Bu yaxınlarda Türkiyənin ən məşhur kitab kolleksiyaçılarından Tələt Öncü Feysbukda əldə etdiyi maraqlı bir kitabı paylaşdı. Bu kitab Azərbaycanın məşhur ədəbiyyatşünas alimi, maarifçi Firidun bəy Köçərlinin uşaqlar üçün yazdığı, 1912-ci ildə çap olunan “Balalara hədiyyə” kitabı idi.
Tələt bəyin kolleksiyasında olan bu kitabın ən önəmli cəhəti isə üstündə müəllifin imzasının və ithafının olması idi.
İthafda yazılıb: “Möhtərəm bəradərim Əhməd bəyə göndərirəm ki, onun əziz balaları bu kitabı oxuyub öz ana dillərini yadlarından çıxartmasınlar - Firidun Köçərli”.
Şuşadan Qoriyə
Firidun bəy 1863-cü il yanvar ayının 26-da Şuşa şəhərində doğulub. Akademik Bəkir Nəbiyevin yazdığına görə, atası Əhməd ağa Şuşanın ortabab bəylərindən idi. Bərdə yaxınlığındakı Əyricə kəndində onun xırda əkin sahəsi və tut bağı vardı. Ailəsi hər ilin qış fəslində Əyricə kəndinə gedər, baharın əvvəllərinədək orada yaşayardılar... Fars dilini yaxşı bilən Əhməd ağa Şərq klassiklərinin əsərlərini həvəslə mütaliə edər, Firdovsinin “Şahnamə”sindən bütöv fəsilləri əzbər deməklə həmvətənlərini heyran qoyardı.
Əhməd ağa oğlunu 1872-ci ildə Şuşada Mirzə Kərim Münşizadənin mədrəsəsinə qoyur. Firidun bəy dörd il bu mədrəsədə təhsil alır, 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olur.
1879-cu ildə isə Qoriyə gedir və imtahan verərək Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin hazırlıq sinfinə qəbul edilir. 1885-ci ildə buranı bitirir, İrəvan şəhərindəki gimnaziyada pedaqoji fəaliyyətə başlayır. 1890-cı ildə müəllim Səfərəli bəy Vəlibəyovla birlikdə Krıma – Bağçasaraya gedib İsmayıl bəy Qaspıralı ilə görüşür.
İrəvanı tərk etdikdən sonra yenidən Qoriyə qayıdan Firidun bəy 1895-ci ildən 1918-ci ilə qədər məzunu olduğu seminariyada dərs deyir. 1910-cu ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı təyin edilir. Onun təşəbbüsü ilə Qazaxda Müəllimlər Seminariyası açılır. 1918-ci ildən ömrünün sonuna kimi bu seminariyanın müdiri vəzifəsində çalışır.
Köçərli Gəncədə baş verən üsyan zamanı 20-ci diviziyanın hökmü əsasında həbs edilir. Erməni Sarkis Danilyanın diktəsi ilə onun haqqında verilən saxta hökmdə yazılır: “… Müttəhim Köçərlinski özünün hakimiyyətindən və böyük səlahiyyətindən istifadə edərək zəhmətkeş xalqa zorakılıq göstərmişdir. Köçərlinski Qazaxda millətçilik ehtiraslarını qızışdırmışdır, nəticədə qonşu millətlər arasında toqquşmalar baş vermişdir… Onun gələcəkdə azadlıqda qalması Qazax qəzasında əksinqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanlarının tökülməsinə səbəb ola bilər”.
Hökmü təsdiq edən imzanın altında isə “fövqəladə komissar H.Sultanov” yazılıb.
Hadisədən xəbər tutan Nəriman Nərimanov hökmün qarşısını almağa cəhd göstərsə də, buna nail ola bilmir. Köçərli güllələnərək qətlə yetirilir.
“Balalara hədiyyə”
Firidun bəyin ən məşhur əsəri “Azərbaycan ədəbiyyatı” olsa da, onun uşaqlar üçün yazdığı “Balalara hədiyyə” kitabı folklor nümunələrinin zənginliyi, dilinin gözəlliyi baxımından seçilir.
Abdulla Şaiq “Balalara hədiyyə” kitabı haqqında yazır: “Bizim el ədəbiyyatımız o qədər vüsətlidir ki, onu yazmaqla qurtaracaq şeylərdən deyil. Millətimizin istedad və məharəti – fitrilərinə və əhvali-ruhiyyəsinə aşina olmaq istəyənlər möhtərəm Firidun bəy Köçərlinin “Balalara hədiyyə” kitabçasından istifadə edə bilərlər. O, camaatımızın arasındakı nağıl, məsəl, tapmaca və şeirləri bir yerə toplamaqla körpələrimizə böyük hədiyyə etmişdir”.
Seyid Hüseyn isə “İqbal” qəzetinin 1913-cü il 23 may tarixli 366-cı nömrəsində “Balalara hədiyyə, yaxud “Qafqazda birinci kitab” adlı məqaləsində yazırdı: ““Balalara hədiyyə” kitabı cocuqların ruhuna azuqə verdiyi kimi, böyüklərimizin də cocuqluğunu və ondakı yaşayışını xatirinə gətirərək onlarda keçmişinə və millətinə qarşı bir istək və məhəbbət duyğusu ayıldır”.
Özü isə kitabı barədə bunları yazırdı: “Bu məcmuəni hər kəs oxusa – böyük, ya kiçik – onun qəlbi açılıb xəndan olacaqdır. Balalar şad olacaq bu səbəbə ki, onda dərc olunan əsərlərin cümləsi onların dünyasındandır”.
1912-ci ilin may ayında İsa bəy Aşurbəylinin “Kaspi” mətbəəsində çap olunmuş 102 səhifəlik “Balalara hədiyyə” kitabı iki hissədən ibarət olub, 75 kiçik həcmli didaktiki əsərləri özündə cəmləşdirib. Müəllif yaş səviyyəsinə müvafiq olaraq birinci hissəyə 49, ikinci hissəyə 26 didaktik mənzum parça, nağıl, hekayə, tapmaca, atmaca, sayaçı sözlər və başqa təlim-tərbiyə üçün zəruri olan mətnlər salıb. F.Köçərlinin ölümündən sonra bu kitab 1967-ci ildə ədəbiyyatşünas Bəkir Nəbiyevin tərtibi və redaktorluğu ilə yenidən çap edilib.
Əhməd bəy kimdir?
Bizim üçün ən önəmli olan isə Firidun bəyin ithafda qeyd etdiyi İstanbulda yaşayan Əhməd bəyin kimliyidir. Bu şəxs Firidun bəy üçün nə qədər doğma adam olmalıdır ki, Bakıdan kitabını imzalayıb İstanbula göndərsin.
Bizim fikrimizcə, bu şəxs 1909-cu ildə Azərbaycanı tərk edərək övladları ilə birlikdə İstanbula gedən Əhməd bəy Ağaoğludan başqası deyil.
Belə ki, “Difai” hərəkatının lideri olan Əhməd bəy təhlükənin artdığını hiss edib 1909-cu ilin ortalarında İstanbula gedir, həmin vaxt redaktoru olduğu “Tərəqqi” qəzetini Üzeyir Hacıbəyliyə əmanət edir. Əhməd bəyin mühacirət etməsinin səbəbini Üzeyir bəy bu cümlə ilə izah edib: “Bu yolda onun tək bir nəfər də olsun köməkçisi yox idi”. Osmanlı Əhməd bəy üçün yeni üfiqlər açır. Maarif müfəttişi, Süleymaniyyə kitabxanasının müdiri olur. İstanbul Darülfünununda dərs deyir, qəzetçilik fəaliyyətini genişləndirir, “Tərcümani-həqiqət” adlı qəzet nəşr edir, “Türk ocağı”nın qurucularından olur, 1912-ci ildə Afyon-Qarahisardan parlamentə deputat seçilir.
Qızı Sürəyya Ağaoğlu sonralar bu hadisə ilə bağlı maraqlı bir xatirəni əbədiləşdirir: “1908-ci il Hürriyyət ixtilalından sonra Əhməd bəy Fransada tanış olduğu İttihadçılara qatılmaq məqsədilə əsir bir Türk diyarından Türkiyəyə gedir. Sonra anama Türkiyədə qalmağa qərar verdiyini, məmləkətindən, ailəsindən ayrılmaq istəməzsə, Azərbaycanda qala biləcəyini, amma Humay bibim ilə bizlərin əmimlə İstanbula gəlməyimizi istədiyini yazır. İllər sonra atamın sənədlərini qaydaya salarkən, anamın atamın bu məktubuna cavabını tapdım. Çox şirin və qəti bir ifadə ilə “Sən haradasansa, mən oradayam, uşaqları da gətirirəm” deyə yazmış. Anam ömrü boyu atamın yanında oldu, onun siyasi həyatına dəstək oldu. Nehrunun həbsxanada yazdığı və mənə də verdiyi “Hindistanı kəşf” kitabını oxuyarkən onun güclü xanımını anama oxşatmışdım”.
Şübhəsiz ki, Firidun bəy Köçərli ilə dönəmin ən məşhur ziyalısı, siyasətçisi Əhməd bəy Ağaoğlu arasında münasibət var idi. Üstəlik hər ikisi də Şuşada doğulublar, biri-birilərini daha yaxından tanıyıblar. İmzalı kitabdakı qeyddən anlaşılır ki, Firidun bəy kitabı çap olunduqdan bir il sonra, 1913-cü ildə Əhməd bəyə göndərib. 1913-cü ildə isə Əhməd bəyin qızı Sürəyyanın 10 yaşı, digər qızı Tezerin (Təzəxanım) 6 yaşı, oğlu Səmədin 4 yaşı, digər oğlu Əbdürrəhmanın isə 5 yaşı vardı.
Yəni ki, “Balalara hədiyyə” Əhməd bəyin uşaqlarının yaşı üçün çox münasib idi. Uşaqlar artıq İstanbul türkcəsi ilə böyüyəcəklərinə görə Firidun bəyin də kitabını Azərbaycandakı türkcəni də öyrənmələri üçün Əhməd bəyin uşaqlarına göndərməsi ehtimalı yüksəkdir.