6 Fevral 2017 14:52
2 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Musiqili Teatrda “Mənim günahım” tamaşasının premyerası keçirilib.

Teleqraf.com xəbər verir ki, xalq yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi və dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin ölməz musiqiləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlovadır.

Sevgi haqqında pritça olan balet-tamaşa minimalizm üslubunda səhnələşdirilib. Əsər sənətini sevən, bütün varlığıyla sənətə bağlı olan Nurcahan adlı bir qadının faciəsindən bəhs edir. Nurcahan balerinadır. Yaşlandıqca səhnə üçün gərəksiz olur. Amma bunu həzm edə bilmir. Çünki hadisələr elə bir formada cərəyan edir ki, Nurcahan nəinki səhnəni, həm də sevimli əri Sahibi itirə bilər. Əslində, Sahib onu məhz səhnədə bəyənib, ilk növbədə sənətkar kimi sevib. İndi isə elə bir məqam yetişib ki, səhnədə Nurcahanı əvəzləyən Ayqız həm də Sahibin ürəyinə sahiblənməkdədir...

Tamaşada rolları xalq artisti Şükufə Yusupova, əməkdar artist İlham Hüseynov və balet artisti Cəlalə Novruzlu ifa edirlər.

Tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysteri Yelena Ağayeva, quruluşçu rəssamı Gəncə Dövlət Dram Teatrının rəssamı Elnur Axundov, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur.

Tamaşanın növbəti təqdimatı fevral ayının 9-da olacaq.

Nərmin


Müəllif:

Oxşar xəbərlər