyat yoldaşıma iş təklifi gəldi. Artıq 5 ildir Bakıda yaşayırıq.

- Birdəfəlik burada yaşamağı düşünürsünüzmü?

- Bakı mənim həyatım üçün böyük əhəmiyyət kəsb etdi. Bir neçə il burada yaşayacağıq. Çünki həqiqətən bura üçün darıxacağıma əminəm. Azərbaycanda çox gözəl xatirələrim var. Bakı mənim üçün çox dəyərlidir.

- Biz sizi çox sevirik və hər zaman Azərbaycanda yaşamağınızı istəyirik.

- Çox sağ olun. Sözün əsl mənasında qardaş ölkədə yaşadığımı hiss etdim.

- Azərbaycan xalqını necə xarakterizə edərsiniz?

- Əslində, insanlar hər yerdə eynidir. Sadəcə, mədəniyyətimiz fərqlidir. Mən Türkiyə, Azərbaycan və başqa ölkələrdə xanımların daha ön planda olmasını istəyirəm. Təbii ki, Azərbaycanda bu mövzuda hər gün daha da inkişaf gedir. İşləyən qadınlar çoxdur və Azərbaycan qadını inkişaf etdikcə ölkə daha da gözəl olacaq.

- Azərbaycan xalqının hansı xüsusiyyəti xoşunuza gəlir?

- Ən çox sevdiyim xüsusiyyət mehriban olmaqlarıdır. Müasir ölkələrdə insanlar yalnızlaşmağa başlayıblar. Amma burada sevgi və hörmət hələ də yaşayır.

- Ailə üzvlərindən kənarda yaşamaq çətindir. Doğmalarınız üçün darıxırsınız?

- Əlbəttə ki, yaxınlarım üçün darıxıram. Amma mən 17 yaşımda ailəmdən ayrılıb, təkbaşıma yaşamağa başladım. İndi anam mənimlə yaşayır. Dünyanın hər yerində çoxlu dostlarım var. Amma özümü burada yad hiss etmirəm.

- Bir neçə xarici ölkədə yaşamısınız. Bir ölkədə davamlı yaşamaq sizi qorxutmur ki?

- Xeyr, qorxutmur. Məni qorxudan insanların müharibələrə öyrəşməsidir.

- Azərbaycan dilində danışa bilirsiniz?

- Azərbaycan dilində çox gözəl başa düşürəm, amma yaxşı danışa bilmirəm. Həyat yoldaşım və oğlum çox yaxşı danışırlar. Oğlumla danışsanız, türkiyəli olduğunu bilməzsiniz. İngilis məktəbinə gedir, amma Azərbaycan uşağı kimi Azərbaycan dilində danışır.

- Oğlunuzun gələcəkdə sizin, yoxsa həyat yoldaşınızın sənətini davam etdirməsini istərdiniz?

- Oğlum hansı sahədə fəaliyyət göstərəcəyini özü qərar verəcək. Amma deyir mahnı oxuyan həkim olmaq istəyir (gülür).

- Azərbaycan ailə modeli xoşunuza gəlir?

- Azərbaycan ailə modeli çox gözəldir. Amma bir az ananın uşağın təhsilində nənələrdən daha çox aktiv olması daha yaxşı olardı. Uşağa görə ən böyük məsuliyyəti ana daşıyır. Kişinin də uşaq təhsilində qadın qədər aktiv olması daha gözəl olar. Hollandiyada uşaqları məktəbdən analar qədər atalar da götürür. Amma burada daha çox anaları görürəm.

- Tək övladı, adətən, ərköyün böyüdürlər. Sizdə vəziyyət necədir?

- Hər şeydən öncə övladımın yaxşı insan olması üçün əlimdən gələni edirəm. Tək uşaq olmağın müəyyən çətinlikləri var. Tez-tez dost axtarmaq məcburiyyətində qalırıq. Uşağımı çox azad böyüdürəm. Bu, mənim daxilimdən gəlir. Yəni tək uşaq olduğu üçün etmirəm. Ərköyünlük hər uşağın haqqıdır.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər