Bunu Teleqraf.com-a teatrın mətbuat katibi Samir Sədaqətoğlu bildirib. Onun sözlərinə görə, mayın 21-də teatrda nümayiş olunacaq Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” iki hissəli musiqili komediyası Ağarəfi Rəhimovun 65 illiyinə həsr olunacaq.
O, 1952-ci il 9 may tarixində Bakı şəhərində anadan olub. 1972-ci ildə İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub və Rza Təhmasibin kursunda təhsil alıb. İlk səhnə fəaliyyətinə Şəki Dövlət Dram Teatrında başlayıb. 1977-1988-ci illərdə Azərbaycan Dövlət Musiqili Teatrında (o vaxtki Musiqili Komediya Teatrında) çalışıb.
1988-1996-cı illərdə Bakı Bələdiyyə “Tənqid Təbliğ” Teatrında işləyib. 1996-cı ildən yenidən Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyət göstərib və ömrünün sonuna qədər burada çalışıb.
“Bankir adaxlı”, “Bəydullanın möhtəşəm toyu”, “Əlin cibində olsun”, “92 dəqiqə gülüş”, “Nəgməli könül”, “10 min dollarlıq keyf” və s. tamaşalarda və “Üzeyir ömrü”, “Birisigün, gecəyarısı...”, “Evlənmək istəyirəm”, “İşarəni dənizdən gözləyin”, “Özgə ömür”, “Gülüş sanatoriyası”, “Qətl günü”, “Şirbalanın məhəbbəti”, “Yük”, “Kənddən gələn var”, “Yoxlama”, “Papaq” və başqa filmlərdə bir-birindən maraqlı rollarda oynayıb.
Ağarəfi Rəhimov 25 oktyabr 2005-ci ildə işə getməyə hazırlaşarkən ürək tutmasından vəfat edib.