Aydın Dadaşov 1 mart 1952-ci ildə Ağdamda anadan olub. 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) iqtisad fakültəsini bitirib. 1980-ci ildə Leninqrad Dövlət Теаtr, Мusiqi və Kinematoqrafiya İnstitutunda (indiki Sankt-Peterburq Teatr Akademiyası) dram sənəti üzrə təhsil alıb. 1982-ci ildə Moskvada ikiillik ali rejissorluq və ssenari kurslarını bitirib.
Aydın müəllim Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Kinoşünaslıq» fakültəsinə rəhbərlik etdiyi dövrdə həm kollektivin, həm də tələbələrinin rəğbətini və sevgisini qazanıb. Onun yazdığı “Dramaturgiya”, “Ekran dramaturgiyası”, “Ssenari yaradıcılığı”, “Ekran publisistikası”, “Televiziya reklamı”, “Televiziya reklamı demokratiya və bazar iqtisadiyyatı kontekstində”, “Kinoşünaslıq”, “Rejissorluğun üslub problemləri”, “Müasir Azərbaycan dramaturgiyası” dərslikləri, “İran kinosunun inkişaf təmayülləri” monoqrafiyası tədris prosesində geniş istifadə olunur.
Ömrünün 42 ilini Azərbaycan kinosuna həsr edən Aydın müəllimin bu gün sevə-sevə izlədiyimiz onlarla filmin ərsəyə gəlməsində əvəzsiz xidmətləri olub.