Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Vernisaj zalında əməkdar incəsənət xadimi, dizayner, ADMİU-nun Modelləşdirmə kafedrasının dosenti Fəxriyyə Xələfovanın tələbə və müəllim heyəti ilə görüşü keçirilib.
Teleqraf.com xəbər verir ki, ADMİU-nun prorektoru Validə Məmmədova, əməkdar incəsənət xadimi, Dünya Rəssamlıq Akademiyasının akademiki, Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müdiri, professor Arif Əziz və Rəssamlıq fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova açılışda F. Xələfovanın milli incəsənətə, Azərbaycan mədəniyyətinin və qədim irsinin xarici ölkələrdə təbliğinə verdiyi böyük töhfəni vurğulayıblar.
Qeyd edilib ki, F. Xələfova üçün hər bir obraz tərz, model, parça, rəng və ovqatın vəhdət təşkil etdiyi bütöv bir dünyadır. Dizayner öz işlərində bugünkü dəbin bütün əsas cizgiləri olan qadın incəliyi, sadəlik və təbiiliyi əks etditməyə çalışır. O, dəbdə ümumi tendensiyaları asanlıqla sezir, incəsənət tarixini, geyimin bədii tərzlərini yaxşı bilir. Dizaynerin modellərində Qərb və Şərqin idealları original şəkildə bir-birini tamamlayır.
“Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli nəşrin beynəlxalq arenada milli incəsənətin təbliğinə verdiyi böyük töhfəyə görə təsis etdiyi “Azərbaycanın qüruru” ordenini və fəxri diplomunu F. Xələfovaya təqdim edib.
F. Xələfova səmimi sözlərə və xidmətlərinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirib.
Görüşün əsas mövzusu ölkənin mədəni həyatında baş vermiş əlamətdar hadisə olub. Məlum olduğu kimi, dekabrın 5-də Sankt-Peterburqda Dövlət Ermitaj Muzeyinin direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Mixail Piotrovski və Azərbaycanın əməkdar incəsənət xadimi, ADMİU-nun Modelləşdirmə kafedrasının dosenti Fəxriyyə Xələfova arasında saziş imzalanıb. İlk dəfə olaraq azərbaycanlı dizaynerin işləri dekabrın 8-də Ermitajın Kostyum qalereyasının açılışında sərgilənib, sonra isə muzeyin fondunda yer alıb. “Şərq cazibəsi” kolleksiyasına daxil olan nadir Azərbaycan ornamentləri ilə bəzədilmiş iki paltar 2014-cü ilin dekabrında Parisdə "Oriental Fashion Show" Şərq geyimi festivalında nümayiş etdirilib. Onlardan biri 2014-cü ildə YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına salınmış milli kəlağayı yaylığının ornamentləri ilə bəzədilib və qiymətli daşlarla tikilib. Digəri isə mərkəzdə günəş və qeyri-adi rəng qamması ilə Qafqaz Albaniyası dövrünün geyim kompozisiyasını təqdim edir. Dizaynerin toy kolleksiyasından olan üçüncü paltar XIX əsr rokoko üslubunda yaradılıb. Üstəlik dekabrın 5-dən 9-dək “Ermitaj” otelində F. Xələfovanın kolleksiyasından nümayiş etdirilən libaslar ziyarətçilərin böyük marağına səbəb olub. F. Xələfova, həmçinin Dövlət Ermitajı və Vladimir Potanin Fondu tərəfindən təsis edilmiş Rusiyanın “İncəsənətə xidmət” ordeni ilə təltif edilib. Sankt-Peterburqda baş vermiş hadisələr haqqında Rusiya ictimaiyyəti və KİV tərəfindən böyük maraqla qarşılanan videoçarxlar və beynəlxalq podiumlardan kadrlar göstərilib.
F. Xələfova çıxışında diqqətə çatdırıb ki, gənclər arasında yaxşı zövqün formalaşdırılması və milli dəyərlərin təbliği müasir dizaynerlərin fəaliyyətinin başlıca istiqamətlərindən biridir. Qeyd edilib ki, muzey ekspozisiyasının tərkib hissəsinə çevrilən paltar qaçılmaz olaraq incəsənət əsərinə xass keyfiyyət qazanır.
Qonaqlara F. Xələfovanın “Şərq cazibəsi” və 2003-cü ildə Moskvada Mədəniyyət Günləri çərçivəsində uğurla nümayiş etdirilmiş “Ladies of Azerbaijan” kolleksiyalarından paltarlar təqdim olunub. İlk yerli ətriyyat istehsalçısı olan F. Xələfova, həmçinin özünün yeni məhsulunun nümunələrini təqdim edib. Tədbir gənclərin böyük marağına səbəb olub, F. Xələfova tələbələrin çoxsaylı suallarını cavablandırıb. (Trend)