Yazıçı-filosof Əlisa Nicat əməkdaşımız Dilqəm Əhmədin İstanbuldan ona ünvanladığı ikinci məktuba cavab yazıb.
Teleqraf.com Ə.Nicatın ikinci cavab yazısını təqdim edir:
***
MƏMƏ DEMƏYƏNƏ PƏPƏ VERİLMİR
Canım, gözüm Dilqəm Əhməd!
İkinci məktubunu da aldım, diqqətlə, məmnuniyyətlə oxudum. Bu arada, elə həmin gün Riçard Kapuşinskinin kitabına da nəzər saldım.
Məsələ R.Kapuşinskinin siyasi xülasəsindəki nəticələrdən çox-çox qəliz və mürəkkəbdir. Polyak təhlilçisi proseslərin dərinliklərinə gedə bilməyib, hadisələri İran islam inqilabının baş verməsi ilə izah etməyə çalışır. İranda şah rejiminə qarşı hərəkat və Xomeyninin Tehran aeroportunda 2-3 milyon insanın qarşılanması mərasimi ilə başa çatan hadisələri inqilab kimi də yozmaq olar. Lakin bu,inqilab deyildi.
Gəlin, SSRİ-nin dağılmasından sonra XX əsrin bu ikinci nəhəng qlobal-siyasi zəlzələsinin köklərinə və inkişaf mərhələlərinə nəzər salaq.
İranda çevriliş - Xomeyni və digərlərinin asanlıqla qəsb etdiyi, özlərinin inhisarına aldığı, xalqın ümumiyyətlə şahənşah rejiminə qarşı qızışan etiraz sunamisini məharətlə yəhərləyib və hakimiyyətə gəlməsi nəticəsində baş verdi.
Əhvalat belə olmuşdur:
O vaxt İranın 30 milyona qədər fars və 30 milyona qədər də türk əhalisi antidemokratik, mürtəce, riyakar bir şəxsin heç bir hədd və çərçivə bilməyən özbaşınalığından cana doymuşdu. Ölkənin böyük gəlirləri tamamilə şah və onun böyük ailəsi və qohum-qardaşlarının əlində cəmləşmiş və azərbaycanlılar da öz elementar milli hüquqlarına qoyulan amansız qadağadan təngə gəlmişdi.
Yəni, hətta şahın məddahları belə, bərk ayaqda onu güdaza verməyə hazır ikən, ölkədə nə baş verdi?
R.Kapuşinski bunları bilmir, ayrı-ayrı daxilən narazı, zahirən isə şahpərəst İran ədəbi elitasının nümayəndələrinin tərəddüd və ikiüzlülüyündən konkret misallar gətirərək əsas hərəkətverici qüvvələri nəzərdən qaçırır. Bu qüvvələr İran hadisələrində həm də həlledici kütlə olan məhz Azərbaycan türkləri idi. Və sonrakı həlledici hadisələrin də əsas qurbanları, bayraqdarı və kütləsi onlar idilər. Şah və onun rejimini də yıxan və Xomeyni və ayətollaları hakimiyyətə gətirən də onlar oldu. Kapuşinski ya bunları bilmir, ya da göz yumur. Belə ki, onun əsərində hadisələrin tonqalına od vuran azərbaycanlılardan və 11 sentyabr 1978-ci il Təbriz üsyanından bir kəlmə də danışılmır.
Bəs şahənşahın, mənim bu yalançı və saxta qəhrəmanım Məhəmməd Rza Pəhləvinin səhvi nədə oldu? Həm də bu, bir səhv deyil, səhvlər silsiləsi idi.
Birincisi, şah İranda ağ inqilab adı ilə şiəliyə müharibə elan etdi. Bu münasibətlə o, məşhur çıxında demişdi: “Məqsədim İranda sosializmin və şiəliyin kökünü kəsməkdir.”
Sosializmi elə-belə, ABŞ-a və Qərbə xoş gəlmək üçün deyirdi. Çünki İranda heç bir real sosializm inqilabı təhlükəsi yox idi. Hərçənd ki, ayrı-ayrı solçu-kommunist nüsxələr vardı ki, onlardan biri də fars millətindən olan və 1958-ci ildə edam edilən Xosrov Ruzbeh idi.
Bəs şah niyə şiəliyi yox etmək istəyirdi?
Sadəcə ona görə ki o, Əhəməni və Sasani imperiyalarının pərəstişkarı idi və onların ənənəsini və ideologiyasını bərpa etmək istəyirdi. Elə həmin illərdə Əhəməni imperiyasının 1500 illiyini təntənəli nümayişlərlə bayram etməsi bunu sübut edir.
İkincisi, şah nominal olsa da, İranda ikinci bir qüvvənin nüfuz və təsirinə dözə bilmirdi.
Və SSRİ-nin səssiz, ABŞ-ın isə razlığı ilə şiəlik və onun təmsilçiləri olan ayətolla və məscid imamlarını ilə və eləcə də məscidlərin özləri ilə haqq-hesab çəkməyə başladı.
Lakin iradəsiz bir monarx olduğuna görə işə qətiyyətlə girişmədi. Bir neçə məscidi bağlatsa da, beş-altı molla və ayətollaları aradan götürsə də, qəti addımlar atmadı. Xomeynini məhv etməyib İraqa mühacirətə getməsinə imkan verdi. Halbuki, böyük və sadiq ordusu, çoxlu polisi və nəhayət, itdən də sədaqətli SAVAKı olmasına baxmayaraq yumşaq və xoşagəlməz əməllərə əl atdı. Adamları yandırmaq, bişirmək və s. Bunlar lazım deyildi. SSRİ-də olduğu kimi sürətlə və kütləvi terror lazım idi. Molla tayfası yox olsaydı və yalnız ona sadiq olan dəfn mərasimi mollalarını saxlasaydı, məsələ həll olunar və xalq da qoxub səsini çıxarmazdı. Özü də bir şərtlə: İran ordusunun əsas zabit heyətini təşkil edən azərbaycanlılara mədəni muxtariyyət versəydi.
Dilqəm, əzizim, 10-15 il qabaq ABŞ-ın İsrailin təkidi ilə İrana qoşun yeritmək planı vardı. Lakin yerinə yetirilmədi. Bilirsənmi niyə? Onlar Xomeyni rejimini dəyişib vətəndaş, demokratik hakimiyyət yaratmaq istəyirdilər. Ancaq bunu həyata keçirmək üçün hər hansı bir ölkədə kiməsə, hətta xalqa olmasa da, güclü bir qüvvəyə stavka, yəni arxayın olmaq, istinad etmək lazımdır. Liviyada da belə oldu. Xalq Qəzzafidən üz çevirdi. ABŞ-a İranda etibarlı qüvvə lazım idi. Bu qüvvə isə yalnız qaşqaylar idi. Amma bu plan baş tutmadı. Şah əgər dediyim kimi etsəydi, azərbaycanlıları ən azı neytrallaşdırsaydı, Təbriz qığılcımı da baş tutmaz, Xomeyni də İrana qayıda bilməzdi, üstəlik bir qatil də göndərib onu ya İraqda, ya ya Fransada qətlə yetirə bilərdi.
Şahın ən axmaq hərəkətlərindən biri də o oldu ki, İranı müvəqqəti tərk edərkən aeroportda onu yola salmağa gələn öz generallarına belə dedi: “Salın ordunu xalqın üstünə. Qoy o ki var bir-birlərini qırsınlar” .
Bir general bu sözləri cibindəki diktofona yazdı və ertəsi gün həmin sözlər dönə-dönə televiziyada və radiolarda bütün İrana yayıldı. Bunu eşidən ordu zabit və əsgərləri şahdan üz döndərdilər.
Lakin Xomeyni yenə İrana gəlib rahatca taxt-taca (əlbəttə, atributlarsız) sahib ola bilməzdi. Əgər onun azərbaycanlıların mənəvi lideri ayətolla Şəriət Madəriyə verdiyi mədəni muxtariyyət haqda vəd olmasaydı. O, qayıtdıqdan sonra Azərbaycan türklərinə həmin mədəni muxtariyyət vədinə əməl etdi. Amma CƏMİ BİR İL. Azərbaycanlılar bir il öz dillərində nə istəyirdilər yazdılar və çap etdirdilər.
Bir il sonra isə Xomeyni sözünü dəbbələdi. Şəriət Madəri ondan azərbaycanlılara mədəni muxtariyyət, ana dilində məktəblər sistemi tələb edəndə Xomeyni baş barmağını sonrakı barmaqlarının arasından keçirib onun burnuna soxdu. Bundan hirslənən Madəri dedi:
- Sabah milyonlarla azərbaycanlıları ayağa qaldıracağam.
Xomeyni dedi:
- Buyur, mən də rusları çağırıb hamınızı tankların altında xəşil elətdirəcəyəm.
Ruslar da buna hazır idilər.
Madəri bunu eşidib susdu.
Və bir müddət sonra qatillər gəlib onu öz evində qətlə yetirdilər.
İranın son dövrlərdəki tarixi - Məhəmməd Rza Pəhləvinin süqutu, Xomeyninin və ayətollaların hakimiyyətə gəlməsinin tarixi belədir.
Soruşursan ki, bəs bunun sonrası, bu riyakarlıq səltənətinin axırı olacaqmı? Olacaqsa, bəs nə cür? Məsələ belədir ki, nə qədər ki, Rusiyada Putin var, ayətollalara zaval yoxdur. Putin olmasaydı, azərbaycanlıların “Viva la morte” (“yaşasın ölüm!”) şüarları ilə küçələrə axışıb “məhv olsun molla rejimi” çığırması lazımdır. Küçələrə axışmaq - var, lakin dediyim şüarlar yoxdur. Təşəbbüsü mollaların əlindən alıb oları kafirlikdə, dinsizlikdə, ateistlikdə ittiham etmək lazımdır.
11 sentyabr 1978-ci ildə Təbriz küçələrində olduğu kimi bütün Cənubi Azərbaycan şəhərlərində ölümə getmək lazımdır. Əgər Xomeyni yolunda bu qədər azərbaycanlı öz canını qurban verirsə, bəs azadlıq və istiqlaliyyətləri uğrunda niyə qurban getməkdən qorxurlar? Çıxış yolu budur. Bundan başqa yol yoxdur. Heç bir Avropa ölkəsi, ABŞ və ya BMT qətnamə qəbul edib onlara heç gün vaxt ağlamayacaq. Afrikanın bütün müstəmləkə ölkələri də illərlə əllərində silah ingilis, fransız, portuqal orduları ilə vuruşandan sonra BMT onların müstəqilliklərini tələb etdi.
Kapuşinskinin dediyi ABŞ prezidenti Cimmi Karter şahdan heç nə tələb etmirdi. ABŞ şah İrandan qaçana qədər daim ona dəstək olmuşdu. ABŞ o zaman İranda demokratik rejim tərəfdarı olduğunu bildirdi ki, artıq iş-işdən keçmişdi. Xomeyni İrana gəlib yeni şahənşah olmuş, ABŞ səfirliyini də mühasirəyə alıb oradakıları girov götürmüşdülər.
R.Kapuşinski əsas prosesləri görməyib, görünəni görməyib, gözəgörünməz detallara, xırdalıqlara girişib.
BİR SÖZLƏ, MƏMƏ DEMƏYƏNƏ PƏPƏ VERİLMİR.
Sənin sevimli müəllimin və dostun
Əlisa NİCAT
P.S. Əzizim Dilqəm, gör bu ayətollalar nə qədər mənfur və həyasızdırlar ki, 40 milyonluq aəzrbaycanlıları nə qədər adam yerinə, hətta it yerinə saya almırlar ki, gündüz-günorta çağı açıq-aşkar Azərbaycan ərazisinin 20 faizini işğal edib bir milyon insanı didərgin salan murdar-kafir erməniləri anadangəlmə qardaşları elan edib onlarla öpüşürlər. Bizimkilər də qulaqlarını salladıb ya qulaq asır, ya da küçələrə axışıb anqıra-qanqıra: “türkün dili var olsun, istəməyən kor olsun” – deyə bağıraraq guya böyük qəhrəmanlıq göstərmiş olurlar. Tehranda 5-6 milyon azəri türkü var. Küçələrə axışıb anqırmaq əvəzinə, dövlət saraylarını partlatmaq lazımdır.