Bu gün Nizami Kino Mərkəzində "Sara" filminin qala gecəsi keçirilib.
Teleqraf.com xəbər verir ki, təqdimatda millət vəkili Aqil Abbas, "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov, kinorejissor Elxan Cəfərov, Mirsadıq Ağazadə və digər incəsənət nümayəndələri iştirak ediblər.
Filmin rejissoru Elvin Əhmədov, ssenari müəllifi Fərəc Süleymanov, operatoru Ruslan Ağazadə, baş prodüseri Cəmil Cəfərovdur.
Filmdə xalq artisti Rasim Baleyev, əməkdar artistlər Qurban İsmayılov, Fuad Osmanov, Duyğu Dəvəli, Zarina Qurbanova, Cəmil Cəfərov, Elvin Əhmədov çəkilib.
Aqil Abbas vaxtilə ssenari müəllifi olduğu "Dolu" filminin Pələngi rolunda çıxış edən Elvin Əhmədovu təbrik edərək, ona gələcək işlərində uğurlar arzulayıb:""Sara" uğurlu filmdir, tamaşaçılar tərəfindən seviləcək, baxılacaq".
Ekran işinin 100 min manata ərsəyə gəldiyini etiraf edən Elvin Əhmədov ilk mənfi rolunu "Sara"da oynadığını da əlavə edib.
İlk dəfə filmdə baş qəhrəmanı canlandırdığını deyən Duyğu Dəvəli Rasim Balayevlə oynamaqdan qürur duyduğunu deyib: "Bu uşaqlıq arzum idim. Arzumun həyata keçməsinə vəsilə olduğu üçün rejissorumuza ömürboyu minnətdar olacam. Rasim Baleyevlə qarşılıqlı oynamaq böyük məktəb idi".
Filmin süjet xəttinə görə, həyat yoldaşı bir il əvvəl müəmmalı şəkildə rəhmətə gedən Saranı bir il sonra bir nəfər uzaqdan uzağa narahat edərək həyatını dəfələrlə təhlükə altına atır. Sara tanınan iş adamı Cavanşir Nəbiyevin gəlini olur. Qızı kimi sevdiyi gəlini Saranın dəhşət içində olduğunu görən Cavanşir onu qorumaq və Saranı narahat edən adamı ifşa edib zərərsizləşdirmək üçün yaxın dostu polkovnik Cəbrayılovun məsləhəti ilə ehtiyyatda olan hərbi kapitan Bəxtiyar Əliyevə şəxsən müraciət edir.
Nərmin
Fotolar Elçin Murad