Rejissor Elvin Mirzəyevin quruluş verdiyi “Arşın mal alan” tamaşası mart ayının 10-da Musiqili Teatrın səhnəsində nümayiş olunacaq. Teatrın yaydığı informasiyaya görə, “Arşın mal alan” bir sıra gənc aktyorun ifasında tamaşaçılara təqdim ediləcək.
“Teatr təmirə bağlanandan sonra tamaşa oynanılmadı”
Tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev Teleqraf.com-a açıqlamasında “Arşın mal alan” tamaşasının bərpası barədə öncədən xəbərsiz olduğunu və onun səhnə həllində təhriflərin ola biləcəyindən narahatlığını dilə gətirib: “Səkkiz il öncə teatrın direktoru Əliqismət Lalayev əsərə quruluş vermək üçün məni dəvət etdi. 100-cü teatr mövsümünün açılışını məhz “Arşın mal alan” tamaşası ilə açmaq istəyirdilər. Həm teatr tənqidçilərinin, mütəxəssislərinin, həm də nazirliyin nümayəndələrinin iştirak etdiyi təqdimatda tamaşa böyük yekdilliklə qəbul edildi. İlk tamaşa sentyabrın 18-i 2009-cu ildə oynanıldı. Daha sonralar da uğurla nümayiş olundu.
Üzeyir Hacıbəyli novator şəxsiyyət idi. Ona görə əsəri müasir dövrdə tamaşaçılara təqdim etmək böyük məsuliyyət tələb edirdi. Tamaşanın bu quruluşu böyük rezonansa səbəb oldu. Əlbəttə, onların içərisində tənqidlər də var idi. Tamaşa bir il nümayiş olundu, daha sonra teatr təmirə bağlandı. Dekorlar iri olduğuna görə onu Dənizçilər Klubunda oynamaq mümkün deyildi.
Teatrın binası istifadəyə verilməmişdən öncə direktorla tamaşanın bərpası ilə bağlı söhbətlərimiz olub. Amma o zaman mən “Əli və Nino” filmi üzərində işləyirdim. Sadəcə, direktor məsələnin üzərində dayanmadı. Yəni bilavasitə tamaşanın bərpası ilə bağlı danışığımız olmadı”.
“Zərbə altında qalan tamaşaçıdır”
Rejissorun sözlərinə görə, yeni nümayiş barədə xəbəri mətbuatdan oxuyub: “Xəbəri mətbuatdan oxudum və bu, mənə gözlənilməz təsir bağışladı. Tamaşa dilsiz, ağızsızdır, o, özü barədə xəbər verə bilmir. Onun da müdafiəyə ehtiyacı var. Mənim üçün önəmli olan tamaşaçıdır. Son nəticədə zərbə altında qalan məhz o olur.
Sovet dönəmində, elə indi də tamaşalarda hansısa dəyişikliyə görə tamaşaçılar teatra gəlmirlər. Aktyor dəyişdikdə tamaşaçıların etirazına görə biletlər də qaytarılıb. Bu kimi hadisələr çox olur”.
“Rejissorla razılaşdırılmalıdır”
“Rejissor olaraq olanlardan xəbərim olmalı idi. Çünki quruluşun toxunulmazlıq məqamı var.
Əgər bədii şura tamaşanı hər hansı quruluşda qəbul edibsə, demək bağlanana qədər o cür davam etməlidir. Və yaxud hansısa dəyişikliklər olacaqsa, bu rejissorla mütləq razılaşdırılmalıdır. İki tərəfdən biri bunu tövsiyə edir, bu ya qəbul olunur, ya da qəbul olunmur.
Bərpaçı rejissor Əhəd Hacıyevə böyük hörmətim var. Amma düşünürəm ki, bərpa zamanı hansısa təhrifə yol veriləcək. Rejissor hüquqlarımdan çıxış edərək etiraz etməyə haqqım çatır”.
“Altı ay təmənnasız teatra getdim”
Rejissor baş verən hadisə ilə bağlı narahatlığını Əliqismət Lalayevə bildirdiyini deyib: “Bir neçə ay bundan öncə başqa məsələ ilə bağlı teatra gedəndə giriş qapısında dayanan şəxslər məni tanımadılar, Əliqismət bəylə görüşmək istədiyimi deyəndə onlar direktorun hazırda teatrda olmadığını dedilər. Bu dəfə getmədim, narahatçılığımı mesaj vasitəsilə Əliqismət Lalayevə bildirdim. Amma qarşılığında heç bir cavab almadım. Belə başa düşdüm ki, daha bunu etməyə ehtiyac yoxdur.
Ola bilər vaxtı yoxdur. Aramızda da heç vaxt inciklik olmayıb. Tamaşanı təhvil verib hörmətlə ayrılmışam. Hər zaman da ona hörmət etmişəm.
2013-cü ildə teatrda gənclər studiyası fəaliyyət göstərməyə başladı. Direktor məni dəvət etdi və o studiya ilə yeni tamaşa hazırlamaq istədiyini bildirdi. Mən düşündüm ki, ilk tamaşamız məhz yeni əsər və myuzkl olmalıdır. İlqar Fəhmi, Firudin Allahverdiyevlə birgə işə başladıq. Altı ay təmənnasız teatra getdim, gənclərlə məşq etdik, amma yarımçıq qaldı. Dedilər müvəqqəti saxlayaq, yeni mövsümdə müraciət edərik, amma çağırmadılar. Sonra o studiyanın aqibətindən xəbərim olmadı.
Hətta bir neçə il əvvəl mövsümün açılışı ilə bağlı “Arşın mal alan”dan bir parça oynanılmalı idi. O zaman Əliqismət Lalayev bununla bağlı mənə müraciət etdi. Gəldim və məmnuniyyətlə aktyorlarla məşq edib, bir hissəni təqdim etdik. Ona görə başa düşə bilmirəm ki, niyə indi etika naminə olsa belə mənə məlumat verilməyib. Mənim imzamla təqdim edilən işin məsuliyyəti də cavabdehi də mənəm. Hər irada mən cavab verməliyəm.
İndiki halda narahatlığım başadüşüləndir. İnformasiyada adı çəkilən aktyor heyətinin əksəriyyətini tanımıram. Bəzi aktyorların da narahatlığı mənə çatıb”.
Rejissor mart ayının 10-da nümayiş olunacaq tamaşaya baxacağını deyib: “Əgər təhrif olunarsa, məhkəməyə müraciət edəcəm. Tamaşadan adımın çıxarılmasını tələb edəcəm”.
“Teatrın buna haqqı var”
Məsələ ilə bağlı Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat katibi Samir Sədaqətoğlu ilə əlaqə saxladıq. O, tamaşanın teatrın məhsulu olduğunu və Musiqili Teatrın “Arşın mal alan”ı bu dəfə yeni redaksiyada təqdim edəcəyini deyib: “Arşın mal alan” əsərini Elvin Mirzəyev 2009-cu ildə qoyub və əsər 2010-cu ilin noyabrına qədər teatrın repertuarında özünəməxsus yer tutub. 2010-cu ildə teatrımız təmirə dayanandan sonra bu tamaşa oynanılmayıb. Bildiririk ki, bu əsər teatrın məhsuludur və Musiqili Teatr “Arşın mal alan”ı bu dəfə yeni redaksiyada təqdim edəcək.
Təbii ki, teatrın buna haqqı var. Səhnə əsəri bərpa olunsa da, əvvəlki quruluşdan azca fərqlidir. Hazırkı redaksiyada bərpaçı rejissor Əhəd Hacıyevdir. Və o vaxt tamaşanın hazırlanmasında Elvin Mirzəyevə assistentlik etmiş Sevinc Məmmədova hazırda bərpa prosesində də iştirak edir və yenə də rejissor assistenti kimi tamaşanın bərpasına məsuldur. Tamaşada bir neçə rola yeni gənc ifaçı cəlb olunub. Amma martın 10-da 2009-cu ildə olduğu kimi yenə də əsas rollarda Əməkdar artistlər Əzizağa Əzizov, Nərgiz Kərimova, Əkbər Əlizadə, aktyorlar Ülviyyə Əliyeva, Mehriban Zalıyeva, Elxan İsmayılov iştirak edəcəklər.
O vaxt həmin tamaşada Vəli rolunun ifaçısı Səmədzadə Xasıyev isə bu dəfə Əsgər rolunda çıxış edəcək və təbii ki, o da tamaşaya yaxşı bələddir.
Əlbəttə, quruluşçu rejissor kimi Elvin Mirzeyevin adı qeyd ediləcək. O ki qaldı onun xəbərdar olmamasına əgər dostumuz telefonla mesaj yazırsa, mətbuata müraciət edirsə, deməli məsələdən xəbərdardır. Xəbəri ola-ola bunları eləməkdənsə gəlib bərpaçı rejissora kömək etsə, gənclərin nəzərdə tutulan rollara hazırlanmasında iştirak eləsə, daha yaxşı olar. Musiqili Teatrın qapıları hər zaman hamı kimi dostumuz Elvin Mirzəyevin də üzünə açıqdır”.
Nərmin Muradova